Goranboy icra hakimiyətində 30 000 ittihamı - Biri deyir verib o biri verməmişəm
27-07-2015, 18:24
“İcra başçısının keçmiş müavini Elnarə Yusifova mənim 30 min manat verib bu vəzifəyə təyin olunduğumu sübut etsin”. Bu sözləri Modern.az-a açıqlamasında Goranboy Rayon İcra Hakimiyyəti başçısının yeni qadın müavini Mirvari Ağamaliyeva sabiq müavinin ittihamına münasibət bildirərkən deyib. O qeyd edib ki, Elnarə Yusifovanın onun haqda dedikləri yalandır.
“Elnarə xanımın işdən çıxarılması məndən qabaq baş verən hadisədir və nə olubsa, bu, onunla rəhbərlik arasındakı məsələdir. Onun mənim haqqımda dediklərinin hamısı şər, böhtandır. Sübut etsin ki, mən o pulu haradan almışam və kimə vermişəm. Məgər vəzifəyə pul verərək gəlmişdi ki, mənim haqqımda da belə deyir? Mən də Prezident Adminstrasiyasından təsdiq olunub gəlmişəm. Necə ola bilər ki, o, Prezident Adminstrasiyasından təyin olunub, amma mən icra başçısı tərəfindən? İkimiz də qadınıq və bu cür danışmaq bizə yaraşmaz”.
4 il orta məktəbdə tədris işləri üzrə direktor müavini işlədiyini deyən Mirvari Ağamalıyeva bundan əvvəl Heydər Əliyev Mərkəzində direktor vəzifəsində çalışdığını qeyd edib.
“Mən başa düşürəm ki, indi o hansı vəziyyətdədir. Amma şərə, böhtana əl atmaq lazım deyil. Elnarə xanımla danışmamışam və heç görüşmək də istəmirəm. Məndən ötrü bu sözlər yalan və şərdir”.
Qeyd edək ki, Goranboy Rayon İcra Hakimiyyətinin qadın müavini Elnarə Yusifova iki ay öncə vəzifəsindən azad edilib və yerinə Mirvari Ağamalıyeva təyin olunub.