Bərdədə körpə ölümünün səbəbi bilindi: - `Ana özünü zəhərləyib`
12-07-2016, 14:08
Xəbər verdiyimiz kimi, ötən gün Bərdənin Mərkəzi Rayon Xəstəxanasının Doğum Evində uşaq ölümü qeydə alınıb.
Bərdənin Gərənə kənd sakini, hazırda Qaradəmirçi kəndində yaşayan, 1994-cü il təvəllüdlü Aysel İlham qızı Qocayeva erkən doğuş diaqnozu ilə doğum şöbəsinə yerləşdirilib. Hamiləliyinin 7-ci ayının olmasına baxmayaraq, Aysel Qocayevaya doğuşun tezləşdirilməsi üçün yardım göstərilib. Onun dünyaya gətirdiyi əkiz uşaqlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.
Doğuşu həyata keçirən Tahirə adlı həkim xəstənin valideyinlərinə doğuşun qaydasında aparıldığını bildirib. Uşaq ölümünü erkən doğuşla əlaqələndirib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Rəna Mustafayeva AzVision.az-a bildirib ki, körpənin doğuş zamanı ölümünə ananın hamiləlik dövründə zəhər qəbul etməyi səbəb olub.
“Doğuş normal halda hamiləliyin 39-40-cı həftəsində baş tutur. Həmin xanım hamiləliyin 28-ci həftəsində xəstəxanaya müraciət etmişdi. Uşaqlardan birini xilas etmək mümkün olmadı, digərinin isə vəziyyəti ağırdır. Körpənin sağ qalması üçün bütün tədbirlər görülür”.
Baş həkim doğuş zamanı ananın ölüm riskindən xilas edildiyini və hazırda vəziyyətinin yaxşı olduğunu qeyd edib.
“Anaya heç nə olmayıb, hazırda vəziyyəti normaldır. Lakin körpənin vəziyyəti yaxşı deyil. Onun Bakıya gətirilməsi sual altındadır, çünki körpəni buradan çıxarmaq olmaz. Hələlik bu barədə qərar verilməyib”.