İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin mətbuat xidmətinin rəhbəri Telman Mirzəyev: “Avtandil Məmmədov sədr müavini kimi fəaliyyət göstərir”
25-03-2017, 10:37
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədr müavini Avtandil Məmmədovun martın 18-də sədr müavini kimi fəaliyyətinin dondurulması barədə xəbərlər həqiqətə uyğun deyil. Qeyd edək ki, bu məlumatı “Şimal xəbərləri”nə A. Məmmədovun Quba polisi tərəfindən dindirildiyi gün komitənin sədri Elşad Həmidov vermişdi. O, bildirmişdi ki, A. Məmmədovun fəaliyyətinin dondurulması barədə qərarı onun Quba rayon polis şöbəsində saxlanılmasından sonra icra edib. Vəziyyət araşdırıldıqdan sonra onun komitədə qalıb-qalmayacağı barədə də qərar veriləcək.
Komitənin mətbuat xidmətinin rəhbəri Telman Mirzəyev “Şimal xəbərləri”nin sualına cavabında yayılan informasiyanı təkzib edərək Avtandil Məmmədovun sədr müavini kimi əvvəlkitək fəaliyyətdə olduğunu bəyan etdi.
Əməkdaşımız A. Məmmədovla da əlaqə saxlayıb. Xüsusi işlər üzrə sədr müavini onun fəaliyyətinin dondurulması barədə heç bir qərarın olmadığını açıqladı. Digər suallarımıza isə yaxın vaxtlarda cavab verəcəyini bildirdi. Komitənin adının çəkilməsini istəməyən bir nümayəndəsi isə, A. Məmmədovun polis şöbəsində sorğu-sual edilməsi ilə əlaqədar təşkilatda ciddi fikir ayrılığının yarandığını açıqladı.
Qeyd edək ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin xüsusi işlər üzrə sədr müavini A. Məmmədov 18 mart, saat 1700 radələrində Quba rayon polis şöbəsinə çağırılaraq altı saata yaxın sorğu-sual edilmişdir. Gecə saat təxminən bir radələrində sərbəst buraxılan Avtandil Məmmədov müxbirimizə bildirmişdi ki, onu hüquqlarını qoruduğu şəxsin şikayəti əsasında dindiriblər. Lakin müsahibimiz bunu şantaj adlandırmışdı. Onu da bildirmişdi ki, xarici pasportu və şəxsiyyət vəsiqəsi polis şöbəsində saxlanılır və o, müəyyən şərt daxilində sərbəst buraxılıb.
Komitənin sədr müavini A. Məmmədov “Şimal xəbərləri”nə geniş müsahibə vermişdi. Qarşı tərəflərin də mövqeyini tam öyrəndikdən sonra mövzuya qayıdacağıq.
“Şimal xəbərləri”