“Azərbaycanda bəzən şişirdilmiş qiymətlərdən istifadə olunur” - deputat
29-03-2017, 10:36
“Azərbaycanda dolların kursu süni şəkildə aşağı salınır. Çünki dolların kursunun kəskin şəkildə aşağı düşməsinin və manatın kursunun yüksəlməsinin arxasında təbii bazası olmalıdır. Yəni, manatın kursunun yüksək olması üçün idxal-ixrac əməliyyatlarında müsbət saldo olmalıdır, tələb-təklif məsələsi uyğun olmalıdır və sairə”.
Bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Vahid Əhmədov bildirib.
V.Əhmədov deyib ki, son vaxtlar Mərkəzi Bank və Maliyyə Nazirliyi müəyyən qədər manat buraxmaqla, dolları müəyyən qədər ucuzlaşdıra biliblər. Amma bu uzun müddət davam edə bilməz:
“Uzun müddətli olması üçün biz qeyri-neft və real sektorları inkişaf etdirməliyik”.
Deputat həmçinin qeyd edib ki, dolların məzənnəsi aşağı endiyi üçün Rusiyada qiymətlər aşağı düşsə də, Azərbaycanda bu hal müşahidə olunmayıb:
“Dollar düşəndən sonra Rusiya bazarlarında 20 faiz ucuzlaşma gedib. Ancaq Azərbaycanda isə bu baş vermədi. Konkret olaraq Azərbaycanda bananın qiymətinə nəzər salsaq, görərik ki, bu məhsulun qiyməti aşağı düşməli idi. Çünki banan Azərbaycana dollarla xaricdən alınır. Dolların qiyməti isə aşağı düşdüyü üçün məntiqlə bananın da qiyməti aşağı düşməli idi. Burada ola bilər ki, indi bazarlarda satılan bananlar dolların əvvəlki kursu ilə alınıb və sairə. Digər tərəfdən isə şişirdilmiş qiymətlər də ola bilər. Fikir verdinizsə, bazarlarda bayramdan qabaq ayrı, sonra isə ayrı qiymətlər oldu. Nəticə etibarı ilə qiymətlər də düşmədi. Azərbaycanda bəzən şişirdilmiş qiymətlərdən istifadə olunur, bazarlarda qiymətlər qaldırılır və sairə. Axı nə üçün qəfil bananın və digər bu cür məhsulların qiyməti 2 dəfə qaldırılmalıdır? Bunun konkret səbəbi olmalıdır! Ona görə də buna ciddi nəzarət mexanizmi olmalıdır. Düzdür, İqtisadiyyat Nazirliyinin (İİN) Antiinhisar Siyasəti Departamenti bu sahədə müəyyən qədər işlər görsə də, ancaq bu kifayət etmir”.