İrana mesaj: “Belə təəssübkeşsinizsə, Ermənistandakı səfirliyinizi bağlayın”

4-08-2017, 09:40           
İrana mesaj: “Belə təəssübkeşsinizsə, Ermənistandakı səfirliyinizi bağlayın”
Elçin Mirzəbəyli: “Adama deyərlər, əgər Qarabağın azad olmasını istəyirsənsə, o zaman buyur, Ermənistanla bütün əlaqələri kəs...”

Elxan Şahinoğlu: “Bütün hallarda Amulinin səsləndirdiyi açıqlamalar Azərbaycanın xeyrinədir”

İranın ali dini lideri Ayətullah Seyyid Əli Xameneyinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Seyid Həsən Amulinin bugünlərdə APA-ya verdiyi müsahibədə bir sıra fikirlər diqqət çəkdi. Onun “İran və Azərbaycan bir millət-iki dövlətdir” deməsi, Qarabağla bağlı Azərbaycanın mövqeyindən çıxış etməsi, aprel döyüşlərində Azərbaycan ordusunun daha geniş əraziləri azad etməli olduğunu dilə gətirməsi maraqlı yanaşmalar idi.

Ancaq bu da var ki, İrandan Azərbaycanla bağlı açıqlamalar verilərkən bunun arxasında mütləq hansısa məqsədlərin olmasından şübhələnmək lazım gəlir. Ötən həftə İsrail-Ermənistan əlaqələrində dönüş yarandı. Belə ki, İsrail rəsmilərindən birinin İrəvana səfər etməsi Tehranı qıcıqlandırmaya bilməzdi. Bu mənada mümkündür ki, Amuli də bu siyasətə uyğun mövqe ortaya qoyub, Ermənistana xəbərdarlıq edib.

“Seyid Həsən Amuli Azərbaycanın ünvanına ən sərt ittihamlar səsləndirən, istiqlalımızı, inkişaf modelimizi, konstitusion dövlət quruluşumuzu sevməyən şəxslərdən biridir. İndi o, İranın dini liderinin fikirlərini öz emosional əlavələrlə yenidən təkrarlayıbsa, bu onun bizə qarşı mövqeyinin dəyişməsi anlamına gəlmir. Amuli, sadəcə, İranın yeni dəst-xəttinə uyğun hərəkət edir”.

Politoloq Elçin Mirzəbəyli bu fikirləri “Yeni Müsavat”a açıqlamasında dedi. Ekspert qeyd etdi ki, İranın mövcud hakimiyyəti və dini-siyasi rejimi Azərbaycan Respublikası ilə bağlı məsələlərdə siyasətinə müəyyən korrektələr edib: “Son zamanlar İranın Azərbaycanda sevdirilməsi məqsədi daşıyan bəzi layihələrin həyata keçirilməsi də bunu sübuta yetirir. Amulinin ”İran və Azərbaycan iki dövlət bir millətdir" deməsi Azərbaycan-Türkiyə münasibətlərinə qısqanclıqdan doğan söz oyunundan başqa bir şey deyil. Amuli və onun mənsub olduğu rejim millət anlayışını qəbul etmir, hətta İran adlanan dövlətin mövcud hüquqi sərhədləri çərçivəsində, fəqət öz tarixi vətənlərində yaşayan Güney Azərbaycan türklərini də öz adı ilə çağırmaqdan imtina edir, “İran xalqı”, “İran milləti” deyimi ilə kifayətlənirlər. İndi Amuli nə demək istəyir? Demək istəyir ki, biz də “İran milləti”yik? Ya da artıq İranın klassik türk dövlətini qəbullanıb? Biz belə söz oyunlarına inandığımız sadəlövhlük mərhələsini çoxdan keçmişik".

E.Mirzəbəyliyə görə, ermənilər üçün Qarakilsədə kütləvi mərasim təşkil edən, işğalçı Ermənistanla hərtərəfli dostluq münasibətlərini davam etdirən bir rejimin təmsilçisinə inanmaq üçün əsas yoxdur: “Adama deyərlər, əgər Qarabağın azad olmasını istəyirsənsə, o zaman buyur, Ermənistanla bütün əlaqələri kəs, işğalçı ölkəyə qarşı sanksiyalar tətbiq elə! Yox, bütün bunları eləmirsənsə, o zaman bizə nağıl danışma!”

Ekspert qeyd etdi ki, İranın mövcud rejiminin İsrail-Ermənistan əlaqələrinə müsbət yanaşması təbii qəbul olunmalıdır: “Tehranın Ermənistanla bir dərdi yoxdur ki, rejimin dərdi bizimlədir. Azərbaycan-İsrail münasibətləri isə sadəcə, Tehran üçün ölkəmizin dövlətçilik modelini Güney Azərbaycan türklərinin gözündən salmaq üçün bir bəhanədir. İranın Fələstinlə bağlı siyasəti də Amulinin bəyanatları qədər saxtadır. İslam təəssübkeşi olublar... Məgər sərhədlərinin beş addımlığında işğal olunan müsəlmanların torpağı deyil? Fələstin təəssübkeşliyi İranın Səudiyyə Ərəbistanı ilə nüfuz savaşında istifadə etdiyi ideoloji silahdan başqa bir şey deyil. Əgər bu qədər təəssübkeşdirlərsə, Ermənistandakı səfirliklərini bağlasınlar, İrandakı Ermənistan səfirini də yola salsınlar getsin. Səudiyyə Ərəbistanı, Pakistan Ermənistanı dövlət kimi tanımır. Türkiyə Ermənistanı tanısa da, onunla heç bir əlaqəsi yoxdur. Danışanda bizə adlarını sadaladığım ölkələrdən ”bir köynək yaxın" olduqlarını deyirlər".

Politoloq Elxan Şahinoğlu isə “Bir millət, iki dövlət” fikrinin adətən Azərbaycan-Türkiyə münasibətləri haqqında deyildiyini xatırlatdı: “Amuli isə açıqlaması ilə demək istəyir ki, İran Azərbaycan üçün Türkiyə qədər dəyərlidir. Səfəviləri misal çəkməklə İranla Azərbaycanın ortaq tarixə malik olduğunu deyən Amuli iki ölkə arasındakı yaxınlığı bu sözlərlə dəyənləndirib: ”Azərbaycanın problemlərini öz problemimiz bilirik. İran və Azərbaycan Arazın iki qoludur. Mənşəyi, əsli və kökü birdir. Bu, tələb edir ki, iki ölkə arasında əlaqələr daha da inkişaf etsin. Şükürlər olsun, getdikcə əlaqələr daha da yaxşılaşır. Biz öz torpaqlarımızın izzətini necə istəyiriksə, Azərbaycan üçün də o cür izzət və başucalığı istəyirik"".

Politoloq hesab edir ki, Amuli Qarabağ haqqında da fikirlərini açıq ifadə edib: “Qarabağın ermənilərin işğalı altında olduğunu bildirən Amuli problemin həll olunmamasında 3 dövlətin adını çəkib: Rusiya, ABŞ və həmişəki kimi İsrail. Amuli sonuncu dövləti Tehranın ənənəvi siyasətindən çıxış edərək xatırladıb, yoxsa İsrailin Qarabağ münaqişəsinin yaranmasında və həllinin uzanmasında heç bir rolu olmayıb və yoxdur. Ən maraqlısı Amulinin Rusiyanı ittiham etməsidir: ”Qarabağın işğalda olmasından istifadə edən Rusiya Azərbaycan və Ermənistana istədiyi təzyiqi göstərir. Ermənistan Qarabağa görə Rusiyaya möhtacdır. Dağlıq Qarabağ problemi hazırda regional bir problem deyil, böyük dövlətlərin maraq dairəsinə çevrilib. Azərbaycan və Ermənistan özləri problemi həll etmək istəsələr də, bu, mümkün olmayacaq. Çünki Rusiya istəmir buradan geri çəkilsin. Qarabağ problemi Rusiya əlinə düşmüş yağlı bir tikədir. Dağlıq Qarabağın həlli prosesi nə qədər uzanırsa, onun Azərbaycana qaytarılması bir o qədər çətin olur"".

E.Şahinoğlu qeyd etdi ki, İranın hansısa rəsmisindən heç zaman oxşar açıqlamalar eşitməmişik: “Heç bir İran rəsmisi və ya yüksək rütbəli din xadimi açıq-aşkar Rusiyanı, erməni separatizmini tənqid etmir. Amuli ilk dəfə deyil ki, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə edir. Əsas sual budur: Bu açıqlamalar Amulinin yalnız özünə məxsusdur, yoxsa İranın siyasi və dini kəsimində onun kimi düşünən başqaları da var, varsa niyə onların oxşar açıqlamalarını eşitmirik və ya niyə demirlər ki, İran işğalçı Ermənistanla münasibətlərə yenidən baxmalıdır? Bütün hallarda Amulinin səsləndirdiyi açıqlamalar Azərbaycanın xeyrinədir. Bu açıqlamalar işğalçılıq siyasəti yürüdən Ermənistan hakimiyyəti üçün mesaj əhəmiyyəti daşımalıdır. Azərbaycan İranın Ermənistanla əlaqələrindən narahatdır, ancaq bu, o demək deyil ki, bu siyasət əbədidir və İran daima bu siyasətə sadiq qalacaq və İranda yaşayan azərbaycanlılar - ictimai fəallar, deputatlar, siyasilər və din xadimləri Tehranın Ermənistan siyasətini dəyişdirməyə çalışmayacaqlar. Öz növbəsində Azərbaycan İranda yaşayan milyonlarla azərbaycanlı amilindən öz xeyrinə istifadə etməyi bacarmalıdır”.

Ekspert Ermənistan mediasında İran əleyhinə yazıların dərc olunduğunu xatırlatmaqla yanaşı, qeyd etdi ki, paralel olaraq İranla Azərbaycan arasında dəmir yolu çəkilir: “Məsələ burasındadır ki, İran Ermənistandakı dağları yarıb dəmir yolunun tikintisinə milyardlarla dollar yatırım qoymaqdansa Azərbaycanla dəmir yolunun inkişafına üstünlük verir. Digər tərəfdən, İranın gərəkli maliyyəsi yoxdur ki, Ermənistan üzərindən dəmir yolu çəksin, Ermənistana isə heç bir bank bu məqsədlə kredit ayırmaz. Bunun əvəzinə Azərbaycan İrana 500 milyon dollar kredit verir ki, öz ərazisindəki dəmir yolu tikintisini tamamlasın ki, Azərbaycan üzərindən keçən Şimal-Cənub nəqliyyat xətti tam gücü ilə işləsin. Bu mənada yaxın perspektivdə İran-Azərbaycan iqtisadi münasibətlərinin inkişafının İran-Ermənistan münasibətlərinə təsir gücü hiss olunmalıdır”.
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.