Avropa üzərində yeni terror kabusu – təhlükəsizlik ekspertindən İŞİD proqnozu

27-03-2017, 11:11           
Avropa üzərində yeni terror kabusu – təhlükəsizlik ekspertindən İŞİD proqnozu
Arzu Nağıyev: “Baş verənlər gözlənilən idi, Avropa təlatüm içindədir…”
Terror Avropanı yenidən ağuşuna alıb. Martın 23-də Londonda baş verən terror zamanı hücumçunun idarə etdiyi avtomobili səki ilə yanaşı sürməsi və bir polisi bıçaqlaması nəticəsində 5 nəfər həlak olub, 40 nəfər xəsarət aldı. Artıq İŞİD hadisənin məsuliyyətini öz üzərinə götürüb.
Hadisə ilə bağlı ötən il avtomobil hücumuna məruz qalan Fransa və Almaniya liderləri Britaniyaya dəstək bildiriblər. ABŞ prezidenti Britaniya təhlükəsizlik qüvvələrini tərifləyərək itkilərlə bağlı başsağlığını bildirib. Eyni zamanda Belçikanın baş naziri Charles Michel öz twitter hesabında yazıb ki, Belçika terrora qarşı mübarizədə Britaniyanın yanındadır. Başsağlığını Rusiya, Türkiyə və Kanada hökumətləri də bildirib.
Bununla yanaşı, martın 23-də Belçikada da terror həyəcanı yaşanıb. Belə ki, Antverpen şəhər polisi avtomobili yüksək sürətlə idarə edərək küçədəki izdihamı vurmaq istəyən sürücünü həbs edib. “Belga” agentliyi xəbər verib ki, hadisə zamanı heç kim xəsarət almayıb. Avtomobil hərbi patrul tərəfindən saxlanılıb. Antverpen meri Bart de Vever mümkün terror aktının qarşısının alındığını deyib.
Martın 26-da isə ABŞ-da, Ohio ştatının Cincinnati şəhərindəki gecə klubunda atəş açılandan sonra bir adam ölüb və azı 14 nəfər yaralanıb. Bu hadisənin də terror məqsədilə törədilməsi istisna edilmir.

Ekspert Arzu Nağıyev “Yeni Müsavat”a açıqlamasında Avropada yaşanan bu cür hadisələrin gözlənilən olduğunu dedi: “Londonda baş verən terroru İŞİD-in öz üzərinə götürməsi məqsədli şəkildədir. İŞİD hadisəni öz üzərinə götürməklə, varlığını sübut etməyə çalışır. Bildirmək istəyirlər ki, yaşayırıq, maliyyə dəstəyimiz, bizi dəstəkləyən qurumlar var. Bu, əsas məsələlərdən biridir. Ümumiyyətlə isə Avropada baş verən bu kimi hadisələr gözlənilən idi. Son zamanlar istər ”Breksit” məsələsi, istər Avropa Birliyində rəhbərlərin seçilməməsi, istərsə də millətçilərin hakimiyyətə gəlmək cəhdləri kimi hadisələrin sonunda sensasiyalı olayların baş verəcəyi gözlənilirdi. Proseslərin əsasında siyasi məsələlər dayanır. Avropa bu gün təlatüm içindədir. Yəni öz siyasi istiqamətini seçmək üçün müxtəlif variantlara əl atır. Eyni zamanda seçkilər dövrüdür və ABŞ-la Böyük Britaniya arasında sona qədər razılığa gəlinməyən məsələlər var. Bütün bu proseslərin fonunda terror aktları gözlənilən idi. Artıq dəsti-xətt də dəyişdirilib. Əsas məsələ parlamentin yaxınlığında və digər yerlərdə turistlərə, hüquq-mühafizə orqanlarının işçilərinə hücumlar etməkdir. Partlayıcı vasitələrdən istifadə, kamikadzelik etmək isə artıq ikinci plana çəkilib. Sona qədər inandırıcı deyil ki, bu, İŞİD-in dəsti-xəttinə bənzəyir. Sadəcə olaraq, tək-tək görülən işləri də İŞİD öz boynuna götürür ki, varlığını sübut etsin”.
Ekspert bildirib ki, son zamanlar baş verən bəzi olaylar Avropa tərəfindən qızışdırıcı addımlar kimi qeyd olunur: “Bu gün Avropanın bir sıra hava nəqliyyatını yerinə yetirən təyyarələrə nootbukların, digər bu kimi əşyaların keçirilməsinə qadağa qoyulub. Bu siyahıda Türkiyə və digər ərəb ölkələrinin də olması, sanki Avropa tərəfindən qızışdırıcı faktorlar kimi qeyd olunur. Bütün proseslər siyasi məsələlərdir və seçkilər dönəminə aiddir. Bundan isə ustalıqla istifadə edən siyasi qüvvələr, seçki öncəsi terroru da vasitə kimi istifadə edirlər”.
İŞİD-in hazırkı durumunu isə A. Nağıyev aşağıdakı kimi təhlil edib: “Bir müddət öncə Rusiya, istərsə də digər dövlətlər bildirirdi ki, Rakkaya hücum olacaq. Lakin bir sıra Qərb politoloqları, eləcə də biz özümüz də söyləyirdik ki, Rakka adi şəhər deyil ki, ora qəfildən kimsə hücum edə. Bu gün görürük ki, artıq Rusiya və digər dövlətlər ora hücum etməkdən imtina edirlər. Rakka Orta Şərqin mərkəzində olan şəhərdir. Eyni zamanda İŞİD-in paytaxtıdır. İŞİD-lə bağlı bütün proseslər məhz Rakkadan idarə olunur. Kimsə desə ki, Rakkaya bu gün hücum edəcək, bu, qeyri-mümkündür. Bu gün həm İŞİD varlığını sübuta yetirməyə çalışır, eyni zamanda digər dövlətlərin də Rakkaya hücumdan imtina etməsi göstərir ki, İŞİD hələ də fəaliyyətdədir”.
Əli RAİS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.