Şuranın III qrant müsabiqəsi: QHT-lərə nə vəd edir?

13-06-2016, 20:53           

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası bu il üçün III qrant müsabiqəsi elan edib. Həm II müsabiqənin nəticələri, həm də III müsabiqədə QHT-ləri gözləyən yenliklərlə bağlı Şuranın mətbuat xidmətinin rəhbəri Elməddin Behbud açıqlama verib.

E.Behbud bildirib ki, Şura fəaliyyətə başladığı 2008-ci ildən etibarən “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq ildə azı iki dəfə ölkə QHT-ləri üçün qrant müsabiqəsi elan edir. Müsabiqə prosesində əvvəldən sonadək aşkarlıq və şəffaflıq prinsipləri təmin olunur. Artıq neçə illərdir ki, QHT layihələrinin qəbulu elektron qaydada aparılır. Eyni zamanda qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan QHT-lərə Şuranın Apellyasiya Komissiyasına müraciət etmək hüququ da verilir. Qrant müsabiqələrinin təşkili prosesi ilə bağlı indiyədək aparılan və hazırda da davam etdirilən təkmilləşdirmələr QHT-lərə yalnız daha yüksək səviyyədə xidmət göstərilməsinə, şəffaflığın tamlıqla təmin olunmasına və onların maarifləndirilməsinə xidmət edir. Hər il Şura paytaxt və regionlarda layihələrin hazırlanması, idarə olunması, təsviri və maliyyə hesabatlarının hazırlanması və digər mövzularda onlarla seminar, təlim, məlumatlandırma sessiyası təşkil edir. Məhz bunun nəticəsində artıq QHT-lərin Şuraya təqdim etdiyi layihə təklifləri cəmiyyətimizin maraqları baxımından daha aktual və cəzbedicidir. QHT-lər etiraf edək ki, layihələrin icra prosesində də öncəki illərdən daha artıq dərəcədə peşəkar davranış nümayiş etdirirlər”.
Mətbuat xidməti rəhbərinin sözlərinə görə bütün bunlara baxmayaraq təəssüflər olsun ki, III sektorda hələ də QHT-yə, ictimai fəaliyyətə dırnaqarası baxan, vətəndaş cəmiyyətinin missiyasını dərk etməyən təsadüfi təşkilat rəhbərləri də var: “Şuranın həyata keçirdiyi bütün fəaliyyətlər QHT-lərin donorlarla əməkdaşlıq imkanlarının artırılmasına, peşəkarlıq dərəcələrinin inkişaf etdirilməsinə, ümumilikdə QHT sektorunun cəmiyyətin lokomotivinə çevrilərək istər milli maraqlarımızın qorunması, istərsədə vətəndaşların müxtəlif xarakterli problemlərinin həllində fəal şəkildə iştirak etmələrinə hərtərəfli dəstək verilməsini hədəfləyir”.
2016-cı ilin III qrant müsabiqəsi haqqında danışan E.Behbud qeyd edib ki, bu müsabiqə əsasən mövzularına görə bir qədər fərqlənir: “QHT-lər sosial - iqtisadi inkişafa dair təşəbbüslər; regional təhlükəsizlik məsələlərinə dair təşəbbüslər; QHT layihələrinə biznes qurumlarının dəstəyinin təşviq edilməsinə dair təşəbbüslər; soyqırım, terrorizm və dini radikalizm təzahürlərinə qarşı təşəbbüslər; hüquq mədəniyyətinin inkişafına dair təşəbbüslər və s. kimi ictimai aktuallıq kəsb edən, maraqlı mövzularla müsabiqəyə layihə təqdim edə bilərlər”.
Bəs, əvvəlki müsabiqələrdən kənarda qalan QHT-lər necə, III müsabiqədə iştirak edə bilərlərmi?
E.Behbud bildirir ki, Şuranın Əsasnaməsinə uyğun olaraq maliyələşdirilən layihənin icrası zamanı kobud səhflərə yol verən, müqavilə öhdəliklərinə əməl etməyən, qrant vəsaitini təyinatı üzrə xərcləməyən QHT-lərə qarşı sanksiya tətbiq edilə bilər: “Şura Əsasnaməsinin ona verdiyi səlahiyyətdən irəli gələrək bu cür QHT-lərin 2 il müddətədək qrant müsabiqələrində iştirak etmək hüququnu məhdudlaşdıra bilər. Belə QHT-lər istisna olmaqla Şuranın cari ildəki iki qrant müsabiqəsində layihəsi maliyyələşdirilməyən bütün ölkə QHT-ləri hazırda davam edən III müsabiqəyə müvafiq mövzular üzrə layihə təqdim edə bilər. Şura yeni müsabiqə elan etməklə QHT-ləri daha səmərəli ideyalarla çıxış etməyə və təqdim etdikləri layihələrin keyfiyyətini yüksəltməyə sövq edir. Çünki bir öncəki müsabiqədə layihəsi keçid balı toplaya bilməyən QHT növbəti müsabiqəyə daha ciddi şəkildə hazırlaşmalı olur. Bu baxımdan QHT-lərdən yüksək keyfiyyət əmsalına malik layihələr gözləyirik. Düşünürəm ki, QHT-lər onlara yaradılmış imkanlardan səmərəli şəkildə istifadə etmək üçün zəruri potensiala sahibdirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.