“SİÇOVUL TEXNOLOGİYASI”

24-03-2017, 10:55           
“SİÇOVUL TEXNOLOGİYASI”
Hazırkı duruma məşhur “siçovul kralı” adlı texnologiyanın tətbiqilə nail olunmuşdur. Bu texnologiyanın məqsədi ictimai konstruksiyanın vacib düyünlərini, gözlə görünməyən özülünü, bəndlərini dağıtmaqdan ibarətdir. Məqsəd hər kəsin öz başının hayında olması və “bizimkidir” anlayışının aradan qaldırıldığı xıncalanmış ab-havası olan mühit yaratmaqdır. Buna nail olmaqçün mənəviyyat sındırılmalıdır. Sındırılmış mənəviyyatın göstəricisi özününkünün özününkünə xəyanətkar hərəkətidir.

Bu texnologiyanın mahiyyəti siçovulların timsalında açılır. Bu heyvan ilk növbədə sağ qalmaqçün ifrat çarpışmaq qabiliyyətilə seçilir. Belə yaşam qabiliyyətinin kökündə aralarındakı ictimai birlik durur. Siçovullar inanılmaz dərəcədə ictimailəşən heyvan növüdür. Onlar “iş dalınca” birgə gedər, bir birlərinə yardımçı olar, köməklik göstərər, imkan olarsa yaralılarını yerdə qoymazlar. Onlar özlərini vahid orqanizm kimi hiss edir, həmçinin vahid orqanizm kimi davranırlar. Onlar məlumatları aralarında dərhal bölüşür, təhlükə barədə dərhal xəbərdarlıq edir, müdafiə vərdişlərini bölüşürlər. Belə davranışda fərdi maraq güdülmür. Müdafiə mexanizmi mənəvi təbiətə malikdir.

Siçovullarla mübarizənin əsasında ən effektli üsul müdafiəni dağıtmaqdır. Belə ki, müdafiə mənəviyyata əsaslandığından nəticə etibarilə həmin üsul mənəviyyatı dağıtmağa yönəlməlidir. Birdən olmasa da, tək-tək də sındırmaq olar, tədricən. Bununçün rasional məntiqin həlledici əhəmiyyət daşıyacağı şərait yaradılır. Ən əsası, bu vaxtadək mütləq yasaq hesab olunmuş birinci addımı atmağa məcbur etməkdir.

Təcrübə belə aparılır. Gövdəli və güclü siçovulu götürürlər, qəfəsdə acından ölməyin son anınadək saxlayırlar, sonra qabağına yenicə öldürülmüş siçovul atırlar. Bir qədər tərəddüddən sonra siçovul öz yoldaşını yeyəsi olur. Rasional məntiq deyir: bu siçovul artıq yoldaşım yox, yemimdir. O onsuz da ölüb, mənsə yaşamalıyam. Deməli, yemək lazımdır.

İkinci dəfədə mənəviyyatsızlığın pilləsi qaldırılır. Qəfəsə ölümcül siçovul atılır. Yeni “yemək” ölü kimi olsa da, ölməyib, canlıdır. Yenə də rasional məntiq işə düşür. O onsuz da öləcək, mənsə yaşamalıyam. Beləliklə, siçovul gözgörəti canlı olan öz yoldaşını parçalayır.

Üçüncü dəfə qəfəsə tam sağlam və canlı, lakin bir qədər gücsüz “yem” atılır. Güclü siçovulda yenə rasional məntiq alqoritmi işə düşür. Onsuz da yeməyə heç nə yoxdur, o özlüyündə düşünür. Guya ikimiz də acından ölsək nə olacaq ki? Qoy elə güclü kimdi, o yaşasın. Nəhayət, güclü də yaşayası olur.

Diqqət edin, hər dəfədən dəfəyə qərar verdikdə daha az zaman sərf olunurdu. Həmçinin, mənəviyyatsızlıq səviyyəsi hər dəfə yüksəlməyə yönəlirdi. Bir müddət sonra siçovul artıq düşünmürdü. O öz yoldaşlarına yem kimi yanaşır. Hər dəfə qəfəsə yeni siçovul atdıqda o, üstünə şığıyıb parçalayırdı. “Yeməli, yoxsa yeməməli?” sualı ortadan götürüldüyü andan etibarən onun mənəviyyatı sınmış olur. Sonra onu geriyə, vaxtilə götürüldüyü cəmiyyətə qaytarırlar. Bu artlq, o siçovul deyil. Bu artıq, mənəviyyatsız yad varlıqdır. Hərəkətlərində ancaq eqoist məntiq hökmranlıq edir. Ətrafdakılar bundan bixəbərdirlər. Onlar onu özününkü bilir və tam güvənirlər.

Siçovulabənzər varlıq belə fikrə gəlir: əgər ətrafımda isti, təzə-tər yeməklər varsa, kənarda niyə yem axtarmalıyam? Rasional məntiq edəcəyi hərəkətin xarakterini təyin edir. Siçovulyeyən ondan şübhələnməyənin birini seçir və aşırır.

Tezliklə o qərara gəlir ki, ən sərfəli variant aşkarda hücum çəkib parçalamaq yox, bunu hamıdan gizlin etməkdir. Növbəti dəfə hər hansı bəhanəyləsə öz qurbanını gizli, dolambac yerə çəkir və onu da həzmi-rabə edir. Siçovul cəmiyyəti aralarında “keçi dərisi geymiş canavar” olduğuna tam əmin olduqda yerlərini tərk edirlər. Həm də, təcrübə zamanı yüz haldan yüzündə də eyni hal təkrarlanırdı. Siçovullar hər dəfə sanki transformasiya olunmuş siçovulun flüidlərindən zəhərlənməkdən qorxurdular. Onlar onun kimi olmaqdan qorxurdular. İnstinktiv hiss etdikləri: əgər onların şüuru yeni düzənə uyğunlaşarsa, həddini bilməyən, satqınlardan və istehlakçılardan ibarət cəmiyyət yaranacaq. Mənəviyyatsızlıq mühiti sosial müdafiə mexanizmini dağıdacaq və hamı məhv olacaq. Hətta siçovullar belə, vəhdəti parçalayan daimi müharibə və dartışmalar olan vətəndaş cəmiyyətində yaşamaq istəmirlər. Siçovullar insanlardan daha dərrakəlidirlər. Onlar haqlı olaraq, siçovul elitasında eqoist rasional məntiq hökm sürəcəyindən ehtiyatlanaraq yerlərini tərk edirlər.

İnsani anlamda azadlığın olmaması, insanda olan güclü intellektin onlarda olmaması siçovulları belə transformasiyadan qoruyur. Onlar instinktə əsaslanırlar. Onlarda instinkt cəmiyyətin əsas dəyəri kimi, yemək əldə etməyi, yaxud hər hansı siçovulun həyatını yox, mənəviyyatı ehtiva edir. Bu, istənilən ictimai konstruksiyanın təməlini təşkil edir. Onun naminə bu cür yoluxmaların mənbəyindən uzaqlaşırlar. Siçovullar təməli qoruyaraq, ənənəvi dəyərlər şkalasını saxlamaqla növ kimi yaşayırlar.

İnsan cəmiyyətinin dağıdılması “siçovul kralı” texnologiyası ilə həyata keçirilir. Zərbə mənəviyyatın dağıdılmasına tuşlanır. Hər növ üsullarla “bizimkidir” anlayışı sıradan çıxarılır. İstehlakçı cəmiyyət öyrədir: özününkü deyilən bir kəs yoxdur. Hər kəs yaddır, hamı potensial yemdir. Onlardan ən rahat olanı elə sənin yanında olan və səni özünə doğma biləndir. O heç şübhələnmir də ki, sən “siçovul kralı” deyilsən. O əmindir ki, sən onu diri-diri yeyəcəksən. Belə “siçovul kralları” cəmiyyətimizdə davamlı şəkildə artmaqdadır. Onlar ən təhlükəli yırtıcılardır. Onlar qrup şəklində cəmlənirlər, həmvətənlərini heyvan sürüsü(yem) kimi nəzərdə tuturlar. Öz xoşbəxtliyini başqalarının hesabına qura bilmək “həqiqətinin” mümkünlüyünü dərk edərək, onlar xalqı aşkarca diri-diri yedilər. Sonra anladılar – ən ədəb-ərkanlısı, bunu gözəl, təmtəraqlı sözlər altında etməkdir.

Xalq ekranlardan ümid, azadlıq və bərabərlik haqda söz yağışına tutulur. Əvvəl “krallar” verdikləri sözə əməl etmirlər. Bu onlarçün ancaq və ancaq “yem”i cəzb etmək vasitəsidir. Onlar gözəl sözlər altında özlərinə yem etməkçün cəmiyyətin vacib həlqələrinə həmlə edərlər. İldən ilə qüvvə toplayar, daha da güclənər, daha fəndgir və təhlükəli olurlar. Ən əsas təhlükələri onların zahirən sağlam cəmiyyətin üzvlərindən fərqlənməmələridir. Onlar başqa yoldaşlardan da yaxşı görünəcək qədər maskalana bilirlər. Sözlərinə yox, əməllərinə baxmayınca onların mahiyyətlərini anlamazsan.

Cinayət sektorunda ciyildəşən kiçik “siçovullar” fikirləşirlər – sərxoş sərilib yerə, cibində pul. Onsuz da kimsə cıbıdacaq. Mənə nə gəlib? Sakitcə, cibindən çəkir. Sonra yarımsərxoşdan da həmin qaydada. İzahı belədir: onsuz da arağa tozlayacaq, mənəsə yaxşı işlərə görə lazımdır. Sonra belə fikir ağlına gəlir: madam pul hamıya çatmırsa, demək hamı pis yaşayır, onda qoy ən güclü olan yaşasın. Sonra növbəti qurbanı ələk-vələk edir, kəlləsinə vurur və cibini soyur. Mənəviyyatsızlıq varsa, bu məntiqə qarşı çlxmaq olmur.

Biznesdəki məntiq əvvəl adamı işdən xaric etməyin və küçəyə atmağın mümkünlüyü fikrini yaratdı. Fikir gedişatı belədir – əgər işdən çlxartmasam, özüm müflisləşərəm, nəticədə o onsuz da küçədə qalacaq. Elə özüm də onun kimi. Madam ki, o çöldə qalacaq, elə mənsiz qalsa yaxşıdır və onu işdən çıxarır.

İkinci hal: qoy işləsin, maaş verməmək də olar. Yoxsa, müflisləşərəm, hamımız işsiz qalarıq. Belədə müəssisə dağılmır. Lakin, əmək haqqlarının şüurlu şəkildə yubadılması başlayır.

Üçüncü hal: məsələn, sahibkar bilərəkdən sağlamlığa ziyanlı olan məhsul istehsalına başlayır. Tanımadığım adamların taleyini düşünsəm, müflisləşərəm. Qoy özlərinə çarə qılsınlar. Onunçün insanlar ağzına rahatca girə bilən canlı ətdən başqa bir şey deyil.

Siyasətçilər də eyni cür mühakimə edirlər. İlk sınma olan – cəsədin yeyilməsi, bu, yerinə yetirilməsinin qeyri-mümkünlüyünü bilərək, söz verməyin analoqudur. Məntiq: çoxlu vəd verməsən, səni seçməzlər, səndən pis olan, boğazını yalandan yırtan birisini seçəcəklər. Madam ki, bütün hallarda cəmiyyət aldanırsa, həm də sən birinci halda axmaq yerində qalacaqsansa, ikinci haldasa seçilmişlərdən olacaqsansa, qoy elə ikinci variant olsun.

İkinci mərhələ kimi, mənəviyyatın sınması olan, siçovulun yarımcan yoldaşını yeməsi, onun öz partiyasında həmkarıyla yer alveri etməsinin analoqudur. Məntiq yenə aydındır – seçkilərə pul lazımdır. Pul konkurentlərə çata bilər. Nəticədə, kimsə pulu götürəsi olacaq və bütün hallarda o adam seçiləsi olacaq. Bu labüddürsə, yaxşısı, özüm götürüm, nəinki kimsə.

Üçüncü mərhələ sağlam və canlı yoldaşın yeyilməsidir – cəmiyyətin ziyanına işləyəsi olan qanunların lobbiləşdirilməsidir. Məntiq həminkidir. Əgər sən cəmiyyətin talan edilməsində iştirakdan imtina edəsi olsan, bunu başqası edəcək. Adamyeyən qanunlar onsuz da qüvvəyə minəcək, belədirsə, fərqi nədir bu kimin vastəsilə ediləcək? Yaxşısı, qoy mənim vasitəmlə olsun.

Bu gün siyasi ictimai sektor miskin “siçovul” yığnağı təəssüratı yaradır. Onlarda müqəddəs, şəxsi heç nə yoxdur – ancaq biznes. Bu proses dayana bilməz. O, rasional məntiqə tabe olaraq daha da təkmilləşəcək.

Həmin rasional məntiqin köməkliyilə dövlət məmurlarının da mənəviyyatı tədricən sındırılmışdır. Əvvəllər pul təklif olunanda xəcalət çəkirdilər çoxusu. Sovetsayağı tərz sayılan “bu əclaflıqdır” işləyirdi hələ. Sonra rüşvətə başqa ad qoydular ki, “rüşvət” sözünə refleks aradan qalxsın və beləliklə proses işə düşdü.

Artıq heç kəs rüşvət almır – artıq “otkat”, “paket”, “şirinlik” var. Onlar artıq oğru yox, cəmiyyətin “imkanlardan istifadə etməyi bacaran” nüfuzlu şəxsləridir. Daha dəhşətlisi, bunun cəmiyyətin gözü önündə leqallaşmasıydı. İnsan öz namusuyla alver edə bildi. Cəmiyyət ona xəzinəni etibar etdi, o isə onu yırtıcılara rüşvət kimi payladı. Tərbiyəli qadın pul müqabilində onunla intim yaxınlıq təklifini rədd edər. Xalqın ictimai rifahıyla alver edən istehlakçı cəmiyyətin məmurları bədənini satan qadından daha artıq alçaldılar. Eləsi heç olmazsa öz bədəniylə alver edir, bunlarsa başqasınınkıyla. Bu isə onların dilində “həyata işgüzar yanaşma” adlanır. Müəyyən mərhələdə iş elə həddə çatdı ki, hətta hökumət sektorunda özlərinə məxsus qiymətləndirmə və qaydaları olan bazarın rəsmi tanınmasını təklif etdilər. Bu varsa, bunu niyə qanuniləşdirməyək? Sadə dildə desək, xəznə oğurluğu və korrupsiyanın, əlavə kimi də fahişəliyin qanuniləşdirilməsi təklif olunur. Yəni, bu onsuz da var! Hər üç eybli təklifin leqallaşması keçməsə də, çürümə prosesi gedir, hər şey dəyişir…

Məsələn, vicdan – o, alver anında buxarlanır.

Dövlət qulluqçularının mənəviyyatlarının sındırılmasının birinci mərhələsi – məsələn, leqal olan , lakin sürətli iş icrası üçün minnətdarlıq əlaməti kimi rüşvət təklif edilir.

Sonra “yarıcan olanı yemək” təklifi gəlir. Məsələn, hər hansı məktəbin büdcədən maliyyələşməsinə nail olmaq təklifi və ayrılmış məbləğdən “otkat”ı(geri qaytarılan pul) götürmək. Məntiq dəyişməz qalır – sən imtina edəcəksən, başqası razı olacaq bunu etməyə. Həm özün qazanacaqsan, həm də uşaqlarına xeyir.

Üçüncü mərhələ “canlının və sağlamın yeyilməsi”dir. Xeyirxahlıq etmək bəhanəsilə məsələn, xəstələrçün ayrılan pulu oğurlamaq təklifi gəlir. Bu sxem zahirən o qədər qüsursuz görünür ki, heç kəs bu işə mız qoya bilməz. Bunu ancaq bilən bilir. Yenə də həmin məntiq – sən qamarlamasan, başqaları qurdalanacaq. Büdcəni “mişarlayacaqlar”, sən yenə axmaq yerində qalacaqsan.

Bu məntiqi əxz edənlər və atkeçməz yolları keçən “siçovul kralalları” cəmiyyətə buraxılır. Onlar öz xalqını yem kimi qəbul edirlər. Yem ürəkləricədir, artıq təşəbbüskar özləri olacaqlar. İştah yüksəlir, texnika təkmilləşir, “siçovullar” aralarında rəqabət yaradacaq qruplaşmalar halına gəlir. Hər şey aydın olsun deyə, qruplaşmanın üzvləri öz iş ortaqlarını özününkü saymır. Bu anlayış çoxdan itmişdir. Bu partnyorluq başqa yoldaşları yeməkçün bir-birlərinə köməkçi olmaqçündür. Bir partnyor zəifləyən andaca daha güclüsü onu yeyir. Yeyilən və yeyən aralarında yenə də partnyor olaraq qalırlar. Hətta yeni əxlaq kultivasiya olunur – yəni, inciməyin yeri yoxdur, özünsən günahkar, zəifləməyəydin, mən olsa-olsa fürsətdən yararlandım.

Şəxsi heç nə ola bilməz, bu biznesdir!

Yeni şərait yeni məntiq doğurur. Partnyorluq zəifi yeməyə gətirib çıxarır, həmin zəif, qardaşın olsa belə. “Siçovullar” ömürlük partnyor olaraq qalırlar, hətta ölənədək. Yoldaşları tərəfindən “dadına baxılacaq”, aradabir “dişləm” götürülmüş zəif partnyorlar hərdən fürsət tapıb öz “siçovul krallarına” yaltaqlanaraq yuvalarının zibilini atırlar. O, bu şəkildə əvvəlki yerinə qayıtmağına ümidlidir. Bu kimlərəsə nəsib olur və “naxışı gətirir”, onu arada heç nə olmamış kimi aralarına qəbul edirlər. Bəs nə bilmişdin, məni yemək istədilər, imkan vermədim. İndi bir yerdə oturub, düşünüb-daşınırıq, kimi necə yeyək. Həm də bir-birlərini nəzarətə götürürlər, görüm zəifləyibmi, onu yeməyə başlayım. Əsas, partnyorun gücü və onun səni yeməyə nə dərəcədə hazır olması faktorudur.

Təsvir olunan mənzərə olsa-olsa indiki əxlaqın solğun əksidir. Nə qədər ki, insanlar azadlıq, xoşbəxtlik, bərabərlik “oyunlarını” oynamaqçün elektorat “vəzifəsindədirlər”, seçkilərə gedirlər, “narıncı” inqilablarda iştirak edirlər, özləri də anlamadan “siçovul kralları” törədən sistemi yaratmalı olurlar. Bu gün insanlar bir-birlərini yeyirlər. Sırtıqcasına və ya yalan yoluyla, texnoloğiya burada ikinci dərəcəlidir. Ən əsası odur ki, bu adamyeyənlikdir. Bəli, yuxarıda oturanlar özləri qana bulaşmırlar. Aşkar talançılıq aşağıdakı “siçovullar” arasındadır. Adamyeyənlik bilavasitə yuxarılara bağlı olduğundan, bu özü də adamyeyənlikdir. Miqyası isə aşağıdakıların yuxusuna da gəlməyəcək dərəcədədir.

Yuxarıda yazılan qaydada mənimsənilən pullar başqalarının kədəri, iztirabları, ölümü hesabına əldə olunur. Əgər “siçovullar”ın sifətləri piydən işıldayırsa, demək kimsə həyatını itirmişdir. Bu ancaq bizə elə gələ bilər ki, zəif partnyorlar pul kisələrinı itirməklə canlarını qurtarırlar. Yox, bu proseslər cəmiyyətin zəif üzvlərinin fiziki məhvinə gətirib çıxarır. Buna əmin olmaqçün ölüm və doğuşların dinamıkasına nəzər yetirmək yetərlidir.

Rusiya “siçovul kralları”nın hakimiyyəti altında məhvə gedir.
Aleksandr və Olqa Belyavskilər
mənbə Aki Rama.//

Tərcümə – İlqar Tağı












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.