Maliyyə amnistiyası:"Gəlirlərin tam leqallaşması üçün maliyyə amnistiyası labüddür”

8-05-2015, 12:01           
Maliyyə amnistiyası:"Gəlirlərin tam leqallaşması üçün maliyyə amnistiyası labüddür”
Azərbaycanda məmurların gəlir bəyannamələri təqdim etməsi mövzusu xeyli vaxtdır müzakirə olunur. Bu istiqamətdə bir çox qanun və qərarlar qəbul edilsə də, məsələ dalana dirənib.

Hətta ötən ilin fevralında rəsmi olaraq açıqlandı ki, Azərbaycan ümumi vergi bəyannaməsi tətbiqinə hazırlaşır. Amma maliyyə amnistiyası olmadan gəlirlərin bəyan edilməsinə keçmək olmaz. Bu barədə vergilə naziri Fazil Məmmədov bildirmişdi. “Bu, bir çox prosedurların hazırlanmasını tələb edən böyük layihədir. Gəlirlərin tam leqallaşması üçün maliyyə amnistiyası labüddür”, deyən nazir əlavə etmişdi ki, rəhbərlik etdiyi qurum vətəndaşlar üçün ümumi bəyannamə sisteminin tətbiqi üçün işlər görür.
Xatırladaq ki, hələ 1992-ci ilin yayında o vaxtki prezident Elçibəy maliyyə amnistiyası elan etmişdi. Amma aktın fəaliyyətinin monitorinqi aparılmamışdı.
Bəzi ekspertlərə görə, maliyyə amnistiyası vergi intizamı və vergidən kütləvi yayınmanın qarşısını almaq üçün zəruri addımdır. Qanunsuz, gizlədilən gəlirlər leqallaşdırılmadan bu məqsədə çatmaq olmaz. Ekspertlərə görə, məsələ burasındadır ki, hansı formada amnistiya tətbiq ediləcək, yəni hansı gəlirlərə tətbiq olunacaq. Beynəlxalq praktikada isə müxtəlif yanaşmalar var. Bir çox hallarda o, sahibkarlıq subyektlərinə və dövlət vəzifəsi olmayan vətəndaşlara tətbiq edilir. Maliyyə amnistiyası dövlət qulluqçularına və cinayət yolu ilə əldə edilən qazanclara tətbiq edilə bilməz.
Xatırladaq ki, 2012-ci ildə məmurların gəlir bəyannamələrinin elektron formada tətbiq edilməsi üçün başqa bir fərman da verilib. Fərmandan sonra güman olunurdu ki, artıq 2014-cü ilin yanvar ayının 1-dən artıq məmurlar elektron formada gəlir bəyannamələri təqdim edəcəklər. Amma buna rəğmən hələ də məmurlar üçün gəlir bəyannamələrinin tətbiq edilməsi mümkün olmayıb”.
Müəyyən ekspertlər bu məsələnin tətbiqində Maliyyə Amnistiyası ilə yanaşı başqa bir problemin də olduğunu vurğulayırlar. Onların dediklərinə görə, gəlirlərə və əmlaka amnistiya tətbiq etdikdən sonra məmurların və iş adamlarının vəsaitinin və əmlakının uçotu aparılmalıdır. Həmçinin, bütün məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan nəzarət sistemi də yaratmaq lazımdır. Praktiki olaraq, indiki halda bir sıra nüfuzlu məmurların gəlirlərinə nəzarət etmək mümkün deyil. Yəni bəlkə də elə bu üzdəndir ki, hökumət gəlirlərin bəyan edilməsi mexanizminin tətbiqindən çəkinir.
Bəzi dairələrdə isə belə düşünürlər ki, məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması və ona xüsusi səlahiyyətlərin verilməsi vacibdir. Postsosialist ölkələrin təcrübəsi göstərir ki, belə bir nəzarət üçün heç bir nazirliyə, dövlət qurumuna bağlı olmayan xüsusi komissiyanın yaradılması vacibdir. Çünki bununla bağlı hansısa nazirliyə bağlı qurum yaratdıqda, ona təsir etmək imkanları artır. Həmin komissiyaya dövlət məmurları ilə yanaşı cəmiyyətdə böyük nüfuzu olan ictimaiyyət nümayəndələrini də daxil etmək lazımdır.
“Unikal”a daxil olan məlumatda hökumətə yaxınlığı ilə bilinən bir sıra mütəxəssislərin, ekspertlərin sözügedən qurumun yaradılması üçün təklifləri artıq bir müddətdir səsləndirdikləri deyilir. İddialara görə, hökumət çevrələrində də haqqında danışılan qurumun yaradılmasına pozitiv yanaşanlar az deyil.
Bu isə məmurları gəlir bəyannamələri təqdim etməyə məcbur edən və onların doğru olub-olmadığını yoxlayan xüsusi qurumun yaradılması ehtimalını qüvvətləndirir. Kənar müşahidəçilərin bir qisminə görə, həmin xüsusi qurumun yaradılmasına mane olmağa çalışan məmurlar az olmayacaq. Çünki onlar həmin qurum fəaliyyətə başlayacağı halda özlərinin çətin vəziyyətdə qalacaqlarını, maddi baxımdan “nokaut”a düşəcəklərini yaxşı bilirlər.
Bununla belə, ölkənin gəlirlərinin azaldığı bir vaxtda korrupsiyanın miqyasının daraldılması, bunun üçünsə vəzifəli şəxslərin gəlir bəyannamələri təqdim etməsi şərtdir. Yəni dövlət maraqları baxımından olduqca zəruri sayıla biləcək addımın atılmasından çəkinmək lazım deyil, baxmayaraq ki, bu kimlərinsə şəxsi qazancını təhlükə altında qoyacaq.
Unutmaq olmaz ki, dövlətin və xalqın maraqları hansısa məmurun mənfəətindən daha yüksəkdə dayanır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.