Atasını öldürən oğlan vəhhabi imiş? - “Qətl əmrini imamından alıb”
23-08-2016, 17:36
Yardımlı rayonunda oğulun atasını öldürməsi məsələsiylə bağlı dəhşətli faktlar ortaya çıxıb.
Kənd sakinlərindən AzNews.az-a verilən məlumata görə, atasıyla həmişə mehriban münasibətdə olan oğulun birdən-birə düşmənə çevrilməsi, nəticədə də onu öldürməsi dini inancları arasındakı ziddiyyətlə bağlı olub. Belə ki, Quba Dövlət İqtisad Kollecinin Yol hərəkətinin təşkili fakültəsinin 3-cü kurs tələbəsi olan Qaçay Nadir oğlu Şahverənov vəhhabilərə qoşulubmuş. O, Qubada təhsil alsa da, tez-tez Bakının vəhhabilərin daha çox məskunlaşdığı “Razin” qəsəbəsinə gedirmiş, orada təşkil olunan məclislərə qatılırmış. Kənd sakinləri deyir ki, qatı şiə olan ailədə Qaçayın dini baxışları ciddi problemə səbəb olub. Onun saqqal saxlaması, şalvarlarının ətəyini qısa kəsdirməsi isə bu problemi bir qədər də dərinləşdirib.
Məzuniyyətə kəndə gələn tələbə ilə atasının bir neçə dəfə ciddi mübahisələrinin olduğu da bildirilir. Hətta iş o yerə çatıb ki, atası onu saqqalını qırxmadığı təqdirdə öldürəcəyi ilə hədələyib. Bundan sonra - hadisə baş verməzdən bir neçə gün əvvəl Qaçay evlərindən çıxıb yaxın qohumlarıgildə qalmağa başlayıb.
Məlumatlı şəxslər deyib ki, onun atasını öldürməsi qərarına gəlməsi şəxsi fikri olmayıb: “Öz imamı ilə danışıb, atasının ona dediklərini, vəhhabiliyə qarşı çox radikal davrandığını bildirib. Bundan sonra o əmr edib ki, atasını öldürsün”.
İddia olunur ki, belə bir əmri alandan sonra Qaçay hazırlıqlara başlayıb, tüfəng əldə edib və onu həyətlərindəki tövlədə gizlədib. Həmin gün qətlə yetirilən Nadir Şahverənov evdə olmayıb, səhər tezdən rayon mərkəzinə gedib. Buna görə də oğul atasını axşama kimi gözləməli olub. Axşam üstü, təxminən 17 rədələrində evinə qayıdan Nadir həyətə daxil olanda arxadan, kürəyindən oğlu tərəfindən vurulub. Oğul hadisəni törədəndən sonra özü polisə zəng edərək təslim olub.
Polisdən AzNews.az-a verilən məlumata görə, o öz izahatında atasını öldürdüyünə görə heç bir peşmanlıq keçirmədiyini bildirib.
Yardımlı rayon prokurorluğundan isə Lent.az-a bildirilib ki, Q.Şahverənov ilkin ifadəsində törətdiyi əməldən peşman olmadığını bildirib. O deyib ki, Bakıdan hər dəfə kəndlərinə qayıdanda atasının anasını incitdiyini görüb. Atasını da məhz bu səbəbdən – anasını döydüyü, incitdiyi üçün öldürüb.
Məlumat üçün bildirək ki, ötən gün Yardımlı rayonunun Alar kənd sakini 1999-cu il təvəllüdlü Qaçaq Şahverənov atası Nadir Şahverənovu ov tüfəngi ilə vuraraq öldürüb. Yaralı aldığı xəsarətdən yerindəcə dünyasını dəyişib.
Faktla bağlı Yardımlı Rayon Prokurorluğunda araşdırma aparılır.