Əmisi oğlunu öldürən bələdiyyə sədri barədə ŞOK faktlar
24-07-2015, 22:07
İyulun 17-də Yevlax rayonun Yuxarı Qaxun kəndində baş verən qətl hadisəsinin əsl təfərrüatı bəlli olub. Qeyd edək ki, Yevlax Rayon Prokurorluğundan ANS PRESS- ə verilən məlumata görə, kənd sakini, 1952-ci il təvəllüdlü Famil Kamil oğlu Qədirov (bələdiyyə sədri) aralarında yaranan münaqişə zəminində öz əmisi oğlu, həmin kəndin sakini olan Sənan Şamil oğlu Qədirova qoşalülə ov tüfəngindən atəş açıb. Məlumatda qeyd edlib ki, hadisə suvarma suyu üstündə baş verib.
Guya, öldürülən şəxs S. Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək digər sakinlərin öz torpağını suvarmasına imkan verməyib. Bundan hiddətlənən kənd camaatı bələdiyyə sədrinə şikayət ediblər. Bunu görən sədr kənd sakinlərinin öz torpaqlarını suvarmalarına imkan verməyən əmisi oğlunun yanına gəlib və ona hərəkətinin düzgün olmadığını izah edib.
Lakin onlar arasında mübahisə yaranıb. Elə bu zaman F. Qədirov özü ilə gətirdiyi ov tüfəngindən S. Qədirova atəş açıb. Sənan Qədirov aldığı güllə yarasından hadisə yerindəcə keçinib. Hadisədən sonra K. Qədirov könüllü olaraq Yevlax Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Əslində isə baş verən olaylar tam fərqlidir. Prokurorluğun məlumatında bildirilir ki, S.Qədirov kəndə gələn suyu öz pay torpağına istiqamətləndirərək başqalarının öz torpağını suvarmasına imkan verməyib.
Suallar yaranır. Hansısa rayonda belə bir hadisənin baş verməsi mümkündür? Yəni rayonda, özü də kənd yerində icra nümayəndəsi, sahə müvəkkili, bələdiyyə sədrinin tapşırığına əməl etməyən sakin varmı? Hansısa sadə kəndli icra məmurlarının tapşırığına əməl etməsə pay torpağı da əlindən alınar və hətta həbs də oluna bilər. Kənd sakinləri isə deyirlər ki, S.Qədirov sadə və öz zəhməti hesabına ailəsini dolandıran bir insan olub. Bunu Sənanın yas mərasiminə gələn yüzlərlə insan da söyləyir. Onun ölümü bütün kəndi sarsıdıb. K.Qədirovun bütün yaxın ətrafı da əmilərinin həyətində göz yaşı axıdırlar. Əhali qohumlar arasında "qan davası” düşməməsi üçün istintaqın tez yekunlaşmasını istəyir.
Baş verən qətl hadisəsinin əsl səbəbi isə bütün kəndə bəllidir. Mərhumun qardaşı Şərif Qədirov deyir ki, Sənan ölümündən bir necə saat öncə evə gəlib nahar etmək istəyərkən telefonuna gəlib. Həyat yoldaşı isə onun telefonda kiminləsə mübahisə etdiyini hiss edib, nə baş verdiyini soruşur. Sənan isə olanları danışır və evdən çıxır…
Hadisənin təfərrüatı belə baş verib. Yuxarı Qarxun kəndində əhaliyə paylanan torpaqlarda əksəriyyət yonca əkir və sahəni sulamaq üçün hər kəsin öz növbəsi olur. Həmin gün növbə Sənanın imiş. Səhər Sənan sahəyə gedərək yoncanı sulamağa başlayıb. Bələdiyyə sədri Famil Qədirov isə kəndin sahə müvəkkili Saleh Məmmədovla birlikdə Kür çayının kənarındakı kafedə olublar. Aralarında nə söhbət olubsa, sədr əmisi oğluna zəng edərək növbəsini başqa bir sakinə verməsini istəyib. Sənan isə artıq suvarmaya başladığını deyib. Bu Kamil Qədirovu əsəbləşdirib və təkidlə suyun qabağını kəsib başqa istiqamətə yönləndirməsini tələb edib. Sənan isə öz növbəsini başqasına verməyəcəyini söyləyib. İki əmoğlu arasında mübahisə düşüb. Əsəbini cilovlaya bilməyən sədr (spirtli içki qəbul etdiyi üçün) "gəlib səni öldürərəm” dedikdə qarşı tərəf "öldürməyən kişi deyil” cavabını verib. Beləcə, iki əmoğlu arasında telefon söyüşməsi olub. Sakinlər deyirlər ki, Kamil Qədirov heç vaxt əmisi oğluna qarşı belə aqressiv davranmazdı. Bunun səbəbi spirtli içki qəbul etməsi olub. Ona görə də əhali bu işdə kəndin sahə müvəkkili Saleh Məmmədovun da "xidməti”nin olduğunu deyir. Hər gün kənddə olan sahə müvəkkili Sənan dəfn olunan gündən kənddə görünmür. Heç yas mərasimində də iştirak etməyib.
Nə isə...Telofonda bir-birini təhqir edən əmoğluların hər ikisi öz evinə yollanıb. Kamil Qədirov evdən ov tüfəngini götürüb çıxanda həyat yoxdaşı qarşısını kəsib, ancaq buna məhəl qoymayan sədr evdən çıxıb. Sənan isə evə gələrək nahar etmək istəyib, ancaq telefon zəngi buna imkan verməyib. Telefondakı sərt danışığını eşidən yoldaşı nə baş verdiyini soruşub. Sənan hadisəni olduğu kimi danışıb və evdən çıxmaq istəyib. Ayaqlarına düşüb yalvaran həyat yoldaşı getməməsini istəyib. Ancaq əmisi oğlu tərəfindən öldürüləcəyinə inanmayan mərhum sahəyə gedib. Avtomobili ilə sahyə gələn Kamil Qədirov ov tüfəngini əlina alaraq Sənanın üzərinə gedib. Aldığı güllə yarasından aydın olub ki, atəş lap yaxından açılıb. Yəni Sənan son anadək əmioğlunun onu qorxutduğunu zənn edib. Ancaq K.Qədirov atəş açaraq hadisə yerindən uzaqlaşıb. Yerdə çan verən Sənanın köməyinə çatan olmayıb. Yevlax-Xaldan yolu istiqamətində hərəkət edən bir avtomobilin sürücüsü yol kənarında al qana bulaşmış bir nəfərin can hayında olduğunu görüb dayanıb. Kömək etmək istəyb, ancaq artıq gec olub. Həmin zaman Sənanın telefonuna yoldaşı zəng edib. Telefonu götürən şəxs tanımadığı adamın ölüm ayağına olduğu yeri söyləyib. Kənd camaatı hadisə yerinə gəldikdə Sənan həyatla vidalaşmış olub.
Bələdiyyə sədri isə birbaşa evə yollanıb və Sənanı vurduğunu söyləyib. Sonra isə baş verə biləcək ikinci faciədən ehtiyatlanaraq polisə zəng edib.
Onu da qeyd edək ki, 63 yaşlı bələdiyyə sədrinin qətlə yetirdiyi əmisi oğlunun cəmi 42 yaşı vardı. Kənddə mərd oğlan kimi tanınan Sənanın 2 azyaşlı uşağını yetim qoyan Kamil Qədirov polis idarəsində əmisi oğlunu öldürdüyü üçün peşiman olduğunu söyləyib. İstintaq isə əsl həqiqəti üzə çıxaracaq. Peşimançılıq hissi keçiriən Kamil Qədirov kimin xahişi və ya göstərişi ilə əmisi oğlunun su növbəsini başqasına verməsi tələbi barədə həqiqəti danışacaq.
Maraqlı nüanslardan biri odur ki, neçə gündür qətl hadisəsi baş verib. Nə polisdən, nə də prokurorluqdan mərhumun ailəsinə baş çəkən var. Mərhumun qardaşı Şərif deyir ki, heç kim gəlib maraqlanmır.