Osman Gündüz: “Elçibəyi həmin 8 ayda dərk etdim”

26-06-2017, 13:00           

Eks-prezident Əbülfəz Elçibəy ölümündən təxminən 1 il öncə mənə qəribə bir sifariş, tapşırıq verdi. “Bütöv Azərbaycan” multimedia məhsulu hazırlamaq.

Məqsəd Azərbaycanın bütövlüyü ilə bağlı məlumatları, foto, video və audio informasiyaları, bu sahə ilə əlaqəli nə varsa imkan daxilndə bir yerə toplamaq və rahat, anlaşıqlı formada insanlara çatdrımaqdan ibarət idi.

Xatırlayıram ki, Layihənin detallarını onunla müzakirə edəndə mənim diqqətimi cəlb edən o olmuşdu ki, Bəy texnologiyaların üstünlüklərini, insanlara təsir etmə imkanlarını, insanlara təsir baxımından multimedialılığın əhəmiyyətini yetərincə dəyərləndirirdi.

8 ay işlədik bu Layihənin üzərində. Böyük bir komanda formalaşdırdıq. Hazırda bu insanların, proqramçıların, dizaynerlərin, redaktorların bir çoxu dünyanın müxləlif ölkələrində çalışırlar. Onlar içərisində hazırda global İT şirkətlərin nümayəndəliklərinə rəhbərlik edənlər də var. Multimedia məhsulun proqram təminatı Delphi-də işləndi. Müəyyən qədər rəsmi bir resurs olacağını nəzərə alaraq xatırlayıram ki Azel-dən lisenziyalı Delphi üçün, səhv etmirəmsə 1000 $ civarında vəsait ödədik.

Çox yuxusuz gecələr, çox yadda qalan anlar oldu. Torqovıda bir ofis də verilmişdi bizə. Layihə çərçivəsində hazırlanmalı olan bəzi multimedia materiallar müəyyən qədər də qonşu dövlətlərin maraqlarına toxunduğundan hiss edirdik ki, kimlərsə izləyirdilər bizi. Bəzi şəxslər intervü filan götürmək bəhanəsiylə ofisə gəlmək istəyirdilər.

Layihənin icrası ilə bağlı Elçibəyin tapşırığı ilə xeyli sayda insanlarla, alimlərlə, yazıçılarla, sənətkarlarla görüşdüm. Çox sayda maraqlı, faydalı insanlar bu layihənin ərsəyə gəlməsində iştirak ediblər. Yeri gəlmişkən, Bəy o dövr üçün yetərli hesab oluna biləcək bir vəsait də ayırmışdı bu Layihəyə. Cıdır tərəfdə yaşayan evində bu layihə ilə bağlı tez-tez görüşərdik və layihəni müzakirə edərdik. Bu layihədən məndə xeyli xoş xatirələr qalib, həmdə bu layihə ilə Bütöv Azərbaycan tarixini, xüsusilə də Cənubi Azərbaycanı daha dərindən öyrəndim.

Xatırlayıram ki, Bəy mənə KARVAN simfoniyasının fəlsəfəsini elə izah etdi ki, simfoniyaya qarşı etinasız birisi olan məndə indiyədək də bu simfoniyaya qulaq asanda qəribə hisslər baş qaldırır. Layihəni müzakirə üçün onun yanına gedəndə həmin multimedia məhsula daxil eilən Flora xanımın ifasinda “bir anamdan birdə səndən doya bilmirəm –ey vətən” misraları ilə olan mahnısına gözlərini yumaraq necə heyranlıqla və dəfələrlə qulaq asmağını heç zaman unutmuram.

Layihə çox uğurlu alındı və biz onu Bütöv Azərbaycan Birliyinə təhvil verdik. CD-disk formatında çoxaldılaraq yayıldı. Geniş təqdimatlar keçirildi. Mükafatlar verildi bizə. Necə deyərlər, bu, uzun bir tarixdi.

Ümumiyyətlə , mənə elə gəlir ki, mən Elçibəyi daha dərindən məhz həmin 8 ayda, Layihəni işləyəndə tanıdım, dərk etdim. Bu gün Eks-prezident, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin 79 –cu ildönümüdür.

Allah rəhmət etsin və ruhunu sad etsin!

Yazı Osman Gündüzün feysbuk səhifəsindən götürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.