Bələdiyyə sədrini öldürən sürücüsü imiş... - DƏLİLİK KAĞIZI DA VAR

9-06-2015, 10:17           
Bələdiyyə sədrini öldürən sürücüsü imiş... - DƏLİLİK KAĞIZI DA VAR
İyunun 7-də axşam saat 21 radələrində Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Həsənovanın və onun həyat yoldaşı Vəfadar Həsənovun qətli ilə bağlı ilginc faktlar üzə çıxıb.

Aznews.az xəbər verir ki, bu haqda məlumat hər iki şəxsi qətlə yetirən və könüllü olaraq polisə təslim olan 35 yaşlı Fədail Hüseynovun dünən keçirilən məhkəmə iclasında açıqlanıb.

Məlum olub ki, Fədailin indiyədək açıq qalan 3 cinayət işi olub. O, Vəsilə Həsənovanın həm sürücüsü olub, həm də onun tapşırıqlarını yerinə yetirib.

Fədailin bir vaxtlar Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun bacısı Nərgiz xanımın da sürücüsü işlədiyi aşkar edilib.

Ən maraqlı fakt isə onun “dəlilik” kağızı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Sağlamlıq Mərkəzinin qeydiyyatında olmasıdır.

Alınan məlumata görə, Fədail Hüseynov, ümumiyyətlə cinayətə meylli olub və dəfələrlə bir neçə vətəndaşa qarşı zor tətbiq edib. Çox böyük ehtimalla “dəlilik” kağızını da o, bu əməllərini ört-basdır etmək üçün alıb.

İdmançı görkəmi və boyu 2 metrə yaxın olan bu şəxsin ictimaiyyət arasında bu cür aktiv olması da bəzi suallar yaradır.

Qeyd edək ki, ki, əslən Qərbi Azərbaycandan olan ər və arvad amansızcasına qətlə yetirilib. Fədail Hüseynov Vəsilə Həsənovanın başını kəsib, onun həyat yoldaşı Vəfadar Həsənovun isə ürəyinə bıçaqla zərbə vurub.

İlkin versiyaya görə, o, izi itirmək üçün mərhumların yaşadıqları evi yandırıb.

Ancaq bu fakt sonradan öz təsdiqini tapmayıb. Belə ki, hadisə vaxtı divanın üstünə siqaret düşüb və tüstülənmə yaranıb. Səs-küyə gələnlər yanğının başlamasının qarşısını alıblar. Bunu ailəyə yaxın olan şəxslər bildiriblər.

Xatırladaq ki, hadisə olan gün Vəsilə Həsənova 40-cı yaşına qədəm qoyacaqdı. Onun əri Vəfadar Həsənov xanımını təbrik etmək üçün elə gecə ikən sifariş etdiyi tortu və gül dəstəsini ona təqdim edir. Bir neçə dəqiqə sonra isə onların hər ikisi qətlə yetirilir.

Qonşuların sözlərinə görə, onların yaşadıqları M.Ziyadov küçəsində yerləşən iki mərtəbəli həyət evi müasir təhlükəsizlik sistemi ilə təchiz edilib. Amma evi və ev sahiblərini yaxşı tanıyan F.Hüseynov hasardan üzüm çardağına dırmaşmaqla birinci təhlükəsizlik maneəsini asanlıqla yarıb və çardaqdan ikinci mərtəbədəki eyvana daxil olub. Cinayətə əvvəlcədən hazırlıqlı olan F.Hüseynov burada qəfil hücumla ər-arvada bıçaqla çoxsaylı zərbələr endirib və onların öldüyünə əmin olandan sonra evdən çıxıb.

Səs-küyə gələn uşaqlar və ailənin digər üzvləri qətlin məhz tanıdıqları Fədail tərəfindən törədildiyini görüblər.

Hadisə ilə bağlı ilkin araşdırma və əməliyyat-axtarış tədbirlərinə başlayan hüquq-mühafizə orqanları F.Hüseynovun atası Güloğlan Hüseynovu və qardaşı Nuru Hüseynovu polis idarəsinə dəvət ediblər. Bu müddət ərzində o da məlum olub ki, F.Hüseynov məlum cinayəti törətməzdən az əvvəl və ya az sonra Həsənovların Saray qəsəbəsində yerləşən digər evinə gedibmiş və burada hansısa sənədləri axtarırmış.

Dünən saat 10:45 radələrində atası ilə telefonda danışan F.Hüseynov özü polis idarəsinə gələrək təslim olub. Onun cinayəti törətdiyi bıçaq hadisə yerinin yaxınlığındakı həyətdən tapılıb.

***

Dünən Abşeron Rayon Məhkəməsində keçirilən iclasda Fadail Hüseynov Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi (iki və ya daha çox şəxsi öldürmə) ilə təqsirləndirilərək barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.