APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANLARI - VİDEO

30-03-2017, 13:38           
APREL DÖYÜŞLƏRİNİN QƏHRƏMANLARI - VİDEO
Burada hər şey onu xatırladır. Yaşadığı mənzilin divarlarını bəzəyən şəkilləri, qol saatı, orta məktəbin sonuncu sinfində taxdığı "Məzun lenti", bir də... bir də üzünü görmədiyi diplomu, ölümündən sonra təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı...

İndi bütün şəhid evlərində olduğu kimi, Quliyevlər ailəsi də Mahirin boş vaxtlarında oturub işlədiyi yazı masasını onun xatirə guşəsi edib. Bu xatirə guşəsinin üstündə onun həyatının müxtəlif gözəl anlarını özündə yaşadan fotoalbomları da var.

Mahir Quliyev 2015-ci ilin may ayında Azərbaycan Texniki Universitetinin Elektrotelekomunikasiya və radio mühəndisliyi fakültəsini bitirib. Atası Qadir Quliyev deyir ki, həmin il ölkəmizdə I Avropa Oyunları keçirildiyinə görə, ali məktəbləri tez bağlamışdılar. Nə diplomunu almışdı, nə də tələbə yoldaşları ilə çəkdirdiyi sonuncu fotolarını...

Aprel döyüşlərində həlak olmuş şəhid Mahir Quliyev Bakıdakı 308 saylı orta məktəbi bitirmişdi. Atası Qadir Quliyev onun çox səliqəli bir insan olduğunu söyləyir. Cəbhə xəttində gedən döyüşlərdə şəhid olan əsgər, 1993-cü il təvəllüdlü Mahir Quliyev ermənilərin zirehli texnikasını - tankını məhv etdikdən sonra yaralanıb. Hərbi əməliyyatlar zamanı döyüş dostlarını xilas edərkən düşmən gülləsinə tuş gəlib: "Hərbi xidmətə gedəndə hədsiz dərəcədə sevinirdi. Elə bil hansısa istirahət mərkəzinə gedirdi. Komissiyadan keçəndə tək keçdi. Elə sevinərək sənədlərini hazırlayırdı ki... Bir dəfə demədi ata mənim üçün nə isə elə, özü elədi. Ölümündən sonra öyrəndik ki, andiçmə mərasiminə kimi bir dəfə hərbi hospitala düşüb. Onu da bizə bildirməmişdi".

Hərbi hospitalda müalicəsi bitdikdən sonra şəhid Mahir Quliyev Tərtərə cəbhə bölgəsinə yollanır: "Sonuncu dəfə Mahiri fevral ayının 7-də ezamiyyətə gələndə gördük. Balaca oğlumun ad gününə gəlməyi planlaşdırırdı. Amma məzuniyyəti 7-ə təsadüf etmişdi. Gəldi, inanın heç evdə oturmadı. 10 gün ərzində bütün qohumlarımızın evinə gedib onlarla görüşdü. Xalası və bibisigilə getdi. Bir gün onlarda, bir gün isə dayısıgildə qaldı. 17-si isə səhər tezdən oyandı geyindi, keçindi getdi. Axşam saatları olardı, zəng elədi ki, artıq çatmışıq".

Yenidən hərbi hissəyə qayıdan Mahir Novruz bayramında da valideynlərini onun yanına getməyə qoymur: "Axırıncı dəfə bayram günü zəng eləmişdi. Hərbi hissədə Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdi. Konsert təşkil olunmuşdu. Dedi ki, ata, narahat olmayın, hər şey yaxşıdır. Sonuncu dəfə səsini onda eşitdim".

Mahir özü ilə çox şeyi apardı deyir atası. Övladlarını çox əziyyətlə böyütdüyünü deyən Qadir Quliyev deyir ki, ömrü boyu fəhləlik edib, övlad saxlayıb: "Mahir universitetə qəbul olanda çox sevinirdik. Ancaq ödənişli fakültəyə qəbul olunmuşdu. Bu səbəbdən də bizə əziyyət verməmək üçün axşamlar gedib restoranda ofisiant işləyirdi. Sonuncu kursda ödəniş üçün pul lazım oldu. Mən də fəhləlik edirdim. Onları çox çətinliklə böyütmüşəm. Mənə dedi ki, 600 manat pul lazımdı".

Mahirin anası Lalə Quliyeva ilə görüşdük. Çətinliklə danışdı. "O gündən bu günə evimin hər yerində bir kədər, bir qəm havası var" deyən şəhid anası heç televizoru da açmadıqlarını dilə gətirdi. Deyir Mahirsizliyə öyrəşmək çətindir. 23 yaşlı Mahirin 38 yaşlı gənc anası indi onun əşyalarına sarılır: "Çox yaxşı oxuyurdu, heç vaxt övladlarıma zorla oxu deməmişəm. Məktəbə getməmişdən evdə olan qəzetləri oxuyardı. Çox qoçaq uşaq idi. Harada olsa deyərdim ki, allahı onu qoruyacaq. Yuxumda görürəm balamı. Qıraqdan-qırağa. Sağ-salamat görürəm onu".

Mahir çox fəal və bacarıqlı gənc olub. Dostu Zamir deyir ki, həm də onun teatral bacarığı varmış. Hər kəsi öz səsi ilə, ədası ilə təqlid edə bilib: "Çox dostcanlı idi. Dostlarının pis günlərində onların yanında olmağı bacaran oğlan idi Mahir. Vətənpərvər idi. Hər şəhid xəbəri eşidəndə sarsılırdı, uşaq kimi ağlayar, dizlərinə döyərdi ki, heyf uşaqlardan... Çox tərbiyəli uşaq idi. Biz ailəvi dost idik. Atası gözəl tərbiyə vermişdi ona".

Valideynləri onsuz yaşamağın çox ağır olduğunu dilə gətirir, elə qohumları da. "Hara baxırıqsa, Mahiri görürük" deyir bibisi.

Mahirin ölüm xəbəri ailəsinə aprelin 2-də verilir. Əvvəlcə ayağından yaralandığını deyirlər. Üç gün Tərtər, Yevlax, Gəncədə bütün xəstəxanaların qapısını döyürlər. Ancaq kimsə ailəyə bu qara xəbəri vermir. Sonradan ailəyə övladlarının adının itkinlər siyahısında olduğu bildirilir. Ayın 8-nə qədər Mahirin meyiti neytral zonada qalır. Aprelin 9-u Seysulan kəndində aparılan əməliyyatlar zamanı qəhrəmancasına şəhid olan Mahir Quliyev III Fəxri Xiyabanda torpağa tapşırılıb.

Bizimlə söhbət etməyən bir Mahirin kiçik qardaşı Cavid oldu, bir də ortancıl qardaşı Hüseyn. Hüseyn Sərhəd Qoşunlarında hərbçi kimi qulluq edir.

Şəhidin atası Qadir Quliyev işsizdir. Dəfələrlə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, hələ də işlə təmin edilməyib. Ailənin bütün yükü isə onun çiyinlərindədir.

Ailənin indi bir arzusu var. Vətən torpaqlarının müdafiəsi uğrunda canından keçən Mahir Quliyevin xatirəsinin əbədiləşdirilməsi...
[media=https://www.youtube.com/watch?v=bDFzs1pB27I]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.