Ölkədən qaçdığı deyilən bankirlə bağlı yeni məlumat

29-07-2015, 11:21           

Azərbaycanda bank müdirinin külli miqdarda vəsaiti oğurlayaraq ölkədən qaçması ilə bağlı məlumat yayılıb.

“Qafqazinfo” saytının verdiyi xəbərə görə, ölkədən qaçan bankir “TuranBank”ın Cəlilabad filialının rəhbəri Fərid Məmmədovdur. Belə ki, filial rəhbəri bir neçə ay əvvəl 450 min manata qədər vəsaiti başqalarının adına kreditləşdirib. Daha sonra isə pulları mənimsəyərək ölkədən çıxıb. Əslən Biləsuvar rayonundan olan Fərid Məmmədov sözügedən vəsaiti elə öz yerlilərinin adına sənədləşdirib.

Yayılan bəzi məlumatlara görə isə o, mənimsədiyi pulu Azərbaycanda qoşulduğu qumar oyunlarında uduzub və məhz bundan sonra ölkədən qaçıb.

Hazırda hadisə ilə bağlı araşdırma gedir, Fərid Məmmədov axtarılır.

Məsələ ilə bağlı AzVision.az bankın Cəlilabad filialı ilə əlaqə saxlayaraq, ətraflı məlumat əldə etməyə çalışıb.

Filialdan bildirilib ki, Fərid Məmmədov bankdan mətbuatda qeyd edildiyi kimi pul mənimsəməyib. O yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

“Fərid Məmmədov bir müdddət öncə işdən azad olunub. O, külli miqdarda vəsaiti mənimsəyərək ölkəni tərk etməyib. Hazırda Azərbaycandadır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.