Azərbaycanlı məmurlar niyə bizim "gözəl" səhiyyəni qoyub xaricdə müalicə olunurlar?..
10-04-2017, 20:41
Rəsmilər hər nə qədər Azərbaycan səhiyyəsinin yüksək inkişafından ağızdolusu danışsalar da, onların hərəkətləri başqa məqamlardan xəbər verir. Həqiqətən də bu gün ölkə klinikalarının əksəriyyəti yüksək standartlara cavab verən avadanlıqlarla təchiz olunub, savadlı, peşəsini sevən, xəstəyə gəlir mənbəyi kimi baxmayan həkimlərimiz də var. Amma belələri çox deyil.
Bəlkə bu səbəbdən Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov ürək əməliyyatı üçün təcili olaraq İsrailə aparıldı.. Bəs səhiyyə naziri Oqtay Şirəliyevin Almaniyada müayinə olunmasına nə deyək?... Olmazdı ki, dönə-dönə səhiyyəmizin inkişafından danışan rəsmilərimiz müalicə üçün xaricə deyil, yerli klinikalara üz tutaydılar?... Axı bununla nümunə göstərmiş olardılar...
“Müasir texnologiyaların tətbiqini bacaran mütəxəssislərimiz çox deyil”
Amm Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az-a açıqlamasında məsələ ilə bağlı müzakirəni yersiz adlandırıb:
“Ola bilər həmin məmurun, nazirin, yaxud imkan və əlaqələri yaxşı olan şəxsin elə bir xəstəliyi var ki, onun Azərbaycanda müalicəsi yoxdur, yaxud yüksək risklə müşahidə edilir. Doğrudur, Azərbaycanda səhiyyə çox yüksək səviyyədə inkişaf edir. Amma ən müasir texnologiyalar və onun tətbiqini bacaran mütəxəssislər çox sayda deyil. Bu baxımdan elə bir mürəkkəb əməliyyat olar ki, istər adi vətəndaş, istərsə vəzifəli şəxs başqa ölkədə müalicə ala bilər.
Digər tərəfdən, bəlkə həmin şəxsin beynəlxalq sığortası və həmin sığorta ilə dünyanın istənilən klinikasında müalicə almaq hüququ var. Buna da zırqalanmaq doğru deyil. Hər il 50 mindən 70 minə qədər insan başqa ölkələrdə müalicələrə, sanatoriyalara, kurortlara gedir, bir sözlə, səhiyyə turizmi ilə məşğul olur. Amma bu insanların hamısı dövlət məmuru, vəzifəli şəxslər deyil. Məsələnin bu tərəfinə baxılmır. Ancaq hansısa nazir, deputat, vəzifəli şəxs xaricdə müalicə aldı kimi baxılır”.