Əli Həsənovun nəvəsinin ölüm xəbəri yalan çıxdı - Nail son anda maşından atılıb
4-08-2017, 09:05
Vaqif Əsədov: "İki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır" Bir neçə saat öncə Heydər Əliyev prospektində baş vermiş dəhşətli qəzanın təfərrüatları bəlli olub. PrimeTime.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində öldüyü bildirilən baş nazir müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin vəziyyəti ağırdır. Hadisə zamanı avtomobildən son anda atıldığı deyilir. Hal-hazırda xəstəxanada olduğu və əlinin yandığı bildirilir. Məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovla əlaqə saxlasaq da, ətraflı məlumatının olmadığını bildirdi: "Hadisə barədə indicə xəbər tutmuşam. İlkin əldə etdiyim məlumata görə, iki nəfər hadisə yerindəcə keçinib, bir nəfər isə yaralıdır. Daha ətraflı məlumat əldə etməyə çalışıram. Hal-hazırda məndə olan məlumatlar bunlardır". Qeyd edək ki, 1995-ci il təvəllüdlü Nail Allahverdiyevin ötən ayın 19-da toy mərasimi baş tutub. O, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyevin kürəkənidir. 21 yaşlı Nail biznesmendir, eyni zamanda məşhur "Soho" klubun sahibidir.