İrəvan Bakı ilə təkbətək qalır

8-12-2023, 16:51           
İrəvan Bakı ilə təkbətək qalır
Son günlər Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasında heç bir vasitəçi olmadan ikitərəfli qaydada danışıqların aparılmasına şahidi oluruq.

Qeyd edək ki, ilk belə görüş noyabrın 30-da baş tutub. Həmin gün Azərbaycan və Ermənistan arasında sərhəddə hər iki ölkənin Baş nazirinin müavinləri Şahin Mustafayev və Mehr Qriqonyanın sədrliyi altında dövlət sərhədinin delimitasiyası və təhlükəsizlik məsələləri üzrə Dövlət Komissiyalarının növbəti iclası keçirilib.

Görüş zamanı hər iki tərəf delimitasiya məsələləri, o cümlədən bir sıra təşkilatı və prosedur məsələlər ilə bağlı ətraflı müzakirə aparıb. Nəticə etibarı ilə Azərbaycan və Ermənistan hökumətinin rəsmiləri hər iki ölkənin Dövlət Komissiyaları arasında birgə işçi görüşlərin keçirilməsi, iclasların davam etməsi, həmçinin hər iki komissiyanın ortaq fəaliyyəti haqqında Əsasnamə layihəsinin tərtib olunması üzrə işin başlanılması barədə razılığa gəliblər.

İkitərəfli qaydada aparılan danışıqlar bununla bitməyib. Bundan sonra da iki ölkənin dövlət qurumları arasında müəyyən çərçivədə danışıqlar davam edir. Xüsusilə, vurğulamaq lazımdır ki, Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş Naziri Aparatının dünənki birgə bəyanatı Azərbaycan və Ermənistanın dövlət rəsmiləri arasında heç bir vasitəçi olmadan ikitərəfli qaydada keçirilən görüşlərin və aparılan danışıqların müsbət nəticəsidir.

Rəsmi Bakı və İrəvan ikitərəfli münasibətlərin normallaşması, beynəlxalq hüququn normalarına əsasən sülh sazişinin imzalanması barədə niyyətlərini təsdiqləməklə barəbər qarşılıqlı etimadın möhkəmlənməsi istiqamətində addımların atılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda Azərbaycan Respublikası humanizm prinsiplərini rəhbər tutaraq 32 erməni hərbiçisini, Ermənistan Respublikası da öz növbəsində 2 Azərbaycanlı hərbiçini azad edəcək.

Bununla bərabər, Azərbaycan və Ermənistan yaxın gələcəkdə əlavə etimad quruculuğunun intensivləşməsinə yönələn tədbirlərin həyata keçirilməsi üçün danışıqları davam etdiricəklər və beynəlxalq ictimaiyyəti iki ölkə arasında qarşılıqlı etimadın yaranması töhfə verməyə çağırıblar. Böyük ehtimalla, növbəti ildə rəsmi Bakı və İrəvan sülh sazişinin imzalanması, ikitərəfli münasibətlərin normallaşması, qarşılıqlı etimadın artması və sərhədlərin delimitasiyası, hətta regional kommunikasiyaların açılması ilə bağlı məsələlərin ətraflı müzakirəsi üçün hər hansı formada təkbətək görüşlərin keçirilməsinə üstünlük verəcəklər.

Brüssel və Vaşinqton formatına qayıdış

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19-da Qarabağın dağlıq ərazilərində son uğurlu antiterror əməliyyatlarından sonra ABŞ, Avropa İttifaqı və Fransa Azərbaycana qarşı kəskin bəyanatlar və əssasız ittihamlar səsləndirdilər. Təəssüflər olsun ki, Azərbaycanın öz qanuni ərazisi – Qarabağ üzərində suverenliyini və yurisdiksiyasını bərqərar etməsi Qərb tərəfindən narahatlıqla qarşılandı. Əksinə ABŞ və Avropa İttifaqı Azərbaycana təzyiqlər etməyə çalışdılar. Məhz bu səbəblərə görə, Azərbaycan Brüssel, Qranada və Vaşinqton görüşlərində iştirakdan imtina elədi. Rəsmi Bakı, doğrusu, Qərbin vasitəçilik təşəbbüsünün üstündən xətt çəkmişdi.

Lakin sonda ABŞ və Avropa İttifaqı Cənubi Qafqazla bağlı xarici siyasətdə kobud səhv etdiyini, Azərbaycana qarşı addımların onların regionda geosiyasi maraqlarına ciddi zərbə vurduğunu anladı. Qərb Azərbaycana münasibətdə mövqeyini dəyişməyə məcbur oldu. Qərbdə çox yaxşı başa düşürlər ki, Cənubi Qafqazın açar ölkəsi Azərbaycandır və rəsmi Bakı ilə razılıq əldə olunmadan regionda proseslərin nizamlanması qeyri-mümkündür. Azərbaycan da Qərbin üzrxahlığına hörmət əlaməti olaraq yaxın zamanda təşkil olunacaq Brüssel və Vaşinqton görüşlərində iştirak etməyə razılıq verib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbələri Ceyhun Bayramov və Ararat Mirzoyan dekabrın 11-də Brüsseldə keçiriləcək Aİ-nın Şərqtərəfdaşlığı sammitində iştirak edəcəklər. Brüssel görüşündən sonra Vaşinqtonda ABŞ Dövlət Katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında görüşün keçirilməsi də gözlənilir.

Növbəti Brüssel və Vaşinqton görüşlərinin nəticəyönümlü olmasına gəlincə, bu, daha çox Ermənistanın sülhə və qonşuluq münasibətlərinə sadiqliyindən, Qərbin imperialist siyasətindən əl çəkməsindən asılı olacaq. Ən önəmli məsələ isə Qərb mütləq Ermənistanın silahlanmasını dayandırmalıdır. Bütün bunlara əməl olunacağı təqdirdə Brüssel, yaxud Vaşinqton formatı çərçivəsində Azərbaycan və Ermənistanın sülh müqaviləsi ilə bağlı ortaq məxrəcə gəlməsi mümkündür. Həmçinin hər iki format çərçivəsində sülh sazişi ilə bağlı ilkin sənədin tərtibinə də nail olmaq olar.

Hansı mexanizm daha sərfəlidir?

Həm Azərbaycanda, həm Ermənistanda bir çox ekspertlər bu məsələ barədə fikir mübadiləsi aparır və fərqli fikirlər səsləndirirlər. Bəzi ekspertlər hesab edirlər ki, Brüssel və Vaşinqton, hətta Moskvanın Azərbaycan-Ermənistan sülh prosesində vasitəçilik etməsi daha məqbul olar. Onların sözlərinə görə, tərəflər yalnız vasitəçilərin dəstəyi ilə mühüm nailiyyətlər əldə eləyə bilərlər. Ancaq bəziləri üçüncü tərəfin vasitəçiliyi ilə aparılan danışıqların heç bir nəticə vermədəyini və ikitərəfli danışıqların daha məhsuldar olduğunu hesab edirlər.

Onlar bu məsələdə tamamilə haqlı ola bilərlər. Çünki Vaşinqton, Brüssel və Moskva Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olsalar da, bu sazişdə qeyd olunacaq müddəaların yalnız öz geosiyasi maraqları əsasında tərtib olunmasını istəyirlər.

Əlbəttə ki, bu da regionda daimi sülh və təhlükəsizliyin təmin olunmasına gətirib çıxarmayacaq. Ona görə də ikitərəfli qaydada görüşlərin keçirilməsi və danışıqların aparılması daha münasib olar. Hər hansı bir neytral ölkədə və ya hər iki ölkənin sərhəd ərazilərində Azərbaycan və Emənistanın dövlət rəsmiləri görüşüb sülh müqaviləsi və digər problemlərin həlli ilə bağlı məsələlər haqqında normal müzakirələr apara bilərlər. Fikrimcə, məhz bu qaydada hər hansı güc mərkəzinin müdaxiləsi olmadan hər iki tərəfin bir çox məsələlər üzərində razılığa gəlməsi tam mümkündür.

Bu, sülh sazişinin imzalanmasına aparan daha səmərəli, effektli və məqbul mexanizmdir. İkitərəfli qaydada aparılan danışıqlar tərəflərarası etimadın möhkəmlənməsinə də müsbət təsir edəcək. Amma yenə də Ermənistan sülhə sadiqlik məsələsində ciddi mövqe sərgiləməlidir.

Mənbə: “Cebhe.info”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.