28 yaşlı gəncin faciəvi sonu - VİDEO
5-08-2017, 01:33
Şirvanda gənc oğlan kür çayında batıb. Neftçalada isə 28 yaşlı oğlan dənizdə boğulub. Hər iki meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Gənc oğlan Kür çayında batıb. Bədbəxt hadisə Şirvanda baş verib. Rayon sakini, 18 yaşlı Ağamurad Bayramlı ötən gün çayda çimərkən boğulub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Axşam saatlarında meyit tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Neftçalada isə 28 yaşlı gənc dənizdə boğulub. Hadisə ötən gün rayonun Yeniqışlaq kəndi ərazisində Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə tökülən hissəsinin yaxınlığında baş verib. Rayonun Mirqurbanlı kənd sakini Təbriz Bağırov ailə üzvləri və yaxın qohumları ilə birlikdə həmin ərazidə istirahət edib. Sonra o, sərinlənmək üçün dənizə baş vurub. Bu zaman burulğana düşən gənc doğmalarının gözü qarşısında suda bataraq boğulub. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən axtarışa başlanılıb. Bir neçə saat davam edən axtarış nəticəsində Təbriz Bağırovun meyiti batdığı yerdən çıxarılaraq aidiyyati üzrə təhvil verilib. Hər iki faktla bağlı araşdırma aparılır. (xəzərxəbər)