Əli İnsanovun “qırmızı xətti” - sabiq nazirin məhkəmə çıxışı barədə müdhiş iddialar
11-04-2017, 09:40
Elşad Musayev: “Bundan artıq Əli İnsanov nə deməli idi?”
Aprelin 7-də məhkəməsi başlayan sabiq səhiyyə naziri Əli İnsanovun hazırlıq iclasındakı çıxışı maraq doğurub. Əksəriyyət sabiq nazirin əvvəlki məhkəmələrində olduğu kimi, bu dəfə də vaxtilə təmsil olunduğu hakimiyyətin ünvanına sərt tənqidlər səsləndirəcəyini, iqtidar rəhbərliyində təmsil olunanlardan adlar çəkəcəyini düşünürdü. Amma tam əksi oldu.
Doğrudur, İnsanov çıxışı zamanı “qırmızı xətti” keçməməsini bir sıra amillərlə əlaqələndirdi. O, əvvəlcədən xüsusi plan hazırlandığını, sərt danışacağı təqdirdə proses iştirakçılarının gözü qarşısında məhkəmə zalından onu sürüyə-sürüyə çıxaracaqlarını bildirdi...
Ad çəkməsə də, sabiq nazirin məhkəmədə kifayət qədər sərt danışdığını da demək mümkündür. Hakimiyyətə də bəzi mesajlarını verdi. Növbəti dəfə nə qədər ağır cəza versələr də, sınmayacağını söylədi, hətta özünü Napoleonla da müqayisə etdi. Amma bütün bunlar onun məhkəmədə “qırmızı xətti” keçməməsi ilə bağlı müzakirələrin açılmasına mane olmadı. Məhkəmədə iştirak edənlərin də diqqətindən İnsanovun çıxışının yayınmadığını onların statuslarından görmək olur...
Məhkəmədə iştirak edən “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının İnsanova həsr etdiyi statusda bu cümlələr daha çox diqqət çəkir: “Əli İnsanov həminki adamdır. Düzdür, bu dəfə ”qırmızı xətti" gözlədi, amma qurulan bir təxribatın da qarşısını aldı. Görünür, ona açıq deyiblər ki, xətti keçsən, daha dözüm limiti yoxdur".
Sabiq dövlət məmurunun məhkəmə çıxışı ilə bağlı bir sıra iddialar var. Onun prosesdə yumşaq davranışının səbəbsiz olmadığı deyilir. “Mən buradan çıxa bilməyəcəm” deyən sabiq nazirin əslində azad olunmaq üçün bu cür yol seçdiyi, keçmiş komandası ilə müəyyən şərtlər daxilində anlaşdığı vurğulanır.
İctimaiyyət daxilində də İnsanovun məhkəmədə dediklərinə ikili baxışın olduğu iddia olunur...
Son məhkəmədə iştirak edən, Qərbi Azərbaycandan olan İnsanovun həmyerlisi, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Yeni Müsavat”a açıqlamasında gördüklərini bu cür nəql etdi: “Məhkəmə günü ilk olaraq, mən və Əli İnsanovun iki qardaşı içəri buraxıldıq. Biz ora daxil olanda 20-yə yaxın uniformalı, sifətlərindən hirs yağan şəxslər var idi. Bizdən soruşdular ki, nəyə gəlmisiniz, dedik məhkəməyə. Dedilər ki, məhkəmə olmayacaq. Elə zənn etdik ki, nəsə bir hadisə baş verib. İnsanov çıxışında məhkəməyə gəlmək istəmədiyini, onu zorla gətirdiklərini qeyd etdi. Onların onu nüfuzdan salmaq üçün planlarının olduğunu da vurğuladı, ad çəkəcəyi təqdirdə sürüyə-sürüyə zaldan çıxaracaqlarını söylədi. Bu xoşbəxtliyi onlara verməyəcəyini dilə gətirdi. O zaman məlum oldu ki, uniformalı şəxslərin davranışlarındakı gərginliyə səbəb nə imiş. Əli İnsanov çox mədəni şəkildə mesajlarını da çatdırdı. Adam sona qədər dözəcəyini də dedi, həm də onu həbsxanadan buraxmayacaqlarını bildirdi. Bundan artıq Əli İnsanov nə deməli idi?”
Məlumat üçün bildirək ki, sabiq nazirin növbəti məhkəmə prosesi aprelin 12-də 14:30-a təyin olunub. Proses Qaradağ Rayon Məhkəməsində aparılır.
Xatırladaq ki, Ə.İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunub. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə həbs edilib.
2016-cı ilin oktyabrında İnsanovun həbs müddətinin bitməsinə 56 gün qalmış ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
2016-cı il oktyabrın 11-də məhkəmə keçmiş nazirin həbs edilməsi haqqında qərar çıxarıb.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin ədalətli mühakimə olunmadığı haqda qərar versə də, onun barəsindəki hökm dəyişdirilməyib.