Bakı qorxulu bəla ilə üz-üzə: maşınları kim və niyə yandırır? - FOTOLAR

8-06-2015, 17:37           
Bakı qorxulu bəla ilə üz-üzə: maşınları kim və niyə yandırır? - FOTOLAR
Bakıda avtomobillərə kütləvi od vurulur.

Son iki gün ərzində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində 5 maşın yandırılıb.

Qəsəbə sakinləri milli.az-a bildiriblər ki, BMW, Mitsubishi, Land Cruiser, Daewoo markalı avbtomobillərə gecə vaxtı od vurulub. Artıq qəsəbə sakinləri həyəcan içərisindədirlər. Onlar hər an avtomobilərinin yandırılacağından qorxurlar. Yanğınların məqsədli şəkildə törədildiyi iddia olunur.

Maşını yandırılan şəxslərdən biri deyir ki, şənbə günü səhər namazı üçün oyanıb, maşınlarının yandığını görüb. Onun səs-küyünü eşidən bir neçə nəfər "VAZ-2107" markalı avtomobilə minərək qaçıb.

Yanğınlar, əsasən, "Dostluq" market, "JEK binası" adalana ərazi və "P" şəkilli binalar ətrafında baş verir. Sakinlər deyirlər ki, son iki ay əraində 17 maşın yandırılıb. Onlar arasında kriminal aləmdə nüfuzu olan "Seyid" ləqəbli şəxsin "Honda Pilot"u da kül olub.

Avtomobillərin kütləvi və ya məqsədli şəkildə yandırılması yalnız Azərbaycanda olmur. Ötən ilin ortalarında Rusiyada maşınların yandırılması hüquq-mühafizə orqanlarının başağrısına çevrilmişdi.

Moskva Baş Daxili İşləri İdarəsinin rəisi müavini Vyaçeslav Qolovanov RİA Novosti-yə verdiyi müsahibəsində demişdi ki, 34 gün ərzində Rusiya paytaxtında 2 mindən artıq avtomobilə od vurulub.

Rusiya miqyasında isə ötən il on minlərlə maşın yandırılaraq külə çevrilib.

Fransada Kriminogen Vəziyyətin Təhlili üzrə Milli Xidmətin (ONDRP) verdiyi açıqlamaya görə, ötən il ölkədə 43800 avtomobil yandırılıb. Eyni situasiya Almaniyada da müşahidə olunub. Ötən ay Berlin polisi 124 avtomobilə od vurmuş dəstəni tutmuşdu.

"Tagesspiegel" bildirir ki, ilin əvvəlindən bəri, sadəcə, Berlin, Bonn və Münhen şəhərlərində 1250 avtomobilə od vurulub.

Bəs yaxşı, maşınları niyə yandırırlar?

Kriminalistlərin dediklərinə görə, bu, vandalizmin bir növüdür. Maşın həmişə əl altındadır. Vandal isə maşını cızmaq və ya onun hansısa detalını sındırmaqla yanaşı, yandırmağa da çalışır.

Bundan başqa, avtomobilin yandırılması qisas, xəbərdarlıq və ya borcun ödənməməsi ilə bağlı "mesaj" da sayıla bilər.

Və ən nəhayət, avtomobillərə od vuranlar arasında həddən az, kiçik qism psixi cəhətdən sağlam olmayan insanlardır.

Ümumiyyətlə isə maşınlara od vuranlara "avtopiroman"lar, belə hadisələrə "avtopiromaniya" deyilir.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.