Şəhərin mərkəzində dava - SAXLANILAN VAR
25-10-2015, 22:48
Femida.az.az xəbər verir ki, Səbail rayonu ərazisində polislə vətəndaş arasında insident olub. Bu gün təxminən 19:00 radələrində İçərişəhər metrosunun qarşısında iki nəfər reklam bukletləri paylayan zaman polis onları ərazidən uzaqlaşdırmaq istəyib.
Buna baxmayaraq, vətəndaş burada heç bir qanunu pozacaq iş görmədiyini əsas gətirərək, polislə getməyə etiraz edib. Bu zaman onunla polis arasında dava olub. Bundan sonra bölmənin əməkdaşları əlavə güc çağırmağa məcbur olub.
Hadisə şahidlərinin verdiyi məlumata görə, polis dava zamanı gözyaşardıcı qazdan istifadə edib. Bunun nəticəsində ətrafda olan insanlara da kiçik zərər dəyib. Şahidlərin müxbirimizlə söhbəti zamanı dedikləri sözlərə görə, polis iki nəfərdən birini polis maşınına mindirərək, ərazidən uzaqlaşdırıb. Digər şəxs isə qaçaraq aradan çıxıb.
Məsələ ilə bağlı Femida.az DİN-in mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidovla əlaqə saxlayıb. DİN-in rəsmisi qeyri-iş vaxtı olduğu üçün məsələdən xəbərsiz olduğunu vurğulayıb.
Səbail rayonu 9- cu bölmədən isə bildirdilər ki, açıqlama vermək səlahiyyətləri yoxdur.Bölmədən bu məlumatı nə təsdiq, nə də inkar etdilər.
Xatırladaq ki, polis əməkdaşları həmin reklam bukletlərinin hansı şirkətə məxsus olduğunu və məzmununun nə olduğunu aydınlaşdırmaq istəyərkən hadisə baş verib.