Azərbaycanlı oliqarxa görə, aparılan axtarışda deputatın məşuqəsi tapıldı
30-03-2017, 08:23
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları “Ədalətli Rusiya” partiyasından keçmiş deputat İldar Samiyevin mənzilində axtarış aparıb.
Virtualaz.org life.ru-ya istinadən xəbər verir ki, axtarış Samiyevin azərbaycanlı oliqarxlar Roman və Solomon Manaşirov qardaşlarının (biri həbsdədir, o biri İsrailə qaçıb) ortaq biznesi, korrupsiya əlaqələri ilə bağlıdır. FTX əməliyyatçılarını axtarışda İstintaq Komitəsinin müstəntiqləri müşaiyət edib. Samiyevin axtarış aparılan iki səviyyəli mənzili “Fantazaiyalar adası” adlı elit yaşayış kvartalında yerləşir.
Deputat Samiyev Manaşirov qardaşları ilə birlikdə Moskvadakı dəbdəbəli “Kolumbus” Ticarət Mərkəzinin həmsahibi olub, onun partnyorları hazırda vergidən yayınmaqda, istintaq orqanı əməkdaşına rüşvət verməkdə ittiham olunur. İstintaq hesab edir ki, Manaşirov qardaşlarının çirkli pulların yuyulması və vergilərdən yayınması üçün qurduqları sxemdə keçmiş deputat da iştirak edib.
Lakin xəbər verilir ki, mənzildə axtarış aparmağa gələn FTX xəfiyyələri və müstəntiqlər Samiyevi evdə tapmayıblar. Mənzildə təkcə onun məşuqəsi, model Anastasiya Savçenko olub, Samiyev qadına icazə verib ki, o özü olmayanda istədiyi vaxt mənzildə qala bilər. Hansı ki, keçmiş deputatın mənzilinin az qala 2 milyon dollar dəyəri var və Böyük Britaniyada qeydiyyatdan keçmiş offşor şirkətin adına qeydiyyatdadır. Həmin şirkət isə deputatın köməkçisi olmuş Sergey Qovoruxinin adınadır.
Mənzildə Samiyevin azərbaycanlı oliqarxlarla işbirliyini təsdiq edən hansısa dəlil tapılmayıb, orada ancaq deputatın məşuqəsinin bəzi şəxsi əşyaları olub. Həmin gün Manaşirovların işi üzrə “İnterkopbank”ın idarə heyətinin sədri Oleq Zolkinin malikanəsində də axtarış aparılıb. O da çirkli pulların yuyulmasında iştirakda şübhəli bilinir. İstintaqın məlumatlarına görə Zolkinin bankı Manaşirov qardaşlarının və onların daxil olduğu mütəşəkkil qruplaşmanın pullarının nəğdləşdirilməsi ilə məşğul olurdu. Yaxın vaxtlarda istintaq İldar Samiyevin, Oleq Zolkininin və Manaşirov qardaşlarının daxil olduğu mütəşəkkil cinayətkar qruplaşma barədə ayrıca iş qaldırmağa hazırlaşır.
Virtualaz.org Manaşirov qardaşlarının işi barədə əvvəllər yazıb. Qardaşlardan Roman Manaşirov ona görə həbs edilib ki, Qubanın məşhur Qırmızı qəsəbəsindən olan milyoner Januko Rafailovun (Telman İsmayılovun ortağı) həbsdən çıxarılması üçün İstintaq Komitəsinin müstəntiqinə milyonlarla dollar rüşvət verib. Rafailov özü isə Moskvada yüzlərlə vyetnamlını qul kimi işlətməyə görə həbsdədir. Manaşirov qardaşları Moskvada çoxsaylı kommersiya daşınmaz əmlaka malikdir və bir vaxtlar Rusiyanın daşınmaz əmlak kralları arasında yer alırdılar.