Polkovnik qazi intiharları ilə bağlı HÖKUMƏTİ UYARDI: - "Reklam xarakterli tədbirlərdən çəkinmək lazımdır, bəziləri hələ də vəziyyətin ciddiliyini anlamır"

14-07-2022, 18:43           
Polkovnik qazi intiharları ilə bağlı HÖKUMƏTİ UYARDI: -
"İnsanlar yaxın silahdaşlarının ölümünü görüb psixoloji sarsıntılar keçiriblər. Cəmiyyətdə biganəlik hiss edəndə, problemlə üzləşəndə özlərini təklənmiş sayıb özünəqəsdə əl atırlar. Hökumət bu duruma təcili müdaxilə etməlidir".
TEREF xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov Bakupost.az -a açıqlamasında bildirib.
Ekspert hesab edir ki, qazilər arasında özünəqəsd hallarınln qarşısının alınması üçün dövlət qurumlarının hərəkətə keçməsi zəruridir:
"Bu insanlar müharibə keçib və zədə alıb. Onların cəmiyyətə adaptasiyası üçün addımlar atılmalıdır. Biz sadəcə faktları sadalaya-sadalaya gedirik. Sabirabad, sonra Xaçmaz, ondan sonra başqa rayon. Tarixdə bu cür xeyli hadisələr olub. Vyetnam, İraq, Əfqanıstan, SSRİ dönəmində Çeçenistan müharibələrindən sonra bu müharibədə iştirak edənlər cəmiyyətə uzun müddət adaptasiya oluna bilməyiblər, özünəqəsd halları baş verib. Ona görə də hökumət təcili tədbirlər görməlidir. Məsələ 36 nəfərlə yox, 136 nəfərlə də yekunlaşan deyil. Bunu heç bir şəkildə sabaha saxlamaq olmaz. Bütün qüvvələr səfərbər olmalıdır. Müharibədən 2 ilə yaxın vaxt keçib. 36 nəfər igid düşmən gülləsindən yox, məmurların diqqətsizlik və qayğısızlığından həyatını itirib. Bunun davamı gələcək. Getdikcə say artır. Son hadisə hər kəs üçün həyəcan təbili olmalıdır".
Ü.Cəfərov icra orqanlarının məsələ ilə bağlı açıqlamalarına da münasibət bildirib:
"Onlar öz açıqlamaları ilə bilgisizlik və səriştəsizliklərini göstərirlər. İnsanları çaşdırmasınlar. Vəziyyətin gərginliyini başa düşmək istəmirlər. Bu proses davam etsə, ağır vəziyyətlə üz-üzə qalacağıq. Reklam xarakterli tədbirlərdən çəkinmək lazımdır. Bəziləri hələ də vəziyyətin ciddiliyini anlamır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.