Nəriman Nərimanov - Azərbaycanın düşməni, yoxsa xilaskarı...

24-06-2017, 10:03           
Nəriman Nərimanov - Azərbaycanın düşməni, yoxsa xilaskarı...
O, külü Kreml divarına hörülmüş yeganə azərbaycanlıdır...

Xalqa xidməti elə lap uşaqlıqdan özünə amal, məslək bilib o. 1894-cü ildə Bakıda ilk ictimai qiraətxananı təsis edib. O vaxtkı müsəlman dünyasının bütün mətbuat nümunələrini yığıb bu qiraətxanaya. Cüzi məbləğ müqabilində buraxıb xalqın istifadəsinə. Qiraətxanaya giriş üçün gərək 2 qəpik haqq ödəyəydin. 12 aprel-1 oktyabr 1894-cü ilədək həmin qiraətxananı 3833 nəfər oxucu ziyarət edibmiş.

Azərbaycan dilinin qrammatik qanunları barədə ilk kitabı da yazan odu - Nəriman Nərimanov.


1906-cı ilin avqustunda Bakıda Müsəlman müəllimlərinin 1-ci qurultayı zamanı çıxış edən Nərimanov çar rejimindən xahiş edir müsəlmanlara qarşı müəyyən güzəştlər etsin. Azərbaycan dili salınsın təhsil proqramına. Müsəlman müəllimlər ilə rus müəllimləri bərabərhüquqlu olsunlar. Eyni maaşı alsınlar. Gurultulu alqışlarla müşayiət edilən bu məruzə bəzilərinin, xüsusən tanınmış mesenat, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin qəzəbinə tuş gəlir. O, həmin qurultayda çıxış edərək Nərimanova qarşı sərt ittihamlar irəli sürür: “Dünənki qərarınız göstərir ki, sizi Nərimanov kimi uzağı görməyən şəxslər idarə edir. Kimdir bu Nərimanov? Heç kim. Cibində qara qəpiyi də yoxdur. Mənim puluma təhsil alır. Sonra gəlib burda müəllimləri qanunsuz hərəkətlərə təhrik edir. Qərarınızı dəyişin. Peterburqun gözündə bizi abırdan salmayın”.


Nərimanov söz altında qalanlardan deyildi. Tağıyevin ittihamlarını cavabsız qoymur. Deyir, heç vaxt qızılın nökəri olmayıb. Heç Tağıyevin də nökəri olmayacaq. Xeyriyyəçidi, qoy elə xeyriyyəçi kimi də qalsın. Day əvəzində nökərçilik xahiş etməsin öz tələbələrindən.


***


Nərimanov barədə yazanların əksəriyyəti təkrarçılığa yol verib. Bu inqilabçı, həkim, müəllim haqda indiyədək yeni bir söz deməyiblər. Məxfi qovluqlarda saxlanılan saralmış sənədlərdə isə bizim tamam fərqli Nərimanovla tanış olmaq şansımız var.
Əvvəla, Nərimanov Bakıda qurduğu qiraətxana vasitəsilə o vaxtkı Şərqin bütün inqilabçı ünvanları, şəxsləri ilə birbaşa təmasda idi. Oktyabr inqilabı zamanı həmin ünvanlar, şəxslər Leninə hava-su qədər lazım olur. Nərimanov da xəsislik etmir. Başlayır bu ünvandakı şəxslərlə məxfi danışıqlara. Şərqdə böyük bir şəbəkə toru yaradıb onu verir sovet təbliğatının, Kominternin ixtiyarına.


Mustafa Kamal Atatürklə Lenin arasında əlaqələri yaradan şəxs də məhz odu - Nəriman Nərimanov. Avropada - yəni Almaniyada, Macarıstanda, İtaliyada kommunist inqilablar həyata keçirmək planları uğursuzluqla nəticələnəndə, doktor Nərimanov başqalarından fərqli olaraq özünü itirmir. Leninə, Trotskiyə növbəti hədəfləri Şərqdə axtarmağı məsləhət görür.
1920-ci ilin baharında Nərimanovla Lenin qərara gəlirlər, dünya imperializminə qarşı öz ilk zərbələrini məhz Şərq istiqamətində - Bakıda, Anadoluda vursunlar. Mustafa Kamalla gizli danışıqlar müsbət nəticələnir. Qərara gəlirlər ki, Bakıdakı türk hərbi mütəxəssisləri, türk zabitləri bolşevik qiyamına maneçilik törətməyəcək. Əksinə, ona hər cür yardım göstərəcəklər. 1920-ci il 28 aprel tarixində türk zabitləri Mustafa Sübhi, Çingiz İldırımın ətrafına yığılıb Bakıda qəfil üsyana başlayırlar.
Az sonra Bakıda “Şərq xalqlarının 1-ci qurultayı” çağırılır.


Sonra xüsusi qatarla Bakıya bolşevik ordusunun baş komandanı Frunze özü təşrif gətirir. Ancaq o, burda çox da ləngimir. Böyük miqdarda silah, pul, qızıl, mütəxəssislərdən yükünü tutaraq Bakıdan Tiflisə, ordan Qarsa yollanır. Anadoluda Atatürklə birləşən bu qüvvələr sonra parlaq qələbələr qazanacaq. Türkiyəni, türk xalqını azadlığa qovuşduracaq.


Əməliyyatın müəllifi, bayaq dediyim kimi, bir doktor Nərimanovdu, bir də Lenin. Bir də sözsüz, Mustafa Kamal Paşa.
Rus yazarı Pyotr İliçev bu mövzudan vaxtilə ikiəlli yapışıb. “Türk karvanı” romanında bu mövzunu oxuculara çatdırıb. 1986-cı ildə həmin roman Azərbaycan türkcəsinə tərcümə edilib. Qalır indi sizin Axundov kitabxanasına gedib bu kitabla tanış olmağınız.




***


Bakı neft şəhəri idi. Şəhəri labüd yanğınlardan qorumaq, neft mədənlərinin təhlükəsizliyini təmin etmək Lenin ilə Nərimanovdan xüsusi istedad tələb edirdi. Onlar çox məxfi bir əməliyyat planı qurub icrasını Çingiz İldırıma tapşırırlar.
Əməliyyatın bütün detalları ilə bəlkə ilk dəfə indi mən sizi tanış edirəm.


***


1920-ci ilin 28 aprelində Polşa lideri Pilsudski Kiyevi alır. Lenin buna Bakının fəthi ilə cavab verir.


Yəni o vaxtlar dünya şahmat taxtası üzərində gərgin oyun gedirdi. O vaxt təkcə Moskva deyil, London da Bakıda çevriliş etmək, zəif, hərəkətsiz parlament respublikasını çevik diktatura modeli ilə əvəz etmək istəyirdi. Polşadakı Pilsudski nümunəsi o vaxt Londona çox xoş görünürdü. İngilislər oxşar ssenarini Azərbaycanda təkrarlayıb, hakimiyyətə diktator gətirmək istəyirdilər. Çox çək-çevirdən sonra ingilislər bu diktatoru Xəzər Dəniz Donanması komandanı Çingiz İldırımın simasında tapırlar. Qərara gəlirlər ki, 28 aprel tarixində hakimiyyət çevrilişi edib, ölkədə diktatura elan etsinlər.
Ancaq Çingiz İldırım təkcə Londonun deyil, həm də Moskvanın adamıydı.


İkibaşlı oyun start götürür. Son anadək heç kim bilmirdi Çingiz İldırım, Mustafa Sübhü kimi hərbiçilər kimin tərəfini tutacaq - Londonun, yoxsa Moskvanın?


28 aprel 1920-ci il hadisələrinin əsl dramatizmi, kriminal süjeti, bax, bu cür olub.


Lenin öz agenti Çingiz İldırım vasitəsilə Londonu azdırıb. Çingiz Britaniyanın razılığı əsasında ayın 27-dən 28-nə keçən gecə ölkədəki bütün strateji nöqtələri ələ keçirib. İddia edib ki, bəs guya ölkədə diktatura qurduqdan sonra Pilsudskiylə birləşərək Moskvanın əleyhinə müharibəyə başlayacaq.


İngilislərin başının altına balış qoyan Çingiz İldırım, Mustafa Sübhü kimi türk zabitləri, əslində son anadək bilməyiblər kim qalib olacaq bu oyunda - ingilislərmi, ruslarmı?




Ən son anda Çingiz İldırım əsl kartları açır-bolşeviklərin ultimatumunu parlament kürsüsündən səsləndirir.
Bax, budur əsl həqiqət.


Onu biz hələ həzm etməyə hazır deyilik.


İngilis kəşfiyyatı Bakını heç vaxt Leninə təhvil verməzdi. Əgər Çingiz İldırımla Mustafa Sübhü ingilislərə yanlış informasiya ötürməsəydi. İngilislər ən azı neft mədənlərini yandırıb Lenini, Nərimanovu müdhiş alov sütunları ilə təkbətək qoymaq fikrində olublar. Ancaq Nərimanovla Leninin məxfi oyunları, Atatürkün qəti mövqeyi öz işini görür.


Bütün bunlar tarixi faktlar əsasında rəhmətlik yazıçı Firidun Ağayevin “İldırım dənizə çağır” romanında gözəl qələmə alınıb.


***


Qarabağın Azərbaycanda qalması da, yadda saxlayın, Nərimanovun xidmətidir. O, Rəsulzadədən təhvil aldığı Azərbaycan coğrafiyasını düşmənlərə satmadı. Azərbaycan Sovet Sosialist Respublikası çətiri altında müstəqilliyimizi bir başqa cür, başqa şərtlər altında davam etdirdi. Həm Azərbaycanı xilas etdi o vaxt, həm də qardaş Türkiyəni.


Xalq buna görə Nərimanovun heykəlinə, adını daşıdığı müxtəlif ünvanlara hörmət hissi sərgiləyir indiyəcən. Rusiya-Türkiyə-Azərbaycan üçbucağının bütün gələcək perspektivləri vaxtilə bu doktor tərəfindən cızılıb. Dəfələrlə tarixin sınağından üzü ağ, alnı açıq çıxıb.

Yenə də belə olacaq həmişə.


HƏMİD HERİSÇİ


Redaksiyadan: Yazı müəllifin subyektiv mülahizələri əsasında hazırlanıb və redaksiya buradakı tarixi təhrif və əsaslandırılmayan, fantastik iddiaları bölüşmür. Lakin imzası geniş tanınan müəllifin bu yazısının maraqlı reaksiyalar, müzakirələr doğura biləcəyini nəzərə alaraq, onu dərc edir.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.