Ramil Usubovun oğlu hesabat verdi - rəsmi
13-06-2016, 08:54
Daxili İşlər Nazirliyində (DİN) istintaq və təhqiqat qurumları əməkdaşlarının respublika toplantısı keçirilib. Bu barədə DİN-in mətbuat xidmətinin yaydığı məlumatda xəbər verilib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov toplantının məqsədi və gündəliyi barədə məlumat verib, nazirlik və onun struktur orqanları tərəfindən ölkənin qanunları, dövlət başçısının fərman, sərəncam və tapşırıqları rəhbər tutulmaqla cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini xatırladıb.
Qeyd edilib ki, nazirliyin davamlı surətdə təkmilləşən və fəaliyyəti beynəlxalq standartlar səviyyəsinə yüksələn təşkilati strukturlarından biri də insan hüquq və azadlıqlarının, dövlətin və cəmiyyətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması kimi mühüm funksiyaları yerinə yetirən istintaq və ixtisaslaşmış təhqiqat qurumlarıdır. Müstəntiq və təhqiqatçıların fəaliyyətinin aidiyyəti qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulması daim diqqət mərkəzində saxlanılıb, peşəkarlığın yüksəldilməsi, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.
Sonra Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi, polis general-mayoru Sərvər Mehrəliyev geniş hesabat məruzəsi ilə çıxış edib. O deyib ki, istintaq və təhqiqat işinin düzgün təşkili cinayətlərin açılması və araşdırılmasında, cinayəti törətmiş şəxslərin məsuliyyətə cəlb olunmasında, onları doğuran səbəb və şəraitin aradan qaldırılmasında, vurulmuş maddi ziyanın ödətdirilməsində mühüm əhəmiyyət kəsb etdiyindən, eləcə də ibtidai araşdırmanın keyfiyyəti məhkəmənin çıxardığı hökmün qanuni və ədalətli olması üçün əsas amil olduğundan istintaq və təhqiqat qurumlarının fəaliyyəti hər zaman nazirliyin rəhbərliyinin bilavasitə diqqətində olub.
Üzərinə düşən məsuliyyəti dərindən anlayan Baş İdarənin rəhbərliyi istintaq və təhqiqat qurumlarının işinin qanunvericiliyin və müasir dövrün tələblərinə uyğun qurulması istiqamətində fəaliyyət göstərir. Bu yöndə qanunçuluğun qorunması, prosessual araşdırmaların düzgün təşkil olunması, əməkdaşların peşə hazırlığının artırılması məqsədilə, nazirliyin rəhbərliyinin yaxından və böyük dəstəyi ilə bütün lazımi tədbirlər görülüb və davam etdirilir.
Həmçinin, qanunvericilik aktları, Kollegiya qərarları, əmr və göstərişlər ilə müəyyən edilmiş funksiya və vəzifələr çərçivəsində cinayətlərin açılması, araşdırılması, cinayət törətmiş şəxslərin vaxtında müəyyən edilib məsuliyyətə cəlb olunması, vurulmuş maddi ziyanın ödətdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, fəaliyyətdə olan nöqsanların səbəblərinin aşkar edilib aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür.
Məruzəçi qeyd edib ki, son 5 ildə daxili işlər orqanları müstəntiqlərinin icraatında olan və istintaqı tamamlanmış işlərin 79,7 faizi ittiham aktı ilə məhkəmələrə göndərilib. Göstərilən dövrdə istintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş maddi ziyanın 78 faizinin ödətdirilməsi təmin edilib. Bütün bunlarla yanaşı, istintaq aparatının fəaliyyətində bir sıra nöqsanların da mövcudluğu, bəzi istintaq qurumlarında araşdırmaların qanunla müəyyən edildiyindən artıq müddətdə tamamlandığı, bəzi cinayət işlərinin əlavə istintaqa qaytarıldığı, əsassız qərarların qəbul olunmasına yol verildiyi də nəzərə çatdırılıb.
Baş İstintaq və Təhqiqat İdarəsinin rəis müavini, Təhqiqat İdarəsinin rəisi, polis polkovniki Emil Usubov ölkəmizdə həyata keçirilən geniş quruculuq işləri və hərtərəfli islahatlar nəticəsində davamlı surətdə təkmilləşən daxili işlər orqanlarının mühüm təşkilati strukturlarından biri kimi təhqiqat qurumunun yaranması və həyata keçirilmiş tədbirlər barədə ətraflı məruzə ilə çıxış edib. Qeyd olunub ki, cinayət xarakterli müraciətlərə baxılmasının prosessual qanunvericiliyin və daxili normativ aktların tələblərinə uyğun qurulması, qanunçuluğa riayət olunması, ibtidai araşdırmanın obyektiv aparılması və qərarların qəbuluna nəzarətin gücləndirilməsi üçün bütün lazımi tədbirlər görülüb.
Son 5 ildə “102” xidməti-zəng mərkəzi sistemindən yerlərə ötürülmüş cinayət xarakterli məlumatlarla onlara baxılmasının nəticələri arasındakı uyğunsuzluqların yoxlanılması çərçivəsində 8134 fakt öyrənilərək nöqsanların aradan qaldırılması təmin edilib, habelə məlumatların prosessual araşdırmaya yönəldilməsi və cinayət əməlinin düzgün tövsif olunması ilə əlaqədar ərazi orqanlarına əməli köməkliklər göstərilib.
Həyata keçirilmiş tədbirlərdən biri də münaqişəli ailələrin ətrafında aparılan profilaktik işdə təhqiqat əməkdaşlarının əməli iştirakının təmin edilməsi olub. Bununla əlaqədar, “Məişət zorakılığı haqqında” qanuna və aidiyyəti kollegiya qərarlarına müvafiq olaraq, göstərilən müddətdə 1306 ailənin münaqişəli kimi uçota götürülməsi barədə qərarlar çıxarılıb və icra olunması üçün ictimai təhlükəsizlik strukturlarına göndərilib.
O da bildirilib ki, təhqiqat işinin əsas göstəricilərindən olan cinayət işinin başlanılması və təxirəsalınmaz istintaq hərəkətlərinin keçirilməsi ilə bağlı ərazi orqanlarına idarəçilik təsirinin yüksəldilməsi 2015-ci ildə cinayət işlərinin başlanmasında 13 faiz artımla nəticələnib. Bütövlükdə, ötən 5 ildə görülmüş operativ nəzarət tədbirləri ilə təhqiqat araşdırmalarının keyfiyyəti xeyli yaxşılaşıb, qəbul edilmiş əsassız qərarların sayında azalma müşahidə edilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev, Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Kamal Qılıcov, Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi Elşən Kazımov, Kriminalistik Tədqiqatlar İdarəsinin rəisi Gündüz Sadıxov, Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov və başqaları çıxış edərək görülən işlərdən, qarşıda duran vəzifələrdən danışıb, müzakirə olunan məsələlərlə bağlı bir sıra təkliflər səsləndiriblər.
Tədbirə yekun vuran daxili işlər naziri, general-polkovnik Ramil Usubov ümumən yarım əsrdən çox tarixi olan polis orqanlarının istintaq və təhqiqat aparatının yarandığı gündən böyük inkişaf yolu keçərək cinayətkarlığa qarşı mübarizədə aparıcı bir struktur kimi formalaşdığını, ölkənin hüquq-mühafizə sistemində xüsusi rolu olan, kriminal təhdid və çağırışlara qarşı cavab tədbirlərinin ön sıralarında dayanan, törədilmiş əmələ görə cəzanın labüdlüyü prinsipinin reallaşmasına gərgin əməyi ilə önəmli töhfələr verən bu qurumun fəaliyyətinin həmişə diqqət mərkəzində olduğunu vurğulayıb.
Qeyd edilib ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının müəllifi olan ulu öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi islahatlar çərçivəsində və onun rəhbərliyi ilə Cinayət və Cinayət-Prosessual Məcəllələri, habelə vurulmuş ziyanın ödənilməsi, proses iştirakçılarının dövlət müdafiəsi, ekstradisiya, hüquqi yardım və s. məsələləri tənzimləyən qanunlar qəbul olunub. Keçmiş SSRİ-nin normativ hüquqi aktlarından fərqli olaraq, yeni qanunvericilikdə insan amili, xüsusən hər bir şəxsin mənafeyinin, hüquq və azadlıqlarının etibarlı qorunması ön plana çəkilib. Qanunçuluq, bərabərlik, ədalət, humanizm, təqsirsizlik prezumpsiyası kimi konstitusion prinsiplər müvafiq sahədə fəaliyyətin əsasını təşkil edib.
Xüsusilə qeyd olunub ki, qanunla müəyyən edilmiş funksiyaların çevik həyata keçirilməsində nazirliyin “102” zəng mərkəzi və “Təhlükəsiz Şəhər” sistemlərinin, habelə 40-dan çox informasiya resursunun da böyük əhəmiyyəti var. İxtisaslı kadr potensialının, peşəkar özəyin formalaşması və möhkəmlənməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqətdə saxlanılır.
İştirakçıların nəzərinə çatdırılıb ki, müstəntiqlər tərəfindən hər il orta hesabla 25 min cinayət işinin istintaqı aparılır ki, bu da respublikanın hüquq-mühafizə orqanlarının icraatında olan işlərin 80 faizini təşkil edir və onların 45 faizinin istintaqı tamamlanaraq 9 minə yaxını ittiham aktı ilə məhkəmələrə göndərilir.
Cinayət xarakterli məlumatlara baxılmasında ixtisaslaşmış təhqiqat qurumları da xüsusi rol oynayır.
O da vurğulanıb ki, respublikanın prokurorluq və digər hüquq mühafizə orqanları ilə birgə işgüzar fəaliyyətin məntiqi yekunu olan bu müsbət nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də dəyərləndirilir. Belə ki, Beynəlxalq İqtisadi Forumun 2014-2015-ci illərə dair məlumatına görə, “Mütəşəkkil cinayətkarlıq” indikatoru üzrə Azərbaycan 144 ölkə arasında 40-cı, Avropa məkanında isə 20-ci yeri tutur. Birləşmiş Millətlər Təşkilatının hesabatlarına əsasən, ümumi cinayətlərin içində mülkiyyət əleyhinə olanların xüsusi çəkisi dünyada 75-80 faiz olduğu halda, Azərbaycanda son 3 ildə orta hesabla 45 faiz təşkil edir.
O da qeyd edilib ki, bu nəticələrə dünyanın əksər ölkələri ilə müqayisədə xeyli az sayda şəxsi heyətlə nail olunub.
Daha sonra nazir xidməti fəaliyyətdə buraxılmış bəzi nöqsan və çatışmazlıqların üzərində ətraflı dayanıb, onların qısa müddətdə aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələr barədə danışıb.
Ramil Usubov bir daha xatırladıb ki, hər bir müstəntiq və təhqiqatçının fəaliyyətində başlıca məqsəd insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, xidməti funksiyaların yüksək məsuliyyət hissi ilə həyata keçirilməsi, bütövlükdə vətəndaş məmnunluğunun təmin edilməsidir. Unutmaq olmaz ki, prosessual fəaliyyətin arxasında pozulmuş hüquqlarının bərpasını tələb edən vətəndaşlarımız dayanır. Vətəndaşa xidmətin dövlət siyasətinin əsası olmasını ölkə Prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb.
Daxili işlər naziri istintaq və ixtisaslaşdırılmış təhqiqat qurumlarının rəislərindən tabelikdəki əməkdaşların apardığı araşdırmanın keyfiyyətinə, yazılı cavabların vaxtında verilməsinə, ərizəçiyə qəbul edilmiş qərarın və hüquqlarının izah olunmasına, şikayətləri doğuran səbəb və amillərin aradan qaldırılmasına gündəlik nəzarət olunmasını tələb edib.
Sonra cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması, bütövlükdə xidməti vəzifələrin icrasında fərqlənən istintaq və təhqiqat qurumlarının bir qrup əməkdaşının mükafatlandırılması barədə daxili işlər nazirinin əmri elan edilib və Ramil Usubov tərəfindən mükafatlar sahiblərinə təqdim olunub.
Daha sonra toplantı daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazovun rəhbərliyi ilə plenar iclas formasında öz işini davam etdirib.
Nazirin birinci müavini Vilayət Eyvazov çıxış edərək insan hüquq və azadlıqlarının, dövlətin və cəmiyyətin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasının ən mühüm mexanizmlərindən olan cinayət-prosessual fəaliyyətin cinayət törətmiş hər bir şəxsin ifşa olunmasında, məsuliyyətə cəlb edilməsində, təqsiri olmayan şəxsin qanunsuz şübhə altına alınmasının, ittiham edilməsinin, məhdudiyyətlərə məruz qalmasının qarşısının alınmasında xüsusi əhəmiyyətə malik olduğunu bildirib.
O, müvafiq qanunla müəyyən edilmiş funksiyaların, hüquqi prosedurların və cinayət təqibinin dəqiq, düzgün və effektiv həyata keçirilməsinin istintaqın və təhqiqatın əsas keyfiyyət göstəricisi, fəaliyyətin qiymətləndirilməsində başlıca meyarlar olduğunu bir daha xatırladıb, göstərilən sahədə fəaliyyəti aidiyyəti qanunvericilik aktlarının tələbləri səviyyəsində qurulmasının, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsinin, cinayətkarlığa qarşı mübarizədə aparıcı rol oynamalarının, habelə sosial müdafiəsinin gücləndirilməsinin DİN rəhbərliyinin daim diqqət mərkəzində durduğunu vurğulayıb.
Həmin istiqamətlərdə atılmış növbəti və olduqca vacib addımlardan birinin də məhz bugünkü respublika toplantısı olduğunu nəzərə çatdıran polis general-leytenantı Vilayət Eyvazov nazirin öz çıxışında nöqsan və çatışmazlıqlar, eləcə də onların həlli yolları barədə verdiyi dəyərli tövsiyələrin, cinayətlərin qarşısının alınması və açılmasında müstəntiq və təhqiqatçıların rolunun artırılması, ibtidai araşdırmaların yeni keyfiyyət səviyyəsinə yüksəldilməsi, qanunçuluğun pozulması hallarının tam aradan qaldırılması ilə bağlı qarşıya qoyduğu vəzifələrin gələcək fəaliyyətdə böyük rol oynayacağına əminliyini bildirib, tədbirdə fəal iştirak etmiş qonaqlara və əməkdaşlara nazirliyin rəhbərliyi adından təşəkkür edib.
//istiqlal.az/