Qarabağda son vəziyyət necədir?
4-08-2022, 15:41

Qarabağda çərşənbə günki hərbi əməliyyatlardan sonra təmas xəttində "vəziyyətin nisbətən sabit” olduğu barədə məlumatlar yayılıb.
Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidəki erməni silahlıları iddia edib ki, "vəziyyət nisbətən sabit” olsa da, Azərbaycan ordusu atəşkəs rejimini “bir neçə istiqamətdə pozub”.
Separatçı "Müdafiə ordusu" dünənki hərbi əməliyyatlarda 19 hərbçisinin yaralandığını bildirib.
Azərbaycan Müdafiə Nazirliyi Qarabağdakı son vəziyyətlə bağlı hələlik heç bir açıqlama verməyib.
ABŞ Dövlət Departamenti Qarabağda “intensiv” döyüşlər nəticəsində “insan itkisi və dağıntıların” olmasından narahat olduğunu bildirib.
Qarabağda üç gündür ki, gərginləşmiş vəziyyət çərşənbə günü intensiv döyüşlərlə müşahidə olunub.
Azərbaycan bir, Qarabağdakı erməni “Müdafiə ordusu” iki əsgərinin öldüyünü bəyan edib.
Azərbaycan Müdafiə Nazirliyi Xocalı üzərindəki Qırxqız, Şuşa rayonu ərazisindəki Sarıbaba yüksəkliklərini "və bir sıra digər əhəmiyyətli hakim yüksəklikləri" nəzarətə götürdüyünü bildirib.
ABŞ-dan bəyanat və qarşılıqlı ittihamlar
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Price yaydığı açıqlamada “gərginliyi azaltmaq üçün tərəfləri dərhal zəruri addımlar atmağa və hərbi əməliyyatın daha da alovlanmasından çəkinməyə” çağırıb.
O əlavə edib ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən bütün işləri, o cümlədən danışıqlar prosesini “kölgə altına salır”.
Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycan ordusunun hərbi əməliyyatını “Laçın korridoru ilə bağlı vəziyyətin birtərəfli şəkildə dəyişdirilməsinə cəhd” kimi qiymətləndirib. Bunu “qəbuledilməz” adlandıran Ermənistanın Xarici İşlər Nazirliyi hərbi əməliyyatla rəsmi Bakının 10 Noyabr bəyanatını “pozduğunu” bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın ittihamlarını “riyakarlıq” adlandırıb. Qurum son gərginliyə səbəb kimi “qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərində mövcudluğu və təxribatlara əl atmasımı” göstərib.
Qarabağda hərbi əməliyyat "bir neçə istiqamətdə olub"
Erməni mənbələri Azərbaycanın Ağdərə, Əsgəran və Şuşa rayonu istiqamətlərində hücuma keçdiyini iddia ediblər.
Azərbaycan MN dron hücumunu göstərən video dərc edib.
Azərbaycan Müdafiə Nazirliyi deyir ki, "keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib”. Qurum bu gün başladığı əməliyyatları "Qisas cavab əməliyyatı" kimi təsvir edib.
Azərbaycanın “antiterror əməliyyatına" başlamasına səbəb kimi bu gün səhər Laçın istiqamətində Rusiya sülhməramlılarının nəzarətində olan bölgədəki “qanunsuz silahlı ermənilər” tərəfindən bir əsgərinin öldürülməsi göstərilir.
Ancaq Qarabağda hərbi vəziyyətin gərginləşməsi barədə məlumatlar avqustun 1-dən yayılıb.
Azərbaycan mənbələri Bayraktar dronu ilə Ağdərə istiqamətində erməni silahlılarına aid postun dağıdıldığını da bildirib.
Erməni mənbələri Azərbaycan qüvvələrinin Martakertdə (Ağdərə-red.), Sərsəng su anbarının yaxınlığında Ural hərbi maşınına “zərbə endirdiyini”, bir erməni hərbçisinin öldüyünü bildirib.
Həmçinin iddia olunub ki, Azərbaycan qüvvələri Yeğtsahoğ (Sarıbaba-red.) kəndinə yaxınlaşaraq ora bitişik təpəni ələ keçirməyə cəhd edib.
Azərbaycan Müdafiə Nazirliyi bu iddialara münasibət bildirməyib. Qarabağdakı hazırkı vəziyyətlə bağlı BBC-nin sualını cavablandırmayıb.
Çərşənbə günü erməni tərəfindən 14 yaralı olduğunu bildirən, özünü "Artsax Ombudsmanı" kimi təqdim edən Gegham Stepanyan Twitter-də onların "çoxunun Azərbaycanın dron hücumları nəticəsində müxtəlif dərəcəli zədələr aldığını" qeyd edib.
"Dağlıq Qarabağda" səfərbərlik
Günorta saatlarında Qarabağda separatçıların lideri Arayik Arutyunyan qismən hərbi səfərbərlik elan edilməsi ilə bağlı fərman imzalayıb, separatçı “DQR müdafiə ordusu” məlumat yayıb.
Onlar bildirib ki, Azərbaycan silahlı qüvvələri təmas xəttinin şimal-qərb hissəsindən “atəşkəs rejimini” pozaraq onların “mövqelərinə dronlarla zərbələr” endirib.
Daha əvvəlsə Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan ordusunun Laçın istiqamətindəki bölmələrinin səhər saatlarında Rusiya sülhməramlılarının nəzarətində olan bölgədəki “qanunsuz silahlı ermənilər” tərəfindən “intensiv” atəşə məruz qaldığını və nəticəsə bir əsgərin həlak olduğunu bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi Qarabağdakı insidentə görə məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
Separatçı “Dağlıq Qarabağ polisi” açıqlayıb ki, Şuşa-Laçın-Goris magistral yolu iki tərəfli açıqdır və Ermənistanla Qarabağda yaşayan ermənilər arasında nəqliyyat əlaqəsi yaradan Laçın humanitar dəhlizində “hər hansı insident qeydə alınmayıb”.
Avropa İttifaqı Ermənistan və Azərbaycan Laçın dəhlizi və təmas xətti ətrafında son hərbi əməliyyatları “dərhal dayandırmağa” çağırıb.
Qurum bildirir ki, gərginliyi azaltmaq, atəşkəsə tam riayət etmək və danışıqlar masasına qayıtmaq əsasdır. Avropa İttifaqı “gərginliyin aradan qaldırılmasına kömək etmək öhdəliyinə sadiq” olduğunu bəyan edib.
Qarabağda vəziyyətin gərginləşdiyi bir vaxtda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Azərbaycanın Laçın dəhlizinin başqa marşrutla əvəzlənməsi tələbi “qanunsuzdur”.
"Qisas"
Hərbi ekspert Ədalət Verdiyev BBC-yə bildirib ki, onda olan məlumatlara görə, Azərbaycan ordusu Qarabağda bir neçə istiqamətdə hərbi əməliyyatlara başlayıb və bu əməliyyatları “Qisas” adlandırıb: “Bu gün səhər bir əsgərimizin ölümündən sonra hərbi qüvvələr əməliyyata başlayıb və artıq Şuşadakı Sarıbaba və Laçındakı Qırxqız yüksəkliklərinə öz nəzarətini bərpa edib”.
Erməni politoloq Aleksandr İskəndəryanın fikrincə, bu cür eskalasiyalar Azərbaycanın danışıqlarda güzəştə getməsi üçün Ermənistana təzyiqidir.
O, BBC-yə deyib ki, Qarabağdakı gərginliyin iki səbəbi ola bilər: “Birincisi odur ki, Rusiyanın başı Ukraynaya qarışıb və Qarabağla məşğul olmağa vaxtı yoxdur. Və burda Azərbaycan qırmızı xəttin hardan keçdiyini və nə qədər uzağa gedə biləcəyini yoxlayır. İkincisi, danışıqlar prosesi gedir və Azərbaycan müxtəlif təzyiq formalarını danışıqlar prosesi ilə birləşdirir”.
Separatçı “Qarabağ hakimiyyəti” bəyan edib ki, Azərbaycan Rusiya sülhməramlıları vasitəsilə Ermənistanla Qarabağ arasında fərqli marşrutun istifadə olunması barədə tələb irəli sürüb.
“Armenpress” dövlət agentliyinə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın altıncı bəndinə istinad etdiyini bildirib.
“Bu müddət ərzində bu istiqamətdə müəyyən işlər görülüb, lakin hələ ki, razılaşdırılmış plan yoxdur. Hər halda Ermənistan heç bir planla razılaşmayıb, ona görə də Azərbaycanın tələbi qanunsuzdur”, - Ermənistan Təhlükəsizlik Şurasının katibi deyib.
Azərbaycan bu xəbərə hələ ki, münasibət bildirməyib.