Azadliğa gedən yol və ya...-Əli İnsanovun məhkəməsi başlayır
31-03-2017, 09:57
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun növbəti məhkəməsinin başlayacağı gün məlum olub. Martın 22-də 71 yaşı tamam olan, hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq dövlət məmurunun məhkəməsi aprelin 7-də olacaq və prosesi Qaradağ Rayon Məhkəməsi aparacaq.
Ötən ilin oktyabrında 11 illik cəzası başa çatan və əlavə 3 cinayət maddəsi ilə ittiham olunan, aylardır həbs müddətinin artırılması yolu ilə həbsdə saxlanılan İnsanovun budəfəki məhkəməsindən azadlığa buraxılacağına ümidlər böyükdür. Sabiq nazirin bu dəfə məhkəmədən ya “ev dustaqlığı”na buraxılacağı, ya da şərti cəza ilə həbsdən buraxılacağı ehtimal olunur. Avropa Məhkəməsinin onun azadlığa buraxılmasına dair qərarı olsa da, keçmiş səhiyyə naziri bu müddətdə cəzadan azad edilməyib. Bəzi iddialara görə, artıq hakimiyyət də onu həbsdə saxlamaqda maraqlı deyil. Keçmiş naziri azad etmək planının olduğu vurğulanır.
Hazırda İnsanovla bağlı gedən müzakirələrdən biri də onun budəfəki məhkəmə proseslərində də əvvəlkilər kimi şüşə qəfəsə salınıb-salınmamayacağı ilə bağlıdır.
Ə.İnsanovun vəkili Toğrul Babayev “Yeni Müsavat”a açıqlamasında qarşıdan gələn məhkəmə prosesi və sabiq naziri gözləyən cəza ilə bağlı bunları dedi: “Hakim Rəşad Mustafayevin sədrliyi ilə məhkəmə prosesi başlayacaq. Bu maddələr üzrə Əli İnsanovun 10 il yarım cəza ala biləcəyi ilə bağlı deyilənlər doğru deyil. İndiki maddələr az ağır cinayət sayılır və 7 ilə qədər cəza nəzərdə tutulur. Qaradağ Rayon Məhkəməsində ”şüşə qəfəs" yoxdur, ona görə də Əli İnsanov bu dəfə çox güman ora salınmayacaq. O, özünü hazırda normal hiss edir. Səhhətində heç bir problem yoxdur".
Qeyd edək ki, ölkənin hüquq müdafiəçilərinin bir qismi İnsanovun məhkəməsinin monitorinqini aparacaqlar. Bu barədə qəzetimizə İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Səidə Qocamanlı məlumat verdi: “Nəzarətimiz altında olan iş olacaq. Çünki bildiyiniz kimi, Əli İnsanov hazırda azadlıqda olmalı idi. Ötən ilin oktyabrında o azadlığa buraxılmalı olduğu halda, əlavə cinayət maddələri ilə üz-üzə qaldı. Biz Monitorinq Qrupu olaraq, bu məhkəməni yaxından izləyəcəyik, proseslərdə iştirak edəcəyik, məhkəməni nəzarətə götürəcəyik. İnsanov barəsində Avropa Məhkəməsi tərəfindən də qərar çıxarılıb, o azadlığa çıxmalıdır. Ümid edirəm ki, indi qapını açıb, onu azadlığa buraxacaqlar. Bunun başqa yolu yoxdur. Gözəl iş o olardı ki, bu məhkəmə obyektiv keçirilsin. Artıq bu qədər də olmaz. Məhkəmənin özünə gedib monitorinq keçirəndən sonra kifayət qədər məlumatlı olacağıq və bunu mətbuatla bölüşəcəyik. İndidən nəsə demək də bir az çətindir”.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həbs edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin avqustunda azad olunmasına iki ay qalmış İnsanov barəsində Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2 (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə cinayət işi başlanıb. 11 illik əsas cəzasının başa çatdığı ötən ilin oktyabrında barəsində həbs-qətimkan qərarı seçilib. İndiyə qədər həbs-qətimkan qərarının müddəti bir neçə dəfə uzadılıb.