“Taxıl dəhlizi” ilə bağlı yeni xəbər: Hər gün bir gəmi...
2-08-2022, 15:53

İlk taxıl gəmisi Ukraynadan yola düşdükdən sonra hər gün Odessadan bir gəminin çıxacağı gözlənilir.
Ukrayna tərəfindən yayılan açıqlamada, daşınmanın gündə üç gəmi ilə məhdudlaşdırılacağı və aylıq ixrac edilən məbləğin 3 milyon tonu keçməyəcəyi bildirilib.
Cebhe.info xəbər verir ki, dünən “taxıl dəhlizi” müqaviləsi çərçivəsində ilk gəmi Odessadan ayrıldıqdan sonra yüksək vəzifəli türk rəsmisi taxıl dəhlizi müqaviləsinin qüvvədə olduğu müddətdə hər gün bir taxıl gəmisinin Ukrayna limanlarını tərk etməsini gözlədiklərini deyib.
“Refinitiv Eikon” məlumatlarına görə, Livana 26.527 ton qarğıdalı daşıyan “Razoni” adlı gəmi dünən gecə saat 21:00 radələrində Dunay deltasında olub.
Gecə yarısı İstanbulun şimalındakı lövbər bölgəsinə gəlməsi gözlənilən “Razoni” sabah Türkiyənin ərazi sularında yoxlanılacaq.
Qeyd edək ki, Rusiyanın fevralın 24-də başlayan işğalı nəticəsində dünyanın əsas taxıl istehsalçılarından olan Ukraynanın ixracı dayanıb.
Tədarükün daralması nəticəsində taxılın qiymətinin artması bütün dünyada, xüsusən də kasıb ölkələrdə problemlər yaratdı. Türkiyə və BMT-nin vasitəçiliyi ilə iki həftə əvvəl Rusiya ilə Ukrayna arasında “taxıl dəhlizi” sazişi imzalanıb.
Yüksək vəzifəli bir türk rəsmisi “Reuters” agentliyinə Odessa və razılaşmaya əsasən Ukraynanın digər iki limanına istinad edərək, "Odessadan hər gün bir gəminin çıxması planı var. Hər şey yolunda gedərsə, bir müddət hər gün bir gəmi ilə oradan ixracat həyata keçirilcək”, - deyib.
Ukrayna: “Gündə 3 gəmi ilə məhdudlaşacaq”
Adının açıqlanmasını istəməyən rəsmi, “Razoni”nin gedişinin "texniki problemlər" səbəbindən bir neçə gün gecikdiyini, lakin bu problemlərin artıq həll edildiyini və Türkiyənin təhlükəsiz keçid dəhlizinin problemsiz davam edəcəyini gözlədiyini bildirib.
Rusiya, Türkiyə, Ukrayna və Birləşmiş Millətlər Təşkilatının rəsmilərinin daxil olduğu Birgə Koordinasiya Mərkəzinin koordinatoru kontr-admiral Özcan Altunbulak, gəminin dəniz şəraitinə görə gecə yarısı İstanbulun şimalındakı təyin olunmuş lövbərə çatacağını bildirib:
“Lazımi prosedurlardan sonra “Razoni” adlı gəmidə Türkiyə, Rusiya, Ukrayna və BMT nümayəndə heyəti birgə yoxlama aparacaq və yoxlamanın nəticələrinə görə gəmi yoluna davam edəcək”.
Ukraynanın İnfrastruktur Nazirliyi də hələlik yükün gündə üç gəmi ilə məhdudlaşdırılacağını açıqlayıb. Eyni zamanda, ixrac olunacaq taxılın aylıq miqdarı 3 milyon tondan çox olmayacaq. Gələcəkdə gəmilərin miqdarının və ümumi taxılın tədricən artırılması nəzərdə tutulur.