Müəllimlər üçün imtahan ardınca imtahan

5-11-2022, 00:05           
Müəllimlər üçün imtahan ardınca imtahan
“Əvvəl Müəllimlərin İşə Qəbulu (MİQ) imtahanından keçən müəllimlərin beş il ərzində sertifikasiyaya cəlb olunmayacaqları müəyyən edilmişdi. Daha sonra bu müddətin azaldılması təklif edildi və biz hazırda o təklif üzərində çalışırıq”.

Bunu Elm və təhsil naziri Emin Əmrullayev deyib. Nazir həmin müddətin azaldılmasının gözlənildiyini bildirib:

“Amma prosesin keçirilmə qaydası olduğu kimi qalır, həmin qaydanın dəyişməsi zaman alar. Sertifikasiya həm müəllimlərin bilik bacarıqlarının qiymətləndirilməsi, həm differensial əməkhaqqına keçid, həm də müəyyən mənada müəllimlərin işə qəbulu prosesinin təkmilləşdirilməsidir. Bu mənada həmin islahatın yerinə yetirilməsi üçün 5 illik müddətin bizə lazım olduğunu düşünürük”.

Qeyd edək ki, bu il ölkədə sertifikasiya imtahanı reallaşdı və həmin prosesdən keçən müəllimlər 5 ildən sonra yenidən sertifikasiyaya cəlb olunacaqlar.

MİQ imtahanından keçən müəllimlərin sertifikasiya ilə bağlı verilən 5 il müddətinin azaldılması müəllimlərin davamlı imtahan prosesinə cəlb edilməsinə gətirib çıxarmayacaqmı?

Təhsil üzrə ekspert Kamran Əsədov Cebhe.info-ya bildirdi ki, mövcud qanunvericilikdə Müəllimlərin İşə Qəbul imtahanı sertifikasiyaya bərabər tutulur:


“Əgər bərabər tutulursa, bu o deməkdir ki, avtomatik olaraq həmin artım müəllimlərə də şamil olunmalıdır. Qanunvericilikdəki müvafiq boşluğu bir müvafiq qurumlara təqdim etmişik. Onların qeyd etdiyi təklif “Kamal” Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzinin təklifidir. Əslində, məzmun baxımından MİQ imtahanı ilə Sertifikasiya imtahanı tamamilə fərqlidir. Birində bilik maksimum yoxlanılırsa, digərinə minimum yoxlanılır. Təbii ki, bir imtahan vermiş şəxsin bir müddətdən sonra təkrar imtahana cəlb edilməsi heç bir halda normal qəbul edilə bilməz. Bunun yeganə çıxış yolu MİQ imtahanının növbəti mərhələyə qədər Sertifikasiyaya bərabər tutulmasıdır. Sadəcə məsələ odur ki, sertifikasiyada müsahibə mərhələsində tamamilə fərqli bacarıqlar, MİQ imtahanında fərqli konfitensiyalar yoxlanılır”.

Eskpert bildirib ki, ona görə də müddətin azaldılması heç bir halda müsbət qəbul edilə bilməz:

“Mütəmadi olaraq insanların imtahanlarda iştirak etməsi onların normal həyatına, tədrisə mənfi təsir göstərəcək. Yaxşı olar ki, növbəti 5 il üçün həmin şəxslər müvafiq olaraq artımla əməkhaqlarını alsınlar, bu, daha ədalətli olardı. Yəni konkret təklif odur ki, ilk dəfə işə qəbul olunanlar 5 ildən sonra deyil, 3 ildən sonra sertifikasiyaya cəlb edilsin. Növbəti dəfə 5 ildən sonra iştirak etsin. Yalnız yeni işə qəbul edilmiş şəxslərin gözləmə müddətinin 5 ildən 3 ilə salınması fikri var. Ancaq hər növbəti sertifikasiya üçün 5 il normal ola bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.