Azərbaycan cinsi azlıqlara 125 min avro ödəyəcək. Niyə? 5 suala cavabda

17-04-2024, 15:14           
Azərbaycan cinsi azlıqlara 125 min avro ödəyəcək.
Azərbaycan hökuməti ölkədə cinsi azlıqlara “hüquqlarının pozulmasına görə” 125 min avro məbləğində kompensasiya ödəyəcək, Avropa Məhkəməsinin qərardadında göstərilir.

Sənəddə bildirilir ki, Azərbaycan hökuməti şikayətçi LGBT icması üzvlərinin hüquqlarının pozulduğunu etiraf edib.

Məhkəmənin verdiyi qərarda deyilir ki, Azərbaycan hökuməti, eyni zamanda məhkəmə qarşısında çəkilmiş xərclər və məsrəflər üçün 3 min avro ödəməyə hazır olduğunu bildirib.

LGBTQİ+ icmasının bəzi üzvləri təxminən 7 il əvvəl Bakıda bir sıra hüquqlarının pozulması, o cümlədən "qanunsuz həbsləri" ilə bağlı Avropa Məhkəməsinə şikayət etmişdilər.

REKLAM

Məhkəmə prosesi 5 il davam edib və proses zamanı aparılan danışıqlar nəticəsində Azərbaycan hökuməti şikayətçilərə təzminat verilməsi tələbiylə razılaşdığı üçün məhkəmə qərardad qəbul edərək, işə xitam verib.

Azərbaycanlı hüquq müdafiəçiləri bildirirlər ki, bununla Azərbaycan hökuməti ilk dəfə LGBTQİ+ icması üzvlərinin hüquqlarının pozulduğunu “etiraf edib”. Lakin onlar, eyni zamanda AİHM-ın bu qərardadının cinsi azlıqların hüquqları ilə bağlı vəziyyəti dəyişdirəcəyinə ümid etmirlər.

Sənəd bir neçə gündür yayımlanıb, amma Azərbaycanın aidiyyəti qurumları bu məsələ ilə bağlı reaksiya verməyib.

BBC Azərbaycanca Azərbaycan Daxili İşlər Nazirliyi, Ali Məhkəmə ilə telefon əlaqəsi saxlasa da, onlar AİHM-in qərardadıyla “tanış olmadıqlarını” bildiriblər.

Milli Məclisin insan hüquqları komitəsinin üzvü Hikmət Babaoğlu BBC-yə deyib ki, “hüququn təməl əsası adət və ənənələrdir" və cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı qanun “Azərbaycan cəmiyyətinin ictimai münasibətlərinin sifarişi olmadığı üçün” qəbul olunmur.

1. Qərardadda nə yazılıb?
Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) aprelin 11-də Azərbaycanla bağlı elan etdiyi qərardad 2017-ci ilin sentyabr ayında polis reydləri zamanı saxlanılmış LGBT icmasının üzvlərinin şikayətləri ("A. və 24 digərləri Azərbaycana qarşı” işi) ilə bağlıdır.

2017-ci ilin oktyabr ayında Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatda deyilirdi ki, “vətəndaşların çoxsaylı müraciətləri əsasında” Bakı şəhərində “sentyabrın 15-dən 30-dək həyata keçirilmiş tədbirlərlə 83 nəfər saxlanılıb”.

LGBTQİ+ icmasının iddiasına görə, onlar həmin vaxt “cinsi orientasiyalarına görə saxlanılaraq, qanunsuz olaraq inzibati həbsə” məhkum olunublar.

AİHM-in qərardadında göstərilən şikayətlər bunlar olub:

Polis məmurları və həbsxana gözətçilərinin şikayətçiləri ağır rəftara məruz qoyması və yerli hakimiyyət orqanlarının bununla bağlı araşdırma aparmaması;
Şikayətçilərin saxlanma şəraitinin pis olması;
Qanunsuz və əsassız həbslər;
Ədalətli məhkəmə prosessual təminatlarının pozulması;
Heç bir məhkəmə qərarı olmadan həbsdə saxlanılarkən məcburi tibbi müayinələr;
Pis rəftara görə şikayətlərlə bağlı səmərəli daxili müdafiə vasitələrinin olmaması;
Şikayətçilərin faktiki və/yaxud qəbul edilən cinsi oriyentasiyası və gender kimliyi əsasında ayrı-seçkilik.
Sənəddə vurğulanır ki, Azərbaycan hökuməti heç kimin onlara təkid etməsinə ehtiyac görmədən etiraf etmək istəyir ki, şikayətçilərin insan haqları konvensiyasında təsbit olunmuş hüquqlarının pozulduğunu tanıyır.

BBC barəsində iddialar olan aidiyyatı qurumlarla – Azərbaycan Daxili İşlər Nazirliyi və Ali Məhkəmə ilə əlaqə saxlasa da, qurum sözçüləri sənədlə tanış olmadıqlarını bildiriblər.

Ali Məhkəmədən isə sənədlə tanış olmaq üçün "vaxt lazım olduğunu" bildiriblər.

2. LGBT qərardadı necə qarşılayıb?
LGBTQİ+ hüquqlarının müdafiəçisi Vahid Əliyev deyir ki, “A. və 24 digərləri Azərbaycana qarşı” işi üzrə məhkəmə prosesi 5 ildən çox davam edib və bu iş üzrə fəaliyyət göstərən hüquq müdafiəçilərinin də, kuirlərin də ona “ümidləri böyük” olub.

“AİHM-nin bu qərardadı, əslində, qurumun hökumətin təklif etdiyi barışıqla razılaşması deməkdir. Kənardan baxan biri üçün hökumətin hüquq pozuntusunu tanıması və təzminat təklifi pozitiv görünsə də, bu qərardadın, düşünürəm ki, icma üçün həyati dəyişikliyə aparacaq heç bir yanı yoxdur”, - o, təəssüflə vurğulayır.

“Həyati dəyişiklik” deyəndə hüquq müdafiəçisi bu qərardadın gələcəkdə icmanın hüquqlarını qoruyacaq hər hansı vəd verməməsini nəzərdə tutur.

“Bu qərardad gələcəkdə icmanın qarşılaşacağı zərərin qarşısını almaq üçün qabaqlayıcı tədbirləri əhatə etmir. Qərardadın Avropa Şurası Nazirlər Komitəsinə düşməməsi, eyni zamanda qabaqlayıcı tədbirlər planının olmamasına gətirir çıxarır. Zərər riski altında olan LGBTQİ+ vətəndaşların müdafiəsi üçün tədbirlər mütləq şəkildə həyata keçirilməlidir”, - Vahid Əliyev vurğulayır.

O əlavə edir ki, sənəddə “təqsirkarların məsuliyyətə cəlb edilməsi üçün hər hansı bir müddəa qeyd edilməyib”.

Vahid Əliyev, həmçinin “polis tərəfindən zorakılıq və işgəncə görən LGBTQİ+ların təqsirkarların məsuliyyətə cəlb edilməməsi ilə ədalətə çıxışı limitlənir” deyir.

Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov 2017-ci ildə LGBTQİ+lar saxlanılarkən BBC Azərbaycancaya bildirmişdi ki, paytaxt sakinlərinin çoxsaylı şikayətlərinə əsasən belə bir tədbir keçirilib: "Saxlanmadır.. Onlar həkim müayinəsinə aparılıb, onlardan yalnız 5 nəfərində QİÇS və siflis, daha 1 nəfərində isə təkcə QİÇS xəstəliyi aşkar edilib". Ehsan Zahidov həmin vaxt polisin reydlərini "tam əsaslı" olduğunu demişdi.
3. Azərbaycanda LGBTQİ+ların hüquqlarını qoruyan qanun niyə yoxdur?
LGBTQİ+ icmasının hüquqlarını müdafiə edənlər bildirirlər ki, ölkədə cinsi azlıqların hüquqlarının qorunması ilə bağlı qanunlar yoxdur və buna görə də qanunvericiliyə dəyişikliklər edilməlidir.

Vahid Əliyev “Azərbaycanın etirafı"yla bağlı deyir ki, “hökumətin Konvensiya ilə qorunan hüquqların pozulmasını qəbul etməsi ilə hansısa spesifik hüquqların pozulması arasında böyük fərq var”.

“Hökumətin bəyanatı konkret deyil, qeyri-müəyyəndir. Məsələn, Konvensiyanın “ayrı-seçkiliyin qadağan edilməsi” maddəsi ilə qorunan hüquq pozuntusu tanınıbsa, o zaman yerli qanunvericilikdə də dəyişikliklərin edilməsi üçün addımlar atılmalıdır və ya ən azından icma olaraq, ayrı-seçkilikdən bizi qoruyan qanunun olmasını bilməyimizi açıq şəkildə təmin etməlidir”, - Vahid Əliyev vurğulayır.

“Məhkəmənin qərar yerinə qərardad çıxarması, pozuntuları qərar tərkibində tanımaması, ümumiyyətlə məhkəmə prosesinin bu qədər uzun sürməsi və buna görə 6 ərizəçinin müxtəlif səbəblərdən (ölüm, həbs) ərizəçilər siyahısından məhkəmə tərəfindən çıxarılması, kompensasiyanın yetərsiz olması bu qərardadın heç bir icra qüvvəsinin olmadığını göstərir”, - o vurğulayır.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Hikmət Babaoğlu deyir ki, "hüququn təməl əsası adət və ənənələrdir".

"...Əgər hüququn əsasını adət və ənənələr, yəni, cəmiyyətin iradəsinin qəbul etdiyi ümumi normalar təşkil edirsə, Azərbaycanda bu normalar Avropa Şurasının qəbul etdiyi normalara uyğun deyil. Bu, milli adət-ənənələrimizə uyğun deyil. Ona görə də mən deyirəm ki, məsələyə bir də bu konteksdən baxmaq lazımdır".

Azərbaycanda cinsi azlıqların hüquqlarını qoruyan qanunun olmamasına gəlincə, cənab Babaoğlu deyir ki, "qanunlar ictimai münasibətləri tənzimləmək üçün" qəbul edilir.

"Bayaq da dediyim kimi, adət-ənənlər də hüququn əsası kimi çıxış edirsə, o ənənələrin [LBTQİ+ların ənənələri] Azərbaycanda kütləvi əsasları yoxdur. Ona görə də mən düşünürəm ki, bu, xüsusi bir ictimai sifarişə çevrilməyib ki, bununla bağlı bir qanun qəbul edilsin. Gəlin görək, Azərbaycanda kütləvi sifariş varmı ki, siz dediyiniz o kütlənin hüquqları ilə bağlı belə bir qanun qəbul olunsun?Azərbaycanda belə bir ictimai sifariş yoxdur. Demək, bu, Azərbaycan cəmiyyətinin ictimai münasibətlərinin sifarişi deyilsə, biz onda nəyə görə bununla bağlı qanun qəbul etməliyik?", - cənab Babaoğlu sual edir.

4. AİHM-dən narazılıq nədən ibarətdir?
LGBT üzvlərinin icması Avropa Məhkəməsinin qərardad verməsindən məyusdurlar.

Vahid Əliyev deyir ki, AİHM-ə müraciət edilərkən, Avropa İnsan Hüquqları Konvensiyasının 5 maddəsinin pozulduğu qeyd edilib.

“Bunlar üçüncü “işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın qadağan edilməsi”, beşinci “azadlıq və toxunulmazlıq hüququ”, altıncı “ədalətli məhkəmə araşdırması hüququ”, səkkizinci “şəxsi və ailə həyatına hörmət hüququ” və 14-cü “ayrı-seçkiliyin qadağan edilməsi” maddələri və işin mahiyyəti ərizəçilər və icma üçün 3-cü maddə üzrə idi”, - hüquq müdafiəçisi deyir. O hesab edir ki, “işgəncələrə məruz qalmış insanın fiziki və psixoloji sarsıntıları ilə müqayisədə təklif olunan cüzi miqdarda olan təzminat gülüncdür”.

“2017-ci il hadisələrindən 7 il keçib, zərərçəkmişlər hələ də o travmatik hadisələrin psixoloji sarsıntısı ilə yaşayırlar”, - o, BBC-yə deyir.

Bu iş üzrə şikayətçiləri təmsil etmiş hüquq müdafiəçisi, Xalid Bağırov deyir ki, AİHM “bu şəkildə işləri bağladığına və yekun qərarlar qəbul etmədiyinə görə, daha az məbləğlərlə işi yekunlaşdırır”.

Xalid Bağırov deyir ki, son vaxtlar Avropa Məhkəməsində Azərbaycanla bağlı bəzi işlərdə “məhkəmələr son qərar çıxartmır”.

O, “məhkəmələr belə qərardadlarla artıq bu şəkildə bizi yola verir” deyir.

“Hökumət pul təklif edir, məhkəmə də razılaşır. İşi çıxarırlar. Nəticədə, son qərarlar çıxmır”, - cənab Bağırov vurğulayır.

AİHM-dən ittihamlara cavab almaq hələ ki, mümkün olmayıb.
5. Qərardad nədir?
Bu, məhkəmə hökmü deyil, bir qərar növüdür - məhkəmə qərarlarının bir neçə növündən biridir.

Məhkəmə qərarı və ya qərardad hakimin tərəflər arasında hüquqi münasibətləri müəyyən edən rəsmi bəyanatıdır.

Belə qərardad iş üzrə bir və ya bir neçə tərəfin müəyyən addımlar atmasını tələb edir və ya buna icazə verir.

Qərardad hakim tərəfindən imzalanır.

Hüquq müdafiəçiləri BBC Azərbaycancaya deyirlər ki, qərardad “A. və 24 digərləri Azərbaycana qarşı” işi üzrə verilmiş şikayətlərə görə təzminatı əhatə edib.

Vahid Əliyev vurğulayır ki, bu, Azərbaycandan olan ilk kütləvi LGBTQİ+ işidir.

O deyir ki, qərardadı “hökümətin pozuntuları etiraf etməsi səbəbi ilə müsbət, lakin onun yetərsiz olmasına görə bütövlükdə mənfi” dəyərləndirir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.