Rus agentdən “Qarabağ”a ittihamlar: ““Klub dindarlarla doludur, pullar zərfdə verilir və…”

25-05-2024, 12:02           
Rus agentdən “Qarabağ”a ittihamlar: ““Klub dindarlarla doludur, pullar zərfdə verilir və…”
Mayın 16-da “Qarabağ” futbol klubunun qapıçısı Andrey Lunyovun onun maraqlarını təmsil edən agent Anton Smirnovun xidmətindən imtina etdiyi haqda xəbər yerli mediada diqqət çəkmişdi. Daha maraqlısı Smirnovun rusiyalı qolkiperin “Qarabağ”la danışıqlarının təfərrüatı haqda geniş danışacağını vəd etməsi idi. Yada salaq ki, apreldə mətbuatda Lunyovun agentinin “Qarabağ”dan qapıçının maaşının 3 dəfə – 200 min avrodan 600 minə qədər artırılmasını tələb etdiyi barədə məlumatlar yayılmışdı. Smirnov isə Ağdam klubunu Lunyova təzyiq etmək üçün danışıqlarla bağlı məlumatı qəsdən mətbuata “sızdırmaqda” ittiham etmişdi.

Smirnov iddia edir, qapıçı onun xidmətlərindən, “Qarabağ”ın təzyiqi altında imtina edib. Bununla yanaşı, agent uzun müddətdir ki, qapıçı ilə münasibətlərin soyuduğunu da inkar etmirdi. Beləliklə, Smirnov vəd etdiyi müsahibəni nəhayət, “RB Sport” a verib.

Musavat.com haqqın.az-a istinadən xəbər verir ki, agent deyib ki, Lunyovun “Qarabağ”la müqavilə bağlamasına təşəbbüs göstərib: ““Qarabağ”ın nümayəndələri ilə əlaqə saxladım və baş məşqçinin böyük qardaşı Musa Qurbanova zəng edərək Lunyovun xidmətini təklif etdim. Niyə “Qarabağ”? 2022-2023-cü il mövsümünün qışında Andreyin “Bayer”lə müqaviləsinin bitməsinə hələ altı ay qaldığı vaxt “Qarabağ” rəhbərliyi onu icarəyə götürmək istəyib. O zaman Lunyov hələ zədə almamışdı və almanlar onu buraxmadılar. Lakin Lunyov sonradan belindən zədə aldı və “Bayer” onu buraxmağa razı oldu. Beləliklə, “Qarabağ”la “1+1” sxemi üzrə müqavilə imzalandı” .

Agentin dediyinə görə, əvvəlcə “Qarabağ”ın bir illik müqavilə imzalamayacağı müzakirə olunub. Belə razılaşdırılıb ki, əvvəl qapıçıya 200 min avro veriləcək, əgər hər şey qaydasında olsa, dekabrda müqavilə şərtlərinə yenidən baxılacaq və təkmilləşdirilmiş şərtlər təklif olunacaq.


Smirnov iddia edir ki, ötən ilin avqustunda artıq hər şey razılaşdırılanda Lunyov Bakıda “Qarabağ”la bu şərtlərlə müqavilə bağlamayacağını, maliyyənin və uzadılma variantının onu qane etmədiyini deyib. “Baxmayaraq ki, o vaxt qapıçının tibbi müayinədən keçmək və imza atmaq qalırdı. Mənim vəziyyətimi təsəvvür edin. Otelə çatdıq, səhər saat 5-ə qədər müqavilənin onun maraqlarına necə uyğun olduğu barədə çox çətin söhbət etdim. O, “Qarabağ” vasitəsilə daha ciddi komandaya keçmək istəyirdi”.

Smirnovun iddiasına görə, Lunyovu klubda narazı salan bir neçə səbəblər vardı. “Birincisi, Lunyov məşq prosesini bəyənmədi. “Qarabağ”ın qapıçı məşqçisi zəifdi. Qapıçı hazırlığı işi yoxdur.

İkinci məqam komandada ciddi nizam-intizamdır. Klub dindarlarla doludur, Qurban Qurbanov çox dindar adamdır. 19.00-da məşq, 13.00-da bazada qeydiyyat. Futbolçuların heç biri, hətta müsəlmanlar belə bu rejimi bəyənmir. Stadion, məşq meydançası və futbolçuların yaşadığı kompleksin daxil olduğu baza kiçikdir. Beləliklə, hər gün futbolçular praktiki olaraq ailələrini görmürlər. Bu da psixoloji cəhətdən çətindir. Üçüncü məqam çempionatın səviyyəsidir. Avrokuboklara 30 min, çempionat və kubokun ev oyunlarında isə stadiona 1000 adam toplaşır”.

Smirnov deyib ki, bu ilin yanvarında “Qarabağ” yaxşılaşdırılmış şərtlərlə müqaviləni bir neçə il müddətinə uzadılması təklifi verəndə çıxılmaz vəziyyətə düşüb, çünki Andrey narazı idi və qalmaq istəmirdi. “Bu barədə klub rəhbərliyinə deyə bilməzdim, çünki bu, Lunyovun komandadakı vəziyyətini pisləşdirəcəkdi.

Bəs bu dəfə nə qədər təklif etdilər ? Rəqəm vermək istəmirəm. Andrey də bu təklifdən razı deyildi. Baş məşqçinin qardaşı Musa Qurbanov bizi ortağı dediyi Tural adla şəxsə yönləndirdi. Turalla – soyadını dəqiq xatırlamıram, biz danışıqları onunla aparmışıq. Yanvarda o, mənə müqaviləni uzatma təklifi göndərdi, mən onu Andreyə çatdırdım. Andery dedi ki, razı deyil. Biz bilirdik ki, bir sıra futbolçuların daha yaxşı müqaviləsi var. Avropa Liqasında klub əsasən Andreyin sayəsində layiqli pul qazanıb. Onun əsas seyvləri olmasaydı, xüsusən də səfərdə “Molde” ilə oyunda, “Qarabağ” qrupdan belə çıxa bilməzdi. Klub isə bizim maliyyə təklifimizdən son dərəcə narazı qaldı. Tural bizə danışıq aparmağı öyrətməyə başladı. Mən ona başa saldım ki, müəyyən qırmızı xətləri keçib. Nəticədə Tural birbaşa Lunyova zəng edərək onunla və Musa Qurbanovla görüş istəyib. Andrey razılaşdı, baxmayaraq ki, məncə, bunu etməməli idi. Görüşdə Lunyov bir daha etimadnaməmi təsdiqlədi və razılaşdı ki, bundan sonra bütün danışıqları Musa ilə aparacağam. Bundan sonra klubdan bir neçə ay cavab gəlmədi. Artıq aprel ayında mətbuatda qəfildən 600 min haqqında məlumat çıxdı” deyə, Smirnov bildirib.


Smirnov israr edir ki, Lunyovun onun xidmətlərindən imtina etməsində “Qarabağ”ın rolu var. Buna da cavab olaraq agent Azərbaycan klubu haqqında “həqiqəti söyləmək” qərarına gəlib.

“Məncə, “Qarabağ” Qurban və klubun nüfuzlu “boz kardinalı” Musanın ailə biznesidir. Bu mənim faktlara əsaslanan təxminimdir. Musanın ortağı olan Turala agent komissiyasının yarısı qaytarılır. Klub agentlərə pul ödəmir, lakin demək olar ki, bütün gələn və gedən transferlər bu qrupdan(Musa Qurbanovun yaratdığı qrupu işarə edir-red) keçir. Daha bir vacib məqam əlavə edəcəyəm. Klubda bütün ödənişlər zərflərdə nağd şəkildə həyata keçirilir. Bu səbəbdən komandada kimə nə qədər pul ödədikləri ilə bağlı daimi münaqişələr var. Danışıqlar zamanı biz xahiş etdik ki, bonuslar yazılsın ki, nə qədər və nəyə görə ödənildiyi aydın olsun”.

Zəruri qeyd: Aydındır ki, Smirnov hazırda “Qarabağ” dan narazıdır və səsləndirdiyi iddialar onun hazırkı psixoloji gərginliyindən də yarana bilər. Hər halda, ümid edək ki, “Qarabağ” Smirnovun iddialarına reaksiya verəcək. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.