Şou adamına “Vətən Müharibəsi iştirakçısı” medalı verilməsinə – REAKSİYALAR

Bu gün, 12:46           
Şou adamına “Vətən Müharibəsi iştirakçısı” medalı verilməsinə – REAKSİYALAR
Müğənni Nigar Rəhimovanın ”Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilməsi haqlı narazılığa səbəb olub.

Müğənninin hansı xidmətlərinə görə belə böyük mükafata layiq görüldüyü marağa səbəb olub.

Tribunainfo.az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. Hərbi ekspert Ədalət Verdiyev də məsələyə səssiz qalmayıb:

“Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif olunması barədə status paylaşıb. Sonra isə tənqidlərə tab gətirməyib və statusu silib. Onu bu təltifə hansı qurum, hansı hərbi hissədə, hansı ərazidə və hansı xüsusi xidmətlərinə görə təqdim etdiyini açıqlamır”.

Jurnalist Nurlan Cəfərli müəğnninin təltif edilməsini tənqid edərək bildirib: “Hər gün bir az daha iyrəndirin bizi bu ölkədən”

Maraqlıdır, bu qədər tənqid, suallar qarşısında müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalına necə, hansı formada təltif edilməsinə aydınlıq gətirmir. Müğənni hansı hərbi hissədə xidmət edib?, Hansı döyüş əməliyyatlarında iştirak edib?, Onu kim və hansı əsaslarla təqdim edib?, Təltif barədə Prezident sərəncamı və ya rəsmi bildiriş varmı?
Bu sualları Rəhimova özü də cavablandıra bilərdi, ancaq o aldığı mükafatla bağlı paylaşdığı statusu silməklə kifayətləndi.

Şou-biznes əhlinə bu medal verilə bilməz

“Vətən Müharibəsi iştirakçısı” medalı 2020-ci ildə təsis edilib və yalnız Vətən Müharibəsində iştirak edən şəxlərə, yəni 2020-ci il 27 sentyabrdan noyabrın 10-na kimi döyüşlərdə iştirak etmiş hərbi qulluqçulara təqdim edilir.

Həmçinin bu medal xüsusi olaraq
-Müharibə dövründə əsgərliyə çağırılmayan,
-Heç vaxt döyüş bölgəsində və ya hərbi hissədə xidmət etməyən,
-Sivil və ya şou-biznes fəaliyyəti ilə məşğul olan şəxslərə verilə bilməz.

Müharibə iştirakçılarının hüququ tapdanır

Məlumdur ki, o medalı döyüş görmüş, soyuq səngərlərdə gecələyən, snayper gülləsinin altından keçən, bədəninin bir hissəsini itirmiş insanlar daşıyır. Həmin medalın dəyəri onların gözündə qanla, fədakarlıqla və qorxuya qalib gəlməklə ölçülür. Amma indi bu simvol, bu rəmz əgər populyar şəxslərin sosial statusuna, PR məqsədinə çevrilirsə – artıq ortada ciddi əxlaqi və siyasi problem var.

Sosial şəbəkələrdə müzakirəyə çıxarılan bu mövzu ilə bağlı çoxları hesab edir ki, təltif prosesində sui-istifadə halları başlayıb. Əgər bu medal doğrudan da Nigar Rəhimovaya təqdim olunubsa, o zaman ona kim təqdim edib? Hər hansı qurumun adının çəkilməməsi, hərbi hissənin açıqlanmaması, xidmət sənədlərinin olmaması bu məsələyə kölgə salır. Qanunvericiliyə görə, bu cür medallar yalnız dövlət qurumlarının təqdimatı ilə, xüsusi əmrlə və Prezidentin sərəncamı ilə verilir.
Yox əgər bu medal rəsmi deyilsə və ya təqdimat qaydaları pozularaq verilibsə, bu, həm hüquqi araşdırma mövzusu, həm də şəhid ailələri və müharibə iştirakçıları qarşısında kobud hörmətsizlikdir.
Ortada olan açıq suallar cavabsız qalarsa, sabah daha bir şou-biznes nümayəndəsi, jurnalist, hətta sahibkar da bu medalı əldə edib paylaşacaq və bundan sonra da “Vətən Müharibəsi iştirakçısı” ifadəsi sadəcə ironik zarafata çevriləcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.