DSX və Gömrük Komitəsinin rəhbərləri Hava Limanında İslam Oyunları ilə bağlıyoxlama apardı
29-04-2017, 13:27
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin (DGK) sədri gömrük xidməti general-polkovniki Aydın Əliyev Heydər Əliyev Beynəlxalq Hava Aeroportunda xidmətin təşkilini yoxlayıb.
DSX-nın mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, ölkədə keçirilməsi nəzərdə tutulan beynəlxalq irimiqyaslı tədbirlər, o cümlədən "Bakı – 2017" IV İslam Həmrəyliyi Oyunları və Formula I yarışları ərəfəsində, həmçinin “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tapşırıqların icra vəziyyəti müsbət dəyərləndirilib, birgə fəaliyyətin daha da gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair tövsiyələr və konkret tapşırıqlar verilib.