ÖZÜMÜZÜ KƏSƏN BALTALARIMIZ:Ermənilər üç azərbaycanlını avtomobildə yandırdı – Sən demə, arvadının oynaşı…
30-03-2017, 06:53
Bu gün elə bir dövrdür ki, hər kəs tarixlə, keçmişlə baş-başa, üz-üzə olmaq istəyir. Bu günün insanı tarixlə bir hesablaşma sürəcini başlatmaq və bitirmək niyyətindədir. Ancaq tarix başlayan bu təması heç vaxt bitirib sonlandırana oxşamır. Ən azından ona görə ki, bizəqədər gələn bu zaman diliminin hər dəqiqəsində insanımızın yaşantılarındakısaysız-hesabsız faciələr, bədbəxtliklər, sevinclər, məğlubiyyətlər, qələbələr millətin adına yazılıb ona, hardasa böyük məsuliyyət yükləmiş olur.
Min il öncəni öyrənirik. Lakin heç də uzaq keçmişdə qalmayan bir sistemin, sövetlər dönəmində Azırbaycanda hər sahədə baş vermiş saysız-hesabsız hadisələrin çoxuyla kifayət qədər tanış deyilik. Bu hadiəslər, yaşantılar, insanımızın başına açılan oyunlar, onların yaşadıqları müsibətlər sonradan içində boğulduğumuz böyük fəlakətlərin qaranlığına öz gur işığını salır.
Bu layihəmizdə sovetlərin ən “bərkgedən” vaxtında Azərbaycanın bir çox rayonunun Daxili İşlər orqanlarında məsul vəzifə tutmuş, saysız-hesabsız hadisənin şəxsən iştrakçısı olmuş Ehsan Hacıyevin elə o zamanlar isti-isti qələmə aldığı yazılarını sizə təqdim edəcəyik. (Bunu da qeyd edim ki, Ehsan müəllimin bu yazıları qələmə almaqda vətəndaşlıq duyğusundan, yanğısından başqa heç bir niyyəti olmayıb. Yəni, onun yazarlıq adında da gözü yoxdur.) Bu yazılarla tanış olduqca, həm yaxın keçmişimizin tarixinin gizlinləri, incəlikləri, həm çökmüş böyük bir imperiya dediyimiz ölkənin sisteminin bütün yönlərini, həm də o dönəmdə imperiyaya tabe olsaq da, bu xalqın heç vaxt ağa qara deməyən şəxsiyyətləri ilə yanaşı, məkrli niyyəti ucbatından və ya məcburiyyətdənmi dolayı hər cür üsula əl atan insanları ilə də tanış olacaqsınız.
Oxuyacağınız ilk material hər bir azərbaycanlının qanını donduracaq, ruhunu sarsıdıb, onu dərindən düşünməyə vadar edəcək. Məqsədimiz keçmişi eşələmək, qarışdırmaq deyil. Məqsədimiz dünən baş verənlərdən sürətlə uzaqlaşan, geriyə baxmağa heç macal tapmayan insanImızı az da olsa, baş vermiş bəzi hadisələr fonunda yaxın keçmişin fəlsəfəsinə, sisteminə az da olsa bələd olmalarına yardımçı olmaqdır.
Yazıda adları keçən insanlarla heç bir şəxsi-qərəzliyimiz olmadığını da söyləmək istəyirik. Təkrarən deyirəm, bu, real hadisələrin iştirakçısı olmuş bir azərbaycanlı ziyalının vətəndaşlıq yanğısıyla qələmə aldığı materialdır.
Onu da qeyd edim ki, Ehsan Hacıyev Azərbaycan Sovet Respublikasının DİN-də işlədiyi müddətdə nümunəvi şəxslərdən biri olub.
Bu materialları tanış olmaq məqsədiylə mənə Ehsan müəllimin sonbeşik övladı dəyərli Vəfədar Hacıyev vermişdilər. Tanışlıqdan sonra hesab elədim ki, o dönəmin saralmış vərəqlərində kiril əlifbasıyla qələmə alınan bu maraqlı faktlarla çoxları da tanış olmaq istər, tanış olduqdan sonra heç də peşmanlıq hissi keçirməz.
Bir sözlə, keçmiş yalnız qaranlıqlardan, kölgələrdən, zülmətdən, acılardan ibarət deyil, keçmiş həm də bu yazılardan da görəcəyiniz kimi işıqdan, aydınlıqdan, kişilikdən, insanlıqdan da ibarətdir. Bu yazılar həm də insanımızın xarakterinin açılması baxımından ilgincdir.
Materialla bağlı kimin nə narahatlığı olacaqsa fikrlərini mənim e-mail ünvanıma yaza bilər (xanemir@box.az)
Xatırladım ki, Ehsan Hacıyev 1934-cü il 14 oktyabr tarixində Ağdaş rayonunda dünyaya gəlib. Əvvəlcə Mərdəkandakı Milis məktəbini, Azərbaycan İncəsənət İnstitutunun mədəni-maarif fakültəsini və keçmiş Kirov adına Azərbaycan Dövlət Unversitetinin hüquq fakultəsini bitirib. Milis podpolkovniki Ehsan Hacıyev 1993-cü il martın 20-də dünyasını dəyişib.
Elə isə, bismillah edib, ilk yazılardan biriylə tanış olaq.
STEPANAKERTDƏ (XANKƏNDİ) 3 NƏFƏR AZƏRBAYCANLININ YANDIRILMASI
1968-ci ilin iyul ayı idi, yay sessiyasından yenicə qayıtmışdım. Respublika CAŞ-nin rəisi milis polkovniki Fəzail Əliyev mənə tapşırıq verdi ki, bir ay müddətinə Stepanakert (indiki Xankəndi) şəhərinə xidməti ezamiyyətə gerdirsən. Lazım gəlsə vaxtınızı artıracağıq.Yəqin ki, məsələnin nə yerdə olduğunu bilirsiniz, bilmədiyinizə də yaxşı qulaq asın. Martuni rayonunun Qara Kəndi iki hissədən ibarətdir. Bir yarısında ermənilər, o biri yarısında da azərbaycanlılar yaşayırlar. Bir-biri ilə qonşuluqda yaşayan Benik və Zöhrab uzun illər ailələri ilə birlikdə mehriban dolanırlar. Ancaq bu yaxınlarda Benikin iki yaşlı oğlu itkin düşür. Çox axtarırlar, Zöhrab və ailəsi də onlarla axtarış aparır, axtarışın üçüncü günü uşağın meyitini Zöhrabın bağının kolluğundan tapırlar. Uşağın meyitində şalvardan yuxarı çılpaq bədənin də iki bıçaq yarası aşkar edilir. Bu ağır cinayətin açılması üçün DQMB-nin DİŞ-nin rəis müavini milis polkovniki Adamyanın rəhbərliyi altında əməliyyat istintaq dəstəsi təşkil edilir.
Cinayətin törədilməsində şübhəli şəxs kimi Zöhrab, onun qardaşı və xalası oğlu həbsə alınıb Stepanakert şəhərinə gətirilir. Adamyanın rəhbərlik etdiyi əməliyyat-istintaq qrupunun apardığı əməliyyat istintaq hərəkətləri belə nəticəyə gəlir ki, Benikin oğlunu öldürən Zöhrab, onun qardaşı və xalası oğlu olmuşdur. Hər üç nəfər azərbaycanlını ağır cinayət törətdiklərinə görə cinayət məsiliyyətinə cəlb edirlər. Cinayət işinə Azərbaycan Ali məhkəməsinin Cinayət işləri üzrə məhkəmə kollegiyasının üzvü Rzakov baxmalı olur. Deyim ki, Rzakov respublikada ən yaxşı bilici hakimlərdən hesab edilir. İyirmi günlük məhkəmə prosesinin sonunda ermənilərin təkidi ilə Rzakov hökm oxumaq üçün məhbusları yay kinoteatr klubuna, DİN-dən cəmi 300 metr aralıya gətirdir, hökm oxunur. Zöhraba 12 il, qardaşına 10 il, xalası oğluna 6 il həbs cəzası verilir. Bundan narazı qalan Stepanakert erməniləri, kimi bıçaq, kimi dəhrə – balta, kimi zalda olan stulları sınıdırıb ayaqları ilə məhbusların üstünə tökülərək onları öldürmək istəmişlər. Zöhrab özünü bir təhət məhbus avtomaşınına salır, ermənilər dərhal avtomaşının qapısını bağlayıb, avtomaşını aşırıb benzin bakıına od vuraraq yandırmışlar. Barmaqlı qapıya hər yaxınlaşanda yaralı Zöhrabı bıçaqla vururlar, geri çəkiləndə isə onu od yandırır. Beləliklə, hər üç məhbusu öldürüb, meyitlərini də yandırırlar. Yanandan sonra Zöhrabın başını kubiklə əzirlər, onun ağzından taxma qızıl dişi düşür, ermənilər onu da götürürlər.Bu son dərəcə işgəncəli hərəkətlərə hamı eləcə baxır, konvoy dəstəsindəbuna dözməyən balaca boylu özbək əsgər oğlan dəfələrlə konvoy dəstəsinin rəhbərinə tədbir görsün deyə xahiş etsə də, komandir heç bir tədbir görmür. Özbək oğlan icazə gözləmədən avtomatdan atəş açıb üç nəfər ermənini yaralaya bilir, yaralının biri öldürülmüş uşağın atası Benikdir. Sonra onun sağ ayağını dibdən kəsiblər, hazırda Stepanakert rayon xəstəxanasında müalicə olunur. Hadisə ilə əlaqədar Azərbaycan KP MK-nın birinci katibi Axundov, Nazirlər Sovetinin sədri Əlixanov, Ali Sov.Rəyasət heytinin sədri İskəndərov, bizim nazir və başqa rəhbərlər Martuni rayonunda olmuşlar. Belə ki, meyitlər Bakı şəhərinə gətirilib, ekspertiza baxışından keçirilib, sonra Martuni rayonunda dəfnləri təşkil edilib. Bütün bunları sənə ona görə danışıram ki, hadisə haqqında təsəvvürün olsun.Hazırda Stepanakert şəhərində AZ.SSR DİN-dən, respublika DTK-dan, respublika prokuroroluğndan nümayəndələr işləyirlər.
CAŞ-dən bölmə rəisi milis polkovniki Fərrux Allahverdiyev, mühim işlər üzrə baş əməliyyat inspektoru Rəşid Qurbanov, Bayır xidməti şöbəsindən inspektorlardan milis baş l-tı Salmanov, milis l-tı Əliyev fəaliyyətdədirlər. Bir də milis nəfərlərinin təkmilləşmə kursuna toplanmış, kursun rəhbəri milis podpolkovniki Namazovun rəhbərliyi altında 120 nəfər sizin sərəncamınızdadır.Qalanlarını özün gedib görəcək və biləcəksən.
****
Beləliklə, mən Stepanakert şəhər Dİİ-nə gəldim.Rəisimin dedikləri ilə yanaşı öyrəndim ki, Stepanakert şəhər Dİİ-nin rəisi milis polkovniki Poqosyan məzuniyyətdədir. Şəxsi heyəti, işlərini davam etdirmək üçün Stepanakert şəhər DİŞ-ini binasına köçümüşlər. Ancaq Bakı ilə əlaqə saxlayan “BÇ” telefonu yanında Dİİ-si növbətçi hissəsi fəaliyyət göstərir. İşlə ilkin tanışlıqdan aydın oldu ki, Respublika Prokurorluğunun istintaq briqadası təşkil edilib, cinayət işinin icraatı mühim işlər üzrə baş müstəntiqi Ağaverdi Abbasovdadır, ona prokuror, milis, DTK, Armiya-Flotun 18 nəfər müxtəlif millətlərdənolan (azərbaycanlı, erməni, gürcü,rus, yəhudi, ləzgi və belorus) müstəntiqlər kömək edirlər.Ümumi rəhbərlik isə Respublika Prokurorluğunun istintaq şöbə rəisi İbrahim (Saşa) Babayevə həvalə edilib, Respublika prokurorunun müavini Barıkin isə qərarlara imza etmə və prossesual qanunlara nəzarət funksiyasını həyata keçirir. Daxili xidmət qoşunununiki konvoy dəstəsi tədbirlərin həyata keçirilməsi və məhbusların mühafizə işlərini yerinə yetirirlər.İstintaqın gedişi bütün sahələr üzrə çox ciddi vəprossesual qaydalara əməl edilərək gün ərzində davam edir. Hər gün işin sonunda bütün əməkdaşlar zala yığılır, gün ərzində aparılmış əməliyyat istintaq tədbirləri müzakirə edilir, çəkilmiş filmlər ekranda canlandırılırdı.
Biz əməliyyatçılar, əməliyyat tədbirləri yolu ilə əldə etdiyimiz istintaqa yararlı məlumatları məruzə edir və istintaq üçün lazım olan sualların açılması üçün gərəkli tapşırıqları alır, səhərki iş gününə hazırlaşırıq.Eyni qayda ilə müstəntiqlərin apardığı istintaq tədbirlərini yekunlaşdırır, kimin müqəssir sifətində gətirilib dindiriləcəyi, kimin həbsə alınacağı dəqiqiləşdirlir və həyata keçirlməsi təmin olunurdu.
Beləliklə, isititaqın başa çatmasına kimi mən 47 gün Stepanakertdə xidməti ezamiyyətdə oldum. Bu dövrdə ağır cinayət törədilməsində fəal iştirak edən, hamısı milliyyətcə erməni olan 18 nəfər şəxsi həbsə aldıq.
Bu cinayət işinin istintaqı ilə yanaşı xidməti tədqiqat da aparıldı. Aparılmış xidməti tədqiqatın nəticəsində DQMV Dİİ-nin rəis müavini Adamyanı və daha 4 nəfər zabiti Daxili İşlər Orqanlarından xaric etdilər və rəis, milis polkovniki Poqosiyanı da vəzifəsindən götürdülər.
Yeri gəlmişkən, vəzifədən götürülmüş Poqosiyanı sonradan Respublika Gecə Milis İdarəsinə rəis qoydular, nazirliyin partiya təşkilatı katibinə müavin, kollegiya üzvü seçdilər. Şəhərin yaxşı yerində ikinci mərtəbədə 4 otaqlı yaşayış evi də verdilər. Sonradan öyrəndik ki, Poqosiyanın qardaşı Sov. İKP MK-da şöbə rəisi işləyirmiş.
Həbsə alınmış 18 nəfərdən Şaqen adlı bir nəfər həbsdə ikən öldü.
***
Stepanakert şəhərində olduğum müddət ərzində apardığımız əməliyyat istintaq tədbirləri ilə yanaşı gördüyüm, öyrəndiyim və eşitdiklərimdən:
Əvvəla hakim Sabir Rzakov kimdir? Deyilənə görə, o respublikada ən qüvvətli hüquqşünaslardan biridir. Azərbaycan Dövlət Unversitetinin professoru Məsmə Məlikovanın həyat yoldaşıdır. Ancaq bu çoxbilmiş hüquqşünas Rzakov məhkəmə prosesini apardığı müddətdə ermənilər məhkəmə zalında dəfələrlə məhbuslara qarşı hörmətsizliklər edib üstələrinə lax yumurta atıblar. Belə bir halda hökmü yay kinoteatr klubunda oxumağa nə deyəsən?
Xidməti tədqiqatı nəticəsində dediyimiz kimi, Daxili Işlər orqanlarından çıxarılmış, evində axtarış edilmiş, haqqında istintaq aparılması üçün materiallar hazır idi. Onu da deyim ki, Stepanakert şəhərinə gəldiyim gündən hər gün səhər tezdən DİŞ-nin qarşısındakı səkidə bir dəstə adam toplaşardı. Onlar mərhum məhbusların yaxın qohumları idilər. Zöhrabın anası ixtiyar yaşda abrlı bir qadın idi. Oğlunun faciəli ölümü onu yandırıb yaxır, hec cürə qərar tuta bilmir,çəkdiyi dərdin ağırlığı açıq aydın hiss edilirdi. Hər gün səhər iş vaxtı başlamamışdan əvvəl bu qadın DİŞ-in qarşısındakı səkidə, dediyimiz dəstənin içərisində asfalt döşəmədəcə üzü qibləyə oturar və ən dəhşətli sözlərlə Allaha yalvararaq oğlunun 40-xı çıxana kimi Abramyanın ölümünü arzulayardı. Onun bu yalvarışı azı 30 dəqiqə davam etdikdən sonra ani ara verib sonra yönünü tərsinə çevirib “ay Astvas, bəlkə bizim Allah məni eşitrmir, sən özün haqqa tərəf dur“ deyə, erməni dilində yalvarışlarını davam etdirərdi.
Dünyanın çox qəribə, möcüzəli işləri var. Görün, Zöhrabın anasının yalvarışları necə də mötəbər oldu. Mərhumların ölümünün 39-cu günü rəhbərlik göstəriş verdi ki, milisin təkmilləşdirmə heyəti Qarakəndə köçürülsün. Sabah kənddə erməni-azərbaycanlı münaqişəsi olmasın.
Axşam prokurorluq işçiləri ilə milis əməkdaşları birlikdə kinoya baxmağa getdik. Kinonun yarısı keçmişdir ki, bir nəfər erməni millətindən olan milis zabiti Fərrux Allahverdiyevə yaxınlaşıb nə dedisə, o ayağa qalxdı və Saşa Babayevin qulağına nəsə pıçıldadı. Saşa Babayev onun qolundan tutub otuzdurdu. Bizə işarə etdi ki, heç kim yerindən durmasın. Kino qurtaranda bizə məlum oldu ki, Abramyan ölübdür. Sən demə, Abramyan qonşularla həyətdə oturub nərd oynayırmış. Papirosu qurtaranda evdən papiros gətirmək üçün gedir. Evin dəhlizinə girərkən yıxılıb elə oradaca ölür.
Biz hamımız birlikdə Saşa Bababyevin tapşırığına görə DİŞ-nə gəldik. Növbətçi məlumat verdi ki, DTMV-nin bütün rəhbər işçiləri rəisin iş otağında yığışıb sizi gözləyir. Otağı onlara kim açdı, deyə Saşa Babayevin sualına, nöbətçi bildirdi ki, rəis özü də onlarladır. Yuxarı, ikinci mərtəbəyə qalxdıq. Həqiqətən, DQMV-nin 9 nəfər rəhbər işçisi rəisin otağına toplanmışdı.
İçəri daxil olan kimi Saşa Babayev çox acıqlı tərzdə “bu qapını kim hansı cürətlə açıb”- deyə, soruşdu? Erməni yoldaşların adlarını sadalaya bilməyəcəyəm. Vilayət Partiya komitəsinin katibi Saşa Babayevi dilə tutdu ki, rəis məzuniyyətdən qayıdıb, onda olan ehtiyat açarla qapını açmışıq. Icazə ver, gəlişimizin səbəbini izah edək. Biz bayaqdan sizi gözləyirik. Sizi çağırmağa adam da göndərmişdik. Lakin çox gözlədik, gəlmədiniz deyə, qapını açmağa məcbur olduq.
Saşa Babayev daha da acıqla dedi ki, Abramyan ölüb, çox yaxşı, mən nə üçün lazım olmuşam? Respublika prokrorluğunun iş otağı nə üçün özbaşına açılmalıdır? Sizin bu hərəkətiniz barədə Azərbaycan KP MK-nə və Poqosyanın nazirinə məlumat verəcəm. Buyurun, indi məndən nə istəyirsiniz söyləyin.
Vilayət partiya komitəsinin 1-ci katibi dedi ki, Abramyanın ölümü ilə əlaqədar yığışıb məsləhət etdik ki, onun cənazəsini DİŞ-in klubundan götürək. Ona görə də sizə məsləhətə gəlmişik. Saşa Babayev, “olmaz, o artıq milis işçisi deyil”- deyə cavab verdi. Bundan sonra olan söhbətlərə cavab verməyib əlavə etdi ki, bu bina Azərbaycan SSR DİN-nindir. Yəqin ki, nazir bilər. İcazə verər, ya verməz. O zaman Respublika Dİ naziri Daxili Xidmət general- mayoru Mamed Əlizadə idi. Əlizadəyə zəng vurub Vilayətin 1-ci katibi istəyini bildirdikdə, üzünün ifadəsindən bilindi ki, nazirdən müsbət cavab ala bilməmişdi. Vəziyyətdə belə olanda onlar getdilər. Biz isə dərhal hər ehtimala qarşı əməli tədbirlər hazırladıq. Dİİ-nin ilk həbs evində olan məhbusları Şuşa türməsinə, müstəntiqləri və toplanmış istintaq materiallarını Şuşa rayon DİŞ-nə göndərdik. DİŞ-in binasında iki dəstə konvoymilis işçiləri ilə birlikdə Saşa Babyev qaldı.
Ermənilər öz qaydaları üzrə ölümünün 3-cü günü cənazəni Dİİ-nin yerləşdiyi küçəyə gətirərək binanın qarşısında vidalaşma mərasimi təşkil etdilər. Tabutun qarşısında Abramyanın, məxmər yastıqlar üzərində orden və medalları aparılmaqla tabutun hər tərəfində əlində avtomat silah olan 4 nəfər milis zabiti addımlayırdı. Mərasimin belə keçiriləcəyi əvvəlki gündən bizə məlum idi. Odur ki, konvoy dəstəsinin şəxsi heyətini binanın içində əllərində avtomat hər nəfəri bir pəncərənin qarşısında aşağıda oturdub özümüz küçədə binanın qarşısında dayanmışdıq.
Səhəri gün Saşa Babayev rəis Poqosiyana dedi ki, 3 nəfər məhbusu öldürüb yandıraraq ətrafında yallı gedən erməni vəhşilərini dağıtmaq, o ağır və dəhşətli cinayətin qarşısını almaq üçün bir kişiliyi olan erməni əli avtomatlı milis işçisi tapılmadı. Lakin dünən Abramyanın tabutunu 4 avtomatlı milis zabiti müşaiyət edirdi. Bunu biz necə başa düşək? Abramyan elə dəhşətli adamdır ki, dediniz bəlkə durub tabutdan qaçar. Yoxsa, 3 nəfərə azərbaycanlı balasına ağır, həm də qanunsuz cəza verib, dəhşətli dərəcədə işgəncə verib öldürdükdən sonra meyitlərinin ətrafında yallı oynamağı millətiniz üçün böyüklük və şöhrət hesab etdiniz?
Saşa Babyevin bu sözü deməsinə səbəb əlimizdə çox tutarlı dəlillərinin toplannması idi. istintaqın gedişində Stepanakerdən Ermənistanın şəhər və rayonlarına göndərilmiş bir çox məktubda müəlliflər öz qohum-əqrəbalarına, dost –tanışlarına azərbaycanlı dustaqları necə öldürdüklərindən, meyitlərini necə yandırdıqlarından və meyitlərin ətrafında yallı oyanamaqlarından söhbət açır, yazdıqları o məktublarda bu dəhşətli mənzərəni təsvir edib gülürdülər. Belə məktubların birindəki məlumatla Zöhrabın taxma dişlərini götürüən erməni kişini tapıb istintaqa cəlb etdik və dişləri də tapıb cinayət işinə əlavə etdik.
Aparılmış əməliyyat istintaq tədbirləri bizə imkan verirdi ki, 3 nəfər məhbusun tam günahsız olduğunu sübuta yetirək. Əlimizdə tam və kifayət qədər dəlil vardı sübut edək ki, Berikin oğlunu öldürən Zöhrabgil deyil, onun arvadının oynaşı olmuşdur.Uşağınanası ilə oynaşı bir yerdə görən oğlunun ölümünə ana özü fərman vermiş və icrasını da oynaşına tapşırmış, o da bu fərmanı çox fərasətlə icra edib cinayətin izini də itirməyə nail olmuşdur. Lakin çox təəssüf ki, işin bu hissəsi ciddi tapşırıq ilə necəsə kölgədə buraxılmışdı.
DQMV Dİİ-nin iş fəaliyyəti də eyni zamanda yoxlanılırdı. Nəticə göstərdi ki, DİŞ-də azlıq təşkil edən azərbaycanlıların əli ilə orada aparılan mübarizə tədbirləri ancaq azərbaycanlıların əleyhinə yönəldilmişdir. Belə ki, il ərzində cərimə edilmiş hər on nəfər sürücüdən 8 nəfəri Azərbaycanlı, hər on nəfər pasport rejimini pozandan 6 nəfəri, hər 10 xırda xuliqanlıqdan 7 nəfəri, hər 10 ehtikardan 8 nəfəri azərbaycanlı olmuşdur. Bütün bu hadisələr o dövrdə Azərbaycan KP MK-ya, Nazirlər Sovetinə, Ali Sovetə, Respublika Prokrorluğunun və DİN-in rəhbərliyinə məlumat verilmişdir.
Azərbaycan xalqı istər dövlət əhəmiyyətli, istərsə də şəxsi əhəmiyyətli işlərdə daima öz səhvlərimiz üzündən geri qalmış, alçalmış, həm maddi, həm də mənəvi zərər çəkmişdir.
***
Topalhəsənli cinayəti
DQMV-də dövlət əhəmiyyətli çox mühim cinayət işinin istintaqını apardığımız dövrdə Vilayətdəki bütün erməni milləti özünü elə aparırdı ki, öz yazıq görkəmləri ilə guya tamam günahsız olduqlarını bizə çatdırmaq istəyirdilər. Hara getsək, qəlblərində kin-küdurət olmasına baxmayaraq, bizim qarşımızda özlərini çox mehriban və ehtiram sahibi kimi göstərirdilər.
Belə bir zamanda isti bir yay günü günorta vədələri idi. Xəbər gəldi ki, Topal Həsənli kəndinə gedən cır fındıqlıqdan keçən cığırda cavan bir oğlan meyiti var. Qurşaqdan yuxarı çılpaq olan bədənində də 11 bıçaq yarası var. Bu söhbət ildırım sürəti ilə şəhərə yayıldı və belə deyildi ki, ermənilər azərbaycanlılardan hayıf almaq məqsədi ilə bu cinayəti törədiblər. Erməni millətindən olan milis işçiləri danışırdılar ki, yerli ermənilər qurban deyiblər ki, cinayətkar tez tapılaydı,xalq əziyyət çəkməyəydi.
Hadisə yeri müaiyinə olundu. Öldürülmüş oğlanın babası tapıldı. Baba bildirdi ki, onun Ağdamda sürücü işləyən İsgəndər adlı oğlu var. Ölən, İsgəndərin oğlu, onun isə nəvəsidir. Meyitin müayinəsində aşikar edildi ki, mərhum spirtli içki qəbul etmişdir. Bu cinayət hadisəsi ətrafında əməliyyat tədbirləri aparılması Qurbanov Rəşidlə mənə tapşırılıdı. Nazirlikdən göstəriş verdilər ki, nazir müavini, milis polkovniki Cəmaləddin Rzayev, CAŞ rəisi milis polkovniki Fəzail Əliyev, Respublika Prokrorluğunun Mühim İşlər üzrə müstəntiqi İsgəndərov Bakıdan çıxıb gəlirlər. Siz Ağdam rayon PK-nin 1-ci katibi Nadir Nadirovun iş otağında gözləyin.
Qurbanovla birlikdə babanı Dİİ-nə gətirib söhbət apardıq. Məlum oldu ki, ölən oğlandan əlavə babanın Ağdamda yaşayan qızının da oğlu onlara qonaq gəlibmiş. Bu gün dayıoğlu-bibioğlu birlikdə səhər evdən çıxıb Stepanakert şəhərinə gediblər. Bu nəvə belə, o biri nəvənin də harda olduğunu bilmirəm. Təcili Topalhəsənli kəndinə getdik və babanın evində Rasimin sərxoş yatdığını gördük. Sonradan aparılmış tədbirlər nəticəsində aydınlaşdırıldı ki, Rasim Bakı şəhərində oxuyur. Oradan Ağdama, Ağdamdan da babasının yanına gəzməyə gəlib. Ondan iki gün sonra Akif də babası gilə gəlib. Onlar birlikdə Stepanakert şəhərində olanda Rasim Akifdən borc pul istəyib. Akif pulu olmadığını bildirib. Rasim əl çəkmədikdə Akif ona “sən öl, pulum yoxdu, ancaq bir çaxır içməyə güclə çatar”, deyə, onu Kolxoz bazarındakı yeməkxanaya aparır. Yeyib–içdikdən sonra hesabı verərkən Rasim, Akifin cibində çoxlu pul olduğunu görüb deyir ki, nə üçün mənə sən öl deyirsən? Səndəki pul çoxdu? Akif deyir, yaxşı edirəm. Kişinin pulu olar. Kişi deyilsənmi, sənin də pulun olsun.
Bundan özünü təhqir olunmuş sayan Rasim qisas almaq fikrinə düşür. Evə qayıdarkən dar cığırda Akifi irəli buraxıb arxadan bıçaqla vurur və bıçağı da, əynindən çıxardığı köynəyi də orada gizlədib hadisə yerindən qaçır. Biz hadisə barədə əldə etdiyimiz qiymətli məlumatları Respublika prokrorunun müavini Barıkinə məruzə etdik. Barıkin Rasimi saxlamağımıza razılıq vermədi ki, Ağdamlılar Stepanakertə hücum edər. Elə bilərlər ki, ermənilər həm Akifi öldürüb, həm də qohumunu tuturlar. Ona görə də tələsmək lazım deyil. Odur ki, biz Rasimi Barıkindən xəbərsiz özümüzlə Ağdama gətirdik. Müvəqqəti saxlanılması üçün Ağdam rayon DİŞ-nə təhvil verdik. Meyidi isə İsgəndərin evinə göndərdik. Məlum oldu ki, öldürülən oğlanın atası Şamaxı rayonunda ezamiyyətdədir,bu gün gəlməlidir. DAM-nin Ağdam rayonunda olan postuna adam qoyub İsgəndərin gəlişini gözləyib onun rayon PK-sına gətirilməsini təşkil etdik. Gecə saaat 23-də Bakıdan yola düşmüş yoldaşlar gəlib çatdılar. Onların gəlişindən təxminən 1 saat sonra İsgəndər də gəlib çıxıdı. Məsələnin nə yerdə olduğunu İsgəndərə bildirdilər və oğlunda çoxlu pulun hardan olduğunu soruşduqda, o etiraf etdi ki, mal-qara üçün qarışıq yem aparıb Topalhəsənli kənd camaatına nisyə paylamışam. Oğlum da həmən pulları yığmaq üçün babasıgilə getmişdi. Belə olduqda, göstəriş verildi ki, Rasimi təcili tapmaq lazımdır. Rasim nahaq buraxılıb.Rəşid Qurbanov Fəzail Əliyevə bildirdi ki, Rasimi Ağdam rayon DİŞ-də saxlayırıq. Təcili Respublika prokrorluğundan gəlmiş müstəntiq İsgəndərovla Ağdam rayon DİŞ-nə getdik. Müstəntiq Rasimi dindirib Topalhəsənli kəndinə yola düşdü. İsgəndərin nisyə qarışıq yem verdiyi şəxslərin hamısını dindirdi və onlar aldıqları qarışıq yemin pulunu İsgəndərin oğlu Akifə verdiklərini təsdiq etdilər. Beləliklə də, baş vermiş bu çirkin və ağır cinayətin üstü açıldı.Ermənilər qurbanımız qəbul olundu, cinayətkar özünüzdən, həm də ölənin qohumu oldu, dedilər.
***
Bax, məhbusların öldürülməsinə belə şərait yaradılıb. Bir dəstə ağır cinayətin baş verməsinə səbəb olub. Tarix təqsirkarı özü aşkar edəcəkdir. Onlar düz deyirmiş. Tarix də ermənilər tərəfində oldu. Nahaq haqqı üstələdi. Belə ki, bizim həbsə aldığımız 18 qatı cinayətkardan 6 nəfəri ölüm, 6 nəfərə 15 il, 6 nəfəri isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmə cəzasına məhkum edildilər. Çox çəkmədi ki, eşitdik Mikoyanın oğlu marşallarBağramyan və Babacanyan, Poqasyanın Sov. İKP MK-da işləyən qardaşı məhkumların işi ilə ciddi məşğuldur. Sonradan öyrəndiyimizə görə, onlardan heç birinin hökmü icra edilməyib. Ən çox həbsdə saxlanılan 3 ildən artıq çəkməyib.
1976-cı ildə eşitdim ki, Saşa Babayev bir qrup sex işçisi ilə tutulub və ona itdiham verilib ki, guya Saşa da “sexovşikdir”. Saşa Babayevin cinayət işinə baxdılar. Ona həbslə əlaqəli cəza verdilər. Rəhbərlik bu hökmlə razılaşmayıb, hökmü ləğv etdirdi. O vaxt Azərbaycan KP 1-ci katibi Heydər Əliyev idi. Yenidən Saşa Babyevin cinayət işinəhazırda Ədliyə Naziri olan Əlisahib Orucov baxdı və ona ölüm hökmü oxudu. Hökm icra edildi.
Kimə qəribə gəlsə də, bir çox yerdə və bir çox yoldaşın yanında mən dedim ki, Saşa Babayevin “sexovşik” olduğuna inanmıram. Bircə şeyə inanıram ki, o Qarabağda ermənilərin qarşısında özünü əsl Azərbaycanlı kimi aparmış, onların rəhbər şəxslərinə layiqli cavab vermiş və cinayətkarlara qarşı qanunun bütün tələblərindən ciddi istifadə etmişdir.
Baxın, o zaman tutulmuş cinayətkarlar azad edilmişdir. Söz yox ki, Saşa Babayevin sex işində nəsə bir əlaqəsi ola bilər. Ancaq o “sexovşik” olmaz. Buermənilərin yuxarıda adlarını sadaladığımız yüksək rütbəli şəxslərinin qurduqları tələdir.
Hazırda erməni məkrliliyinin tüğyan etdiyi lap ilk günlərdə kiçik qardaşım Elton mənə müraciətlə dedi ki, bir vaxt Saşa Babayev əhvalatını sən danışanda mənə acıq gəlirdi. Indi anlayıram ki, siz deyən kimi olub.
***
Stepanakertdə məzuniyyəti qurtarıb geri qayıtmışdım. Ev qayğıları, uşaqlarla məşğul olmaq lazım idi. Heç birinə çatmırdım. Üstəlik, Bakı şəhərində pasport qeydiyyatına da düşməmişdim. Bu da ailənin şəhərdə dolanacağına mənfi təsir edirdi, ezamiyyədən əvvəl pasport qeydiyyatı üçün rəis Əliyev yoldaşa müraciət etmişdim. O da məni Bakı Dİİ pasport şöbə rəisi milis polkovniki Həşimovun yanına göndərmişdir ki, özü bir yer tapıb sizi qeydiyyata salacaq. O isə, Əliyevin dediyinin əksinə mənə dedi ki, bir yeri olan qohum tap, sonra gəl göstəriş verim. Böyük qardaşımın qaynanası Mərdəkan qəsəbəsində Vidadi küçəsi, 80 nömrəli şəxsi mənzildə yaşayırdı,onlardan razılıq aldım. Qəsəbə sovet sədri hamının tərifinə layiq olan Yusif kişiyə dərdimi dedim. Kişi dedi, söz ver ki, bizim Rayon İcraiyyə Komitəsindən ev istəməyəcəksən. Mən ona söz verdim. Yusif kişi Əzizbəyov rayon DİŞ rəisi əvəzi Cəbiyevə dedi ki, sizin köhnə tanışınız hazırda Nazirlikdə işləyən Hacıyev ailəsi ilə birlikdə qohumlarının evinə pasport qeydiyyatına düşmək istəyir. Özü də söz verir ki, bizim rayonda ev növbəsinə durmayacaq. Ona forma 2 verməık istəyirəm. Cəbiyev razılıq verib üstəlik Yusif kişini də arxayın saldı ki, o dedisə, qurtardı,bizim rayonda ona ev lazım deyil, nazirlik tez-tez ev tikir. Forma 2-ni alıb Cəbiyevin yanına gəldim. Cəbiyev masa rəisini yanına dəvət edib məni təqdim etdi və dedi ki, sən Xaldanlı, Hacıyev Ağdaşlı, onun işi ilə məşğul ol. Pasport masa rəsisi dedi ki, böyük rəis bu barədə mənə deyib və tapşırıb ki, əgər yaşayış sahəsi qanunda nəzərdə tutulan qaydada olmasa, icra etməyə də bilərsən. Baxıram, onun seçdiyi ünvanda yaşayış sahəsi azdır. Baş tutası iş deyil.
Bütün bu vəziyyyətin yekununu rəis Əliyevə bildirmək üçün icazə alıb, onun qəbulunda oldum və bildirdim ki, Bakı şəhərində mənim başqa yerim yoxdur. Belə çıxır ki, məni başqa bir rayona qaytarsanız, daha yaxşı olar.
Əliyev Həşimovun ünvanına narazılıq etdi və dedi ki, narahat olma, bu işin hamısı deyil. Necə deyərlər, dəvədən böyük fil var. Respublika milis idarəsinin rəis müavini milis polkovniki İbrahim İbrahimova zəng vurub onunla danışdı ki, sizinlə işim var. Mən yanınıza gəlim, yoxsa siz gəlirsiniz. Hacıyev mənim yanımdadır. Onun pasport qeydiyyatı məsələsi düzəlmir. O da xahiş edir ki, onun iş yerini respublikanın hər hansı bir rayonuna dəyişək. Sonra Əliyev dəstəyi telefonun üstünə qoyub bildirdi ki, İbrahimov özü bura gəlir. Az keçdi, İbrahimov gəldi. Salamlaşıb oturdu və mənim də oturmağıma işarə etdi. İbrahimov Əliyevə dedi ki, telefonu qaldır, respublika pasport aparatı şöbəsinin rəisi milis polkovniki Azad Quliyevə zəng vur, əhvalatı ona bildir. O həll edilməsinə göstəriş verər. Əliyev dedi ki, Hacıyev mənədərdini deyən kimi, o da işçilərinin qanuni hərəkət etdiyini bildird, belə olduqda İbtrahimov mənə dedi narahat olma, otur mənim adıma raport yaz və bütün bu günə kimi sənə verilmiş cavabları göstərməklə pasport qeydiyyatına düşmək istədiyin ünvanı da göstər. Raportu yazıb İbrahimova təqdim etdim.İbrahimov raportun üzərində belə bir dərkənar yazdı.”Yoldaş A.Quliyev, Hacıyevin pasport qeydiyyatı məsələsini müsbət həll edib, nəticəsini 10 gün müddətində məruzə edin”. Sonra öz katibəsini çağırıb raportu verib tapşırdı ki, qeydə alıb A.Quliyevə çatdırsın. Katibə çıxan kimi İbrahimov Əliyevə dedi, Hacıyev də bizim intizamlı və qoçaq işçimizdir. Onun yanında deyirəm. Hacıyevə mənfi cavab verən yoldaşlara Hacıyev yox, bir dodağı qırmızı rus “matışkası” müraciət etsəydi, sən bilən necə olardı? Əliyev dedi ki, yəqin lap Azad Quliyevin özü işini həll edib, siz deyən “matışkanı” da qapıya qədər ötürərdi.
İbrahimov üzünü mənə tutub dedi: bəlkə çağırıb sabahdan səni axtaracaqlar,çalış getmə. Qoy, 10 günün tamamına onlar mənə cavab verməsin. Nəticəsinə baxarıq. Sən ruhdan düşmə,yaxşı işlə. Bir müddət dözərsən, ev də alarsan. Növbəti yoxlamaların birində gedərsən, Əzizbəyov rayon DİŞ-də yoxlamada iştirak edib eloğluna da necə qanuni işlədiyini sübut edərsən.
İbrahimovun dediyi kimi oldu. Dəfələrlə gah Respublika, gah Bakı şəhər DİN, gah da Əzizbəyov rayon DİŞ pasport işçiləri zəng edib məni axtardılar. Hər dəfə də yoldaşlar ezamiyyətdədir deyə, cavab verirdilər.
Nəhayət, Əzizbəyov rayin DİŞ-nin pasport işçisi Sara gəlib məni iş otağımda gördü. Xahiş etdi ki, köhnə tanış kimi sözümü yerə salma, dur mənimlə gedək, pasport qeydiyyat məsələsini həll edək. Sizin raport İbrahimovun nəzarətindədir. Müddətindən 6 gün keçir. Hər gün cavab üçün bizə zəng edirlər.
“Işim çoxdur, ezamiyyəyə hazırlaşıram, gedə bilmərəm. Bu barədə rəisimə demək lazımdır“ dedim. Belə olduqda, Sara, Əliyevə müraciət etdi. Əliyev də dedi ki, Hacıyevin sənədlərini özünlə apar, icra edib nazirliyə gələn bir işçinizdən mənə göndər.Mənim Bakı şəhərində pasport qeydiyyatına düşməyim belə başa verdi.
Yuxarıda 3 nəfər azərbaycanlının ermənilər tərəfindən diri-diri yandırılmasını, Ağdamdakı qətl hadisəsini və bunun müqabilində Azərbaycanda, öz vətənimdə adi bir iş üstündə mənim kimi nə qədər insanların süründürülməçiliklə əsəbləri ilə oynanılmasından oxucu özü nəticə çıxarsın. Çünki bu hadisələrin hər üçü təxmini olaraq eyni zaman kəsimində baş verib. (metbuat.az)