Bu gün ÜAK-la bağlı qərar veriləcək; deputatlardan və politoloqdan ilginc açıqlamalar

11-04-2017, 09:41           
Bu gün ÜAK-la bağlı qərar veriləcək; deputatlardan və politoloqdan ilginc açıqlamalar
Azərbaycan-Rusiya münasibətlərinə təsir edəcək gün...; Aprelin 11-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin iddiası əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı məsələsinə baxacaq. Məhkəmənin çıxaracağı qərar sözsüz ki, həm də siyasi mahiyyət daşıyacaq. Ona görə ki, ÜAK Rusiyadakı üç milyonluq azərbaycanlı icmasının ən böyük diaspor təşkilatıdır və onun mövcudluğu iki ölkə əlaqələrinin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri olmaqla yanaşı, həm də dostluğu simvolizə edən faktordur.

Bəzi ehtimallara görə, təşkilat ətrafında belə xoşagəlməz vəziyyətin yaranmasının birinci səbəbi qurumun getdikcə Rusiya toplumunda təsir və təbliğat rıçaqları qazanmağa başlaması ilə bağlıdır. Yəni güman edilir ki, bu da Rusiyadakı müəyyən məkrli dairələrin narahatlığına səbəb olub. Söhbət sözsüz ki, ən əvvəl Rusiyadakı erməni lobbisindən gedir. Rusiyadakı diasporumuzu zəiflətməyə çalışırlar. ÜAK-ın sənədlərində guya problem olmasının ortaya atılması da Azərbaycana təzyiqlərin bir forması sayılır və iki ölkə arasında strateji tərəfdaşlığa əslən adekvat hesab edilmir. Bu və digər səbəblər toplusuna görə əminlik var ki, Rusiya məhkəməsinin çıxaracağı qərar iki qonşu ölkə münasibətlərində izsiz ötüşməyəcək.

Bəs Rusiya Ali Məhkəmənin qərarı necə olacaq, məhkəmə siyasi reallıqları ciddiyə alacaqmı, Azərbaycan tərəfi problemin müsbət həlli üçün lazım olan addımları atdımı?


Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Fazil Mustafa “Yeni Müsavat”a bildirdi ki, ÜAK-ın qeydiyyatının ləğvi məsələsinə Azərbaycan tərəfi bir az daha ciddi yanaşmalıydı. Çox təəssüf ki, bir qədər soyuqqanlı yanaşılıb. ÜAK məsələsi əslində siyasi məsələdir, hüquqi məsələ deyil: “Çünki Rusiya rəsmi siyasi dairələrinin razılığı olmadan Ədliyyə Nazirliyi Ali Məhkəməyə müraciət etməzdi. Siyasi dairələrin razılığı olmadan belə bir addımın atılması inandırıcı görünmür. Ona görə də ölkəmizin rəhbərliyi səviyyəsində bu məsələyə müdaxilə olunmalı idi. Ola bilsin ki, Rusiyanın rəsmi siyasi dairələri ilə bu problem ətrafında müzakirələr aparılıb. Bizim bu barədə məlumatımız olmasa da güman ki, danışıqlar aparılıb. Hər halda, belə məsələlərdə Azərbaycan hökumətinin müəyyən strukturları ciddi çalışırlar. Mediaya bu barədə yetəri qədər açıqlamalar verilməsə də, müəyyən işlər görülür və hər halda, ÜAK məsələsi ilə bağlı da müəyyən addımlar atılıb. Ümid edək ki, görülmüş işin nəticəsi olacaq. Əgər ÜAK-ın qeydiyyatı ləğv olunsa, bu hadisə Rusiya ilə münasibətlərimizdə ciddi bir etimadsızlıq yaradacaq. Çünki bu, Azərbaycana qarşı sayğısızlıq kimi qiymətləndiriləcək və Azərbaycan tərəfindən adekvat addımların atılması lazım gələcək. Mənim təxminimə görə, ola bilər ki, ÜAK-ın qeydiyyatı ləğv ediləcək. Biz, sadəcə, ümid edək ki, belə bir qərar verilməyəcək”.


Politoloq Elçin Mirzəbəyli isə ÜAK-ın qeydiyyatının ləğv ediləcəyini gözləmədiyini dedi. Onun fikrincə, ən pis halda ÜAK-a “sənədlərinin qaydaya salınması” üçün vaxt verilə, yaxud xəbərdarlıq edilə bilər: “Doğrusu, Rusiya qanunvericiliyində belə hallarda hansı sanksiyaların tətbiq olunduğunu bilmirəm. Amma Ədliyyə Nazirliyi məhkəməyə ÜAK-ın qeydiyyatının ləğvi ilə bağlı müraciət edib. Bu halda problemin müsbət həlli üçün ya məhkəmə Ədliyyə Nazirliyinin iddiasını əsassız hesab etməli, ya da Ədliyyə Nazirliyi iddianı geri götürməli, iddiada yer alan məsələlərin həlli üçün ÜAK-a vaxt verməlidir. Hər halda, məsələnin kifayət qədər həssas olduğunun nəzərə alınacağı qənaətindəyəm.


Azərbaycan tərəfinin bu məsələdə hər hansı bir şəkildə iştirakı ilə bağlı məlumatlı deyiləm. Əgər olsa da belə, bu rəsmi şəkildə baş verə bilməz. ÜAK Rusiyada dövlət qeydiyyatından keçib və Rusiyanın qeyri-kommersiya təşkilatıdır. Ola bilsin ki, hansısa qeyri-rəsmi təmaslar var və bu haqda konkret heç bir şey deyə bilmərəm. Bildiyim qədər, məhkəmədə istənilən şəxs iştirak edib prosesi izləyə bilər. Amma bunun nəyi isə dəyişə biləcəyini düşünmürəm. Hər halda, ümid edirəm ki, nəticə müsbət olacaq və yaranmış vəziyyətdən istifadə etməyə çalışan dairələr növbəti dəfə uğursuzluğa düçar olacaqlar".


Yəhudi əsilli YAP-çı deputat Yevda Abramov isə ölkə.az-a müsahibəsində ÜAK-ın qeydiyyatının ləğvi məsələsinin ortaya atılmasının arxasında dayanan məqamlar barədə rezonans doğura biləcək açıqlamalar verib. Y.Abramov deyib ki, bu işin arxasında dayanan qüvvələr var. Bu, birdən-birə yaranmayıb: “Ümumiyyətlə, hər dəfə prezident seçkilərinə təqribən bir il qalmış Kremlin ssenaristləri, Moskvanın politoloqları, xüsusilə də SSRİ-nin-Avrasiya İttifaqının tərəfdarları bu təşkilata daxil olmaq istəməyən, hələlik üzvü olmayan dövlətlərə qarşı təsir rıçaqlarını işə salırlar. İndi mən dəqiq deyə bilmərəm ki, bu, Vladimir Putinin ssenarisinin bir hissəsidir. Amma onu da deyə bilmərəm ki, bundan Putinin xəbəri yoxdur. Çünki Rusiya kimi dövlətin ədliyyə naziri Ümumrusiya Azərbaycan Konqresi barədə Ali Məhkəməyə müraciət edibsə, o bunu yuxarı orqanların məsləhəti olmadan edə bilməzdi. Bunu Azərbaycan xalqı və dövləti də çox gözəl başa düşür. Ona görə də bu məsələ Milli Məclisdə çox düzgün olaraq geniş müzakirə olunub. ÜAK-la bağlı qeydiyyat probleminin ortaya təsadüfən atıldığını demək olmaz. Bunu qurdalayan qüvvələr mövcuddur. İlana zəhər verən kərtənkələlər Azərbaycanda da var. Hətta burada vaxtilə Azərbaycanda yüksək vəzifələrdə çalışmış və bu gün nüfuzlarını itirməkdə olan bəzi şəxslərin barmaq izləri də görünür. Ancaq biz bu cür sınaqlardan çox çıxmışıq”.


Deputat bildirib ki, ölkəmiz üçün böyük işlər görən ÜAK-ın bu vəziyyətə düşməsi ilk növbədə Azərbaycan dövlətinin imicinə xələl gətirir. Çünki bizim ən güclü diasporamız Rusiyadadır: “Rusiyada olan diaspor nümayəndələri arasında çox tanınmış və imkanlı şəxslərimiz, Qubadan olan biznesmenlərimiz də var. Qubadan olan həmin böyük iş adamlarımız da həm diasporamızın inkişafına, həm də Rusiya iqtisadiyyatına böyük maliyyə dəstəyi verirlər. Bu mənada məni də sözügedən məsələ çox maraqlandırır. Hesab edirəm ki, Rusiya ilə Azərbaycanın arasına girən qüvvələr mövcuddur. Ona görə də yenidən Azərbaycanın daxilində qarşıdurma və təlatüm yaratmaq üçün 2013-cü ilin seçkiləri ərəfəsindəki ”Milyarderlər İttifaqı" kimi, oxşar hadisələr baş verə bilər. Bütün bu gözləntilərin real olub-olmaması məsələsi Rusiya Ali Məhkəməsinin qərarından sonra bəlli olacaq. Əgər Rusiyanın Ali Məhkəməsi qanunsuz yerə ÜAK-ın qeydiyyatının ləğvi barədə qərar verərsə, o zaman rəsmi Moskvanın iç üzü açılacaq. Yaxud əksinə olarsa, həmin qüvvələrin geri çəkilməsi barədə mesaj əldə olunacaq. Mən inanıram ki, həmin qüvvələr geri çəkiləcəklər. Çünki bir çox dövlətlərin idarə və təşkilatları prezident İlham Əliyevin güclü iradəsi və yürütdüyü xarici siyasət qarşısında duruş gətirə bilmir. Prezident İlham Əliyev dəqiq arqumentlərlə Azərbaycanı belə çətin vəziyyətlərdən xilas edə bilir. Bu baxımdan da biz Ali Məhkəmənin qərarını gözləməliyik".


Xatırladaq ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və təsis konfransında Rusiya prezidenti V.Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər. Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib.


Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Son qurultayda isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib.


Etibar SEYİDAĞA












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.