Qanunsuz fəaliyyət göstərən taksilərə qarşı reydlər başladı: - 21 sürücü cərimələndi

24-03-2017, 14:13           
Qanunsuz fəaliyyət göstərən taksilərə qarşı reydlər başladı: - 21 sürücü cərimələndi
Bakı Nəqliyyat Agentliyi Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsi ilə birgə paytaxtın inzibati ərazisində qeyri-qanuni taksi fəaliyyəti göstərən, o cümlədən taksi minik avtomobilləri üçün qanunla müəyyən edilən tələbləri pozan, fərqlənmə nişanı olmadan bu fəaliyyət növü ilə məşğul olan və yol hərəkəti qaydalarına əməl etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib.

Bu barədə Trend-ə Baklı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Qurum rəsmisi bildirib ki, məqsəd həm şəhər sakinlərinin, həm də istirahət üçün paytaxtımıza gələn yerli və xarici turistlərin rahatlığını, onlara keyfiyyətli, eyni zamanda təhlükəsiz taksi xidmətinin göstərilməsini təmin etməkdir:

"Martın 23-də paytaxtın Azneft meydanı, Neftçilər prospekti, Dilarə Əliyeva, 28 May və digər mərkəzi küçə və prospektlərində keçirilən birgə reyd zamanı taksi fəaliyyəti ilə məşğul olan sürücülərin bir çoxunun müvafiq qanunvericiliyin tələbinə əməl etmədiyi müəyyən edilib. Nəticədə 21 taksi sürücüsünə qarşı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinin tələbinə (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) uyğun protokol tərtib edilib. Bununla yanaşı, Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları taksi sürücüləri ilə geniş maarifləndirici söhbətlər aparıb. Bir daha onlara qanunvericiliyin tələbləri ilə üzərilərinə düşən məsuliyyətləri izah edilib".

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, taksi xidməti sərnişinlərin rahatlığını və təhlükəsizliyini təmin edə bilən və bu növ daşımalar üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz vəziyyətdə olan avtonəqliyyat vasitələri ilə həyata keçirməlidir. Taksi sürücüləri avtomobillərini hər yerdə deyil, yalnız müəyyən edilmiş duracaq yerlərində saxlayıb müştəri gözləməlidirlər. Qeyd olunan tələblərə cavab verməyən şəxslər Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən inzibati məsuliyyətə cəlb olunacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.