AMEA-nın böyük elmi işçisi hicabsız qadınları “əxlaqsız” adlandırdı: Cəmiyyət ayağa qalxdı - ETİRAZ

28-04-2017, 13:19           
AMEA-nın böyük elmi işçisi hicabsız qadınları “əxlaqsız” adlandırdı: Cəmiyyət ayağa qalxdı - ETİRAZ
Tanınmış publisist, AMEA-nın Folklor İnstitutunun böyük elmi işçisi Bəxtiyar Tuncay hicabsız qadınları aşağılayacaq açıqlamalarla gündəmə gəlib. Yazar hicab taxmayan qadınları təhqir edərək onları “əxlaqsız” adlandırıb. Hətta gənc oğlanlara çağırış edərək hicabı qızlarla ailə qurmalarını məsləhət görüb: “Seçin, əziz gənclər, xəyanət və əxlaqsızlıq gətirən Avropa dəyərləri, ya da ismət, həya, namus və sədaqət mənbəyi olan İslam əxlaqı... İslam əxlaqı olan yerdə ismət, qeyrət, namus, sədaqətin olması qaçılmazdır”.

Bəxtiyar Tuncayın bu fikirləri ictimaiyyətdə və sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Çoxluq yazarın düşündüklərini qınayaraq, ona kəskin reaksiya nümayiş etdiriblər.

Yazarlar Cebhe.info-ya açıqlamalarında B.Tuncaydan fərlqi mövqe sərgiləyiblər. Gənc yazar Cəlil Cavanşirin sözlərinə görə, bu məsələnin İslamla, əxlaqla heç bir əlaqəsi yoxdur: “Çox uzağa getməyək. Qonşumuz İranda hicab taxan milyonlarla qadının nə işlərlə məşğul olduğunu statistika və təhlillər də göstərir. Hicab sadəcə İslam dininin bir əmridir. Hicabla bağlı bir fikir söyləməyim ona görə doğru olmaz ki, mən ilahiyyatçı deyiləm. İslam dininə inanan bir qadının bürünməsi İslama görə vacibdir.

“Hicablı qadınların hamısı birmənalı əxlaqlıdır” devizini səsləndirmək yanlışlıqdır. Bəxtiyar Tuncay yaşlı, ağsaqqal yazarlarımızdan biridir. O yaşda bu qənaətə gəlib çıxması ola bilər ki, qocalmağı bacarmamasıdır. Bizdə insanlar qocalmağı bacarmırlar. Çünki qocaldıqca ya sarsaqlayırlar, ya da ağıllarını itirirlər. Bəxtiyat Tuncay da belə bir vəziyətdir,normal şəkildə yaşlanmağı bacarmır. Hicab taxmayan qadınlara əxlaqsız damğası vurmaq özü ən böyük əxlaqsızdır. Hesab edirəm ki, bir qadının əxlaqı onun hicab taxıb, taxmaması ilə ölçülmür. Əxlaq tamamilə başqa bir anlayışdır. Evli üçün kriteriyaların seçilməsi başqa məsələdir. Əgər bir ziyalı artıq hicab taxmaq məsələsini əxlaq anlayışı kimi insanlara sırımağa çalışırsa, onun özünün əxlaqında böyük bir problem var”.

Yazar Əsəd Qaraqaplan isə qeyd edib ki, məsələyə konkret yanaşıb, kimlərisə əxlaqlı və əxlaqsız adlandırmaq kökündən yanlış fikirlərdir: “İnsanlara geyimlərinə, formalarına görə qiymət verilirsə, demək ki, onların düşüncələri önəmli deyil. Şəxsən mən türk insanı olaraq hicabın əleyhinəyəm. Hicab səhra geyimidir. Türk qadının özünəməxsus geyimi var və bu, tarixən də olub. Bunu bir çox xalqlar indi də qoruyub saxlayırlar. Bu cür dini populizm fikirlər səsləndirmək, cəhali düşüncələrlə yaşamaq doğru deyil. Belə fikirlərə o qədər də əhəmiyyət vermək lazım deyil. Ona qalsa dini saytlarda, verilişlərdə, səhifələrdə bunun kimi milyonlarla fikirlər səsləndirilir. Ərəb şeyxləri gündə bunun kimi çox sayda fikirləri ictimaiyyətə buraxırlar. Adam nə danışdığını bilmir, bilsə, belə yanaşmaz. Mən elə hicablı qadınlar görmüşəm ki, “min hoqqadan” çıxırlar. Bu da var axı... Onda bizdə belə yanaşaq? İnsanların hansı geyimdə olmasına görə əxlaqına qiymət verilməsi qeyri-insani bir məsələdir”.

Gənc yazar Aysel Əlizadə isə Bəxtiyat Tuncayın açıqlamasına təssüf hissi ilə qarşılayıb. Səsləndirilən açıqlama ilə bağlı “sadəcə söz tapa bilmədiyini” deyən Aysel Əlizadə yazarın bu cür düşüncədə olmasına çaş-baş qalıb: “Bilmirəm nə deyim? Çox əxlaqsız rəydir. Mən açığı Bəxtiyar bəydən bunu gözləmirdim. O, məndə daha oturuşmuş bir insan təəssüratı oyadıb. Amma fikirləri ilə tanış oldum, məəttəl qaldım. “Əxlaqsız Avropa dəyərləri” fikri siyasi, mədəni savadsızlıqdır. Bu, tarixi, gedişatı təhlil edə bilməməkdir. Çünki Avropa demokratik dəyərlərinə gəlib çıxana və insan azadlığı haqqını tanıyana qədər çox böyük tarixi mərhələlərdən, seksual inqilablardan keçib. Qərbin nə boyda fəlsəfi, siyasi, elmi, imperialist tarixi var. Bütün dünya müharibələrindən keçib. Yəni, onu həm başladıb, həm bitirib. Nə bilim, mən söz tapa bilmirəm... Artıq Azərbaycan türk dünyası aydını kimi birmənalı qəbul olunub, İsmayıl Qaspıralıya iradsız yanaşır.

Onun axmaq adam olmadığını qəbul edir. Mən belə başa düşürəm. İsmayıl Qaspıralı əsrlər qabaq “Firəngistan məktubları” yazıb. Firəngistan Avropa anlamındadır. Bu əsərədə yazar Avropa dəyərlərini çox gözəl təsvir edib. Yazır ki, orada qadın kişi məclisdə bir oturmaqdan çəkinmir. Çünki onların bir-birinə əxlaq etibarı var. O dönəmdə qadın-kişi ümumiliyi yox idi. Çadra dönəmi idi, qadınlar cəmiyyətdə adam sayılmırdı. Yazar qeyd edib ki, bizdə isə qadınla kişini bir yerə qoymaq mümkün deyil, yəni təfəkkürümüz o qədər ziyanlıdır. Bunu adam iki əsr qabaq deyib. Çox pis oldum belə açıqlamaya... Çünki demokratik dünyadır. İnsanlar bir-birinə qarışır, yaxşı-pis nümunələr ortadadır, hamının seçmək bacarığı var. Biz inkişaf etmiş dünyada hələ də çadra axtarırıq. Görünür, biz hələ çox dərin problemləri həll eləməmişik”.

Aysel Əlizadə əlavə edib ki, Bəxtiyar Tuncayın dedikləri təkcə Azərbaycan deyil, bütün dünyanın qapalı olmayan qadınları üçün təhqirdir: “Bu qadınları aşağılamaq, onların əxlaqını şübhə altına almaq və insan hüquqlarını tapdalamaqdır. Belə mesajlar vermək çox böyük yanlışlıqdır. Mən çox üzüldüm və təəssüfləndim ki, Bəxtiyar bəy belə bir mesaj verib”.

Alçina Amilqızı
Cebhe.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.