Hacı Məmmədovdan yeni xəbərlər

29-03-2017, 09:25           

Qanqster hələ də müalicə müəssisəsində saxlanılır; o, niyə Qobustandakı həbsxanaya köçürülmür?


12 əvvəl həbs olunan və ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovdan yeni xəbər var. Bildirilir ki, hazırda Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan H.Məmmədovun səhhətində həyatını təhlükə altına alan problemlər yoxdur. Buna baxmayaraq, onu qanunda nəzərdə tutulduğu kimi, Qobustan Qapalı Həbsxanasına köçürülməsi üçün hərəkətlilik də müşahidə olunmur.


H.Məmmədovun İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsi 11 il qanunsuz olaraq MTN-də saxlanılmasından sonra baş tutmuşdu. E.Mahmudov kreslosuna yenicə əyləşdiyi dövrlərdə - 2005-ci ilin martında “Qara kəmər” əməliyyatı ilə H.Məmmədovu və onun dəstəsində olan və olmayanları həbsə aldırmışdı. Bundan sonra isə H.Məmmədovdan öz məqsədlərinə çatmaq üçün istifadə etmişdi. Sonradan məhkəmə H.Məmmədov barəsində ömürlük həbs cəzası çıxarsa da, E.Mahmudov onu 11 il ərzində qanunsuz olaraq MTN-in İstintaq Təcridxanasında saxlayırdı. Hər dəfə bu məsələ qalxanda isə H.Məmmədovun öz istəyi ilə MTN-də saxlanıldığı bildirilirdi. 2015-ci ilin oktyabrında E.Mahmudov vəzifəsindən çıxarılandan sonra bu məsələ yenidən gündəmə gəldi. Həmin dövrdə H.Məmmədovun mətbuatda müraciətləri peyda oldu. O, ötən illər ərzində Eldar Mahmudovun girovluğunda olduğunu, daim təzyiq altında saxlanıldığını, bəzi şəxslərin, həmçinin sabiq rəisi Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edildiyini bəyan etdi. Vəkil tutub Ali Məhkəməyə müraciət etməklə işinin yenidən araşdırılmasını tələb etdi. Onun Ali Məhkəməyə müraciəti təmin olunmadı, özünü isə gözlənilənlərin əksinə olaraq Qobustan Qapalı Həbsxanasına deyil, 2016-cı ilin aprelində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə apardılar. Bundan sonra Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov trend.az-a açıqlama verərək dedi ki, H.Məmmədov müəssisəyə konkret diaqnozla daxil olmayıb.


Həmin açıqlamadan sitat: “Hacı Məmmədov aprelin 25-də müəssisəyə müayinə məqsədilə daxil olub. Şikayəti əsasən tənəffüs problemləri ilə əlaqədardır, ağciyərində narahatlıq olduğunu bildirib. Daxil olduğu gündən onun müayinələri davam etdirilir, bütün tibbi tədbirlər görülür. Hazırda onun həyati təhlükəsi olmadığı bildirilir, vəziyyəti stabildir”.


Az qala 1 il əvvəl müəssisəyə konkret diaqnozla daxil olmayan, vəziyyəti stabil qiymətləndirilən H.Məmmədovu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlayırlar. Belə təəssürat yaranır ki, onu Qobustan Qapalı Həbsxanasına köçürməyə ehtiyat edirlər.


H.Məmmədovun Qobustan Qapalı Həbsxanasına nə vaxt köçürüləcəyi ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Xidmətdən bildirdilər ki, məhkumlarla bağlı məlumatlar yalnız onların ailə üzvlərinə və vəkillərinə verilə bilər.


Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov 2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi “Qara kəmər” əməliyyatı nəticəsində mütəşəkkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi mütəşəkkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Prezidentin imzaladığı sonuncu əfv sərəncamına əsasən Z.Nəsirovun barəsində çıxarılmış ömürlük həbs cəzası müddətli (15 illik) həbs cəzası ilə əvəzlənib.musavat.com//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.