Sülh sazişi təhdid altında: Paşinyan üçün “U” dönüşü
Dünən, 00:08

Ermənistanın iki icmasında böyük şəhər bələdiyyəsinə keçirilən seçkilər Baş nazir Nikol Paşinyanın liderlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası üçün uğursuzluqla başa çatıb.
Mərkəzi Seçki Komissiyası martın 30-da Gümrü və Şirabad (Parakar) Ağsaqqallar Şurasına keçirilmiş səsvermənin ilkin nəticələrini açıqlayıb.
Məlumata görə, Gümrü şəhərində “Vətəndaş Müqaviləsi” Partiyasının namizədi, şəhərin hazırkı meri Sarik Minasyan 35,41 faiz səslə qalib gəlib. İkinci yeri isə 18,45 faiz səslə Ermənistan Kommunist Partiyasının namizədi və Gümrünün keçmiş meri Vardan Qukasyan tutub. Ermənistan parlamentinin deputatı, “Bizim şəhər” blokunun namizədi Martun Qriqoyan seçicilərin 16,04 faiz səsini toplayaraq üçüncülüyü qazanıb.
Bundan başqa, Gümrü Ağsaqqallar Şurasına seçilmək uğrunda altı nəfər yarışıb. Lakin onların heç biri Gümrünün meri vəzifəsini tutmaq üçün lazım olan 50 faizdən yuxarı səsi toplaya bilməyib. Seçici passivliyinin aşağı olması ilə əlaqədar 9 namizədin qazandığı səslərin cəmi, ümumiyyətlə, 50 faizlik barajı aşa bilməyib.
Şirabadda isə hakimiyyət məğlub olub. Müxalif “Vəhdət” blokunun namizədi Volodi Qriqoryan 57 faiz səslə qalib gəlib. “Vətəndaş Müqaviləsi” Partiyasının namizədi Lüdviq Gülnazaryana verilən səslərin sayı 36 faiz təşkil edib. Yüzlərlə insan Qriqoryanın seçki qərargahının qarşısına toplaşaraq bu qələbəni atəşfəşanlıqla qeyd edib. “Hraparak” nəşrinin yazdığına görə, gecə yarısından sonra polis patrulları Volodya Qriqoryanın tərəfdarlarını atəşfəşanlığın təşkilinə görə cərimə ediblər.
Parlament müxalifəti Şirabaddakı seçkilərin nəticələrini Nikol Paşinyanın məğlubiyyəti kimi qiymətləndirib. “Gümrüdə və Parakarda müxalifət nümayəndələri Nikol Paşinyanı məğlub etdilər. “Nikol Paşinyan Sarik Minasyanın arxasında dayandı. Sarik Minasyanın əleyhinə səs verməklə hamı Nikol Paşinyanın əleyhinə səs verdi”,- “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan belə deyib.
Qeyd edək ki, seçkilərin yekunu Paşinyan hakimiyyətinin bölgələrdə siyasi mövqelərinin xeyli zəiflədiyini göstərir. Gümrüdə inzibati resurslardan istifadə hesabına Sarik Minasyan qələbə çalsa da, onun mer kürsüsünü tutmaq şansı çox aşağıdır. O, 50 faizdən artıq səs toplaya bilmədiyinə görə şəhər rəhbəri seçilmək üçün digər blokların dəstəyini qazanmalıdır. Bu isə çətin görünür.
Hətta “Bizim şəhər” blokuna liderlik edən Martun Qriqoryan Gümrü şəhərinin mersiz qalacağını deyib. Bununla da o, Sarik Minasyana güzəştə getməyəcəyiniə işarə edib. Yaranmış vəziyyət Nikol Paşinyanın iki vilayətdə siyasi dayaqlarını xeyli itirdiyini göstərir. Artur Xaçatryanın sözlərinə görə, 2026-cı il parlament seçkiləri öncəsi insanlar öz səsləri ilə Nikol Paşinyanın ictimai dəstəyinin olmadığını nümayiş etdirdilər. “Paşinyan özü də nüfuzunun sıfıra yaxınlaşdığını, hakimiyyətə gəldiyi andan bu günə qədər 7-8 dəfə nüfuzunu itirdiyini, reytinqinin aşağı düşdüyünü başa düşür”,-deyə deputat əlavə edib.
Bu baxımdan, Gümrüdə və Şirabadda səsvermənin nəticələri 2026-cı ildə gözlənilən parlament seçkiləri üçün siyasi sınaq hesab edilir. Seçkilərin nəticələri insanların həm daxili, həm də xarici məsələlərdə Nikol Paşinyana etibar etmədiyindən xəbər verir. Hazırda parlament müxalifətinə bağlı olan “Qarabağ klanı”nın da cəmiyyət arasında reytinqi yoxdur. Ancaq müxalifət tərəfindən Şirabaddakı kimi yeni siyasi fiqurun cəmiyyətə təqdim olunması Paşinyan hakimiyyətinin məğlubiyyətinə səbəb ola bilər. Ona görə də 2026-cı ildə Nikol Paşinyanı çətin siyasi sınaq gözləyir.
Çox güman ki, Paşinyan seçkilərə gedərkən əsas diqqəti rəqiblərinin siyasi kimliyinə yetirəcək. Əgər müxalifət yenidən eks-prezident Robert Köçəryanın və ya onun oğlu Levon Köçəryanın üzərində dayansa, onlara qalib gəlmək Paşinyan üçün çətin olmayacaq. Xüsusilə də sabiq prezident Serj Sarkisyanla Köçəryan arasındakı münaqişə revanşist müxalifəti parçalayıb daha zəif duruma salır. Bu isə Paşinynaın əlini gücləndirən amildir. Amma müxalifət populist və yeni siyasi fiqurun namizədliyini baş nazirliyə irəli sürərsə, o zaman Paşinyan üçün seçkilərdə qalib gəlmək asan olmaya bilər.
Ona görə də Paşinyan hakimiyyəti qoruyub saxlamaq üçün öz yerini hazırkı siyasi komandanın başqa bir üzvünə güzəştə getməlidir. Müxalifətin 2026-cı ildə hakimiyyətə gəlməsi Ermənistanın xarici siyasətində də “U” dönüşü yarada bilər. Bu, ilk növbədə, Azərbaycanla münasibətlərdə və sülh prosesinə təsir göstərəcək. Yəni radikal müxalifətin qələbəsi Ermənistanın sülh sazişinin mətnində indiyə qədər əldə olunmuş razılaşmalardan imtina etməsinə gətirib çıxara bilər. Nəticədə, sülh prosesinin dalana dirənməsi və Azərbaycana qarşı ərazi iddialarının yenidən gündəmə gəlməsi regionda növbəti münaqişənin alovlanmasına təkan vermiş olar.
Nikol Paşinyan hələlik real olmasa da, 2026-cı ildə keçiriləcək seçkilərdən sonra, yəni 2027-ci ildə Ermənistan konstitusiyasına dəyişiklik etmək üçün referendum keçirəcəyini vəd edir. Rəsmi Bakı isə ümumxalq səsverməsi yolu ilə Azərbaycana qarşı ərazi iddialarının Ermənistan konstitusiyasından çıxarılmasını tələb edir.
Lakin Gümrüdə və Şirabaddakı son hadisələr Paşinyanın seçkilərdə qələbə qazanacağına təminatın olmadığını göstərir. Müxalifətin hakimiyyətə gəlməsi Paşinyanın referendum vədindən imtina etməsi deməkdir.
Müşfiq Abdulla
“Cebheinfo.az”