Yasamal məzarlığı: məlum naməlum və yaddan çıxmış əsgərlər

9-05-2015, 22:05           
Yasamal məzarlığı: məlum naməlum və yaddan çıxmış əsgərlər
Bakının mərkəzində yerləşən bu qəbristanlıqdakı məzarlardan bəlkə də çoxlarınızın xəbəri yoxdur. Söhbət Yasamal qəbiristanlığında yerləşən, sözün əsl mənasında kimsəsiz məzarlardan gedir. Burada təqribən 200-ə yaxın qəbir var. Çoxu rusdur. Bakı rusları deyil, müharibə zamanı yaralanıb Bakıdakı xəstəxanalara yerləşdirilmiş və elə oradaca vəfat etmiş rus əsgərlərdən gedir söhbət. Əslində belə ehtimal olunur. Çünki onlar haqqında dəqiq məlumat ala bilmədik. Veteranlar Şurasında bizi yönləndirdikləri Yasamal rayon Veteranlar Birliyinin sədri Almaz Qasımovanın da o məzarlıq haqqında məlumatı elə bizimki qədərdi. Əlavə heç bir məlumat verə bilmir.

El arasında bura “rus qəbristanlığı” deyilir. Sağdakı 157 qəbirin üstü yenidən götürülüb.

Məzarların arasında gəzir, bilmirəm nədəndirsə, ən cavanını axtarıram. Əksinə, qocasına rast gəlmirəm. Buradakıların əksəriyyətini ölüm müharibənin ən qızğın illərində, onlarınsa ömrünün ən bahar çağında – cəmisi 23 - 25 yaşlarında haqlayıb. Müxtəlif yerdə, müxtəlif illərdə doğulmuş bu insanları indi bir şey birləşdirir: Müharibə və Yasamal qəbiristanlığı.

Məzarlıqda bizdən başqa daha 2 nəfər də vardı. Qələbənin 70-ci ildönümü münasibəti ilə qəbiristanlıqdakı ağacların dibini belləyir, ətrafındakı dəmir çərçilər təkrara rəngləyirdilər.

Deyəsən, buranın ziyarətçisi də olmur. Ancaq 9 mayda, Qələbə Günündə yada düşür buralar. Bir qəbrin üstü isə tamam dağılıb. Toz-torpaq arasında sadəcə qırıq başdaşısı görünür.
Naməlum əsgər! Öz vətəni, mübarizə apardığı torpaq uğrunda şəhid olmuş, kimliyi bilinməyən əsgər! Sovetlər dönəmində müharibədə həlak olmuş Naməlum Əsgər üçün demək olar ki, bütün şəhərlərdə abidələr ucaldılmışdı. Öz oğullarını itirmiş milyonlarla ana hər il mayın 9-da bu abidələrlə təsəlli tapırdı. Və istisnasız olaraq, bütün abidələrin üzərində bu sözlər yazılmışdı:
“Sənin adın məlum deyil. Sənin igidliyin ölməzdir”. Bu gün Yasamal qəbirstanlığında uyuyan, adları məlum olan və olmayan bu qəhrəmanlar kimi!!!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.