“RÖVŞƏN LƏNKƏRANSKİ”NİN ÖLÜM İŞİNDƏ ƏLİ OLAN MİLYONÇU KİMDİR?
26-02-2019, 12:29
Müəllif: “Bu səsi, bu sorağı üçüncü ildir ki, araşdırırıq. Artıq mənə çox mətləblər məlumdur ki, bu səs kimin səsi idi...”
Əvvələ qayıdaqmı? Qayıdaq. 2016-cı ilin avqust ayının 18-də, saat 21:31 dəqiqədə İstanbulun (Türkiyənin) “Barbaros-Bulvar” hotelinin qabağında çox adi bir qaydada Rövşən Lənkəranski öldürüldü. Bir kiçik telefon zəngindən sonra Rövşən Lənkəranski hotelin qabağına çıxıb və çıxarkən gözlənilmədən ona atəş açılıb. Araşdırma materialları içərisində məlum olub ki, həmin vaxt hoteldə (elə həmin gün) milliyətcə erməni olan iki bacı – Monurə və Səfurə bacıları işə götürülüb. Rövşənin ölümündən sonra hər iki bacı işdən gediblər. O da məlim olub ki, (sənədləri vərəqləsək kifayət edər) hər iki bacı milliyətcə azərbaycanlı olan lakin, “Albert” adını daşıyan bir iş adamı ilə çox yaxınlıq ediblər.
Bir az da əvvələ qayıdaqmı? Qayıdaq. Mən artıq bu araşdırmalardan sonra heç bir fərziyyəyə qoşulmaq istəmirəm. Ona görə ki, həqiqət olan yerdə fərziyyələr arxa plana keçir.
Monurə və Səfurə erməni bacıları İstanbulda məşhur “Saruyan bacıları” və yaxud “Albertin bacıları” kimi həm polis idarəsində və həm də ölkənin Milli İstihbarat Təşkilatında, digər təhlükəsizlik xidmətlərində qadın alverçiləri və narkotik maddələr satanların “elçiləri” kimi tanınırlar.
Hər iki qadın İstanbulun Zürafə yaşayış məhəlləsinin sakinləridir. İstanbulun Zürafə yaşayış məhəlləsi narkoticarət köşklərinin və əxlaqsız yuvalarının sayına görə hələlik liderdir və ABŞ-Dövlət Departamentinin analitik sənədlərində geniş təhlil olunmaqdadır. Məlum olub ki, Azərbaycanın qadın və narkotik maddələrinin ticarət yolları-yəni, qara bazarın yolları məhz burda, Zürafə məhəlləsində kəsişir.
Xatırladım ki, demək olar hər il bu ərazidə əməliyyatlar keçirilir. Sonuncu əməliyyatın nəticələri həm ölkə üçün, həm də digər qurumlar üçün təəssüf və ağıla sığmaz çaşqınlıqlar yaradıb. Ölkənin Təhlükəsizlik Polkovniki Feyzi Çöpçü Rəşid Əfəndinin açıqlamasından aydın olur ki, Zürafə məhəlləsinin əxlaqsız yuvalarına və narkoticarət mərkəzlərinin 16-cı hissəsinə azərbaycanlı iş adamlarından biri başçılıq edir. Zürafə ilə bağlı aparılan istintaq materiallarında Bakıdan göndərilən və yaxud aldadılıb gətirilən 18 azərbaycanlı qızın adı və imzası var.
Sənədlərə əsasən apardığımız qısa təhlillərdən aydın olur ki, bu qızlardan hər birinin ali təsilli diplomları var, guya iş tapa bilmədikləri üçün Bakılı “albertçilər”lə dostluq əlaqələri olub.
Polkovnik qeyd edir ki, Albert 1959-cu ildə Ermənistanda anadan olub və özünü məşhur mafiya başçısı “Ded Xasan Umarovun” varisi sayır. 1978-ci ildə işləmək üçün Rusiya Federasiyasına göndərilib. Rusiyadakı erməni mərkəzi olan “Ararat” mehmanxanasında yaşayır. Erməni Diaspor təşkilatının sədri, iş adamı brilliant alverçisi Ara Abramyanın dostudur. Bakılı iş adamı Albert Mixayloviç haqqında isə irəlidə söhbət açacağıq. Hələlik Zürafə haqqında fikirlərimizi yekunlaşdıraq. Polkovnikin dediyinə görə Zürafəyə 2016-cı ildə həmin iş adamı tərəfindən Bakıdan 18 nəfər yaş həddi 20-23 olan qızlar gətirilib. Polkovnik bunu da dedi ki, hər il Zürafə fahişəxanasından və narkoticarət yuvalarından 420.000 ABŞ dolları götürülürmüş. Bunun da 380.000 dolları Zürafədə əxlaqsız fahişələrdən və narkoticarət yuvalarından müxtəlif yollarla qazanclar əldə edən Albertə məxsus olub.
Məlumata görə isə “Zürafə ərazisi”ndən azca aralı salınmış qəbiristanlıqda isə narkotik bəlasından və fahişəlik zamanı tutulan sağalmaz xəstəliklərdən ölən azərbaycanlı qızların qəbrləri var. Bütün bunlar ola bilsin bizimçün adi görünsün, lakin bunun həm siyasi, həm iqtisadi, həm də ciddi digər psixoloji səbəbləri var.
***
Mən istintaq materialları sırasında “Asala” erməni terror təşkilatına məxsus geyim dəstini müşahidə etdim. Başına üçkünc qara keşiş paltarı geyən erməni terrorçusu ilə hotelin qabağında həmyerlimiz Rövşən Lənkəranskini vuran şəxsin geyiminin eyni olduğunu, eləcə də “Albert sağ ol” ifadəsinin istintaq sənədlərində olduğunu da gördüm, həm də oxudum. Türk istintaqçıları xahiş etdilər ki, bu ifadəni heç yerdə işlətməyim və danışmayım. Mən tədqiqatçıyam. Rövşən Lənkəranski haqqında üçüncü kitabı bitirmişəm. Hansısa erməniyə görə bu kitabı yarımçıq saxlaya bilmərəm. İçimizdəki Albert Mixayloviçi, özünü “Ded Xasanın” varisi hesab edən Umarovu tanımaq vaxtı deyilmi?
Mən heç kəsi ittiham etmirəm. Belə fikrim də yoxdur. Xatırladım ki, Rövşən Lənkəranski təhlillər zamanı məlum oldu ki, 2016-cı il avqust ayının 15-də Azərbaycanlı “kriminal”, Azərbaycan-Rusiya, eləcə də Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında hələlik qapalı qalan layihələrdə iştirak edən Rövşən Lənkəranski Rus səfiri Andrey Karlova xəbərdarlıq mesajı da göndərmişdi: “Ehtiyatlı olun! Sizi öldürəcəklər...” Hətta səfir Lənkəranskiylə görüşməyi də planlaşdırıbmış. Amma bu görüş baş tutmayıb. Rusiyanın səfiri Azərbaycan- Rusiya münasibətlərində rol oynayan ən ləyaqətli diplomat olub. Ermənilər isə ona həmişə mane olublar. Amma bizim fikrimiz bu məsələ deyil. Bizim fikrimiz bütün bunların dairəsində gizlənən özgə adı ilə yaşayan (mən onu hələlik cinayətlərdə ittiham etmək istəmirəm. Bu mənim səlahiyyətim deyil) Albert Mixayloviç Umarov haqqındadır.
Məndə olan başqa bir məlumata görə isə “ bizim Albert” Bakıda vaxtı ilə 2010-2015-ci illərdə Göy Məsciddə Ded Xasanla təmasda olub. Çünki həmin illərdə onları müşayiət edən mən özüm olmuşam (mən hələlik heç kəsi heç bir cinayətdə ittiham etmirəm). Amma qarşımda böyük bir sual var. Albert Mixayloviç Umarov kimdir? Nə üçün Türkiyə istintaqçıları bu məsələni hələki gizlədirlər? Halbuki bu artıq məlumdur. O da məlumdur ki, Türkiyədə istintaqçılara bu adın təfsilatının açıqlanmaması üçün bir milyon dollar verilib. Kim verib? Nə üçün verib? Və yaxud, hər ay Zürafə narkoticarətindən götürülən 420.000 dollar indi kimlərə çatır?
Türklər deyir ki, Rövşən Lənkəranski bizim dincliyimiz, sabitliyimiz idi. O, İstanbulda olanda yerli əhali sakit və terrorsuz yaşayırdı. Türk polisi Mahmud İldırımın dediklərinə qayıdıram. O, deyirdi: “Siz sənədlərə baxın. Nə qədər ki, o adam yanımızda idi, terror hadisəsi baş vermirdi.”
Məlumata görə, 2012-ci ildə Azərbaycanın Fransadakı, Rumıniya və Bolqarıstandakı, 2013-cü ildə Türkiyə və Rusiyadakı, 2014-cü ildə İtaliyadakı, 2015-ci ildə Türkiyə və Qazaxıstandakı Diplomatik korpuslarımıza qarşı gözlənilən terror hücumlarının qarşısı onun vasitəsilə alınıb.
Yenə sual çıxdı. Albert Mixayloviç Umarov kimdir?
Amma mən hələ tədqiqatımı bitirməmişəm. Ardını gözləyin... Daha ciddi, daha ağrılı başımıza gələnlər var. Hamısında da Albertin izi görünür.
(Davamı var)
Rövşən Novruzoğlu,
Milli Təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq
ZAUR
P.S. Müəllifin yazısı bəzi korrektələrlə və kiçik ixtisarlarla verildi, çünki yazıda ciddi ittihamlar var. Müəllifin imzasına hörmətlə yanaşırıq, bununla belə, onun bizim gümanımızla, ittiham etdiyi şəxs və ya şəxslərin mövqeyini öyrənmək üçün neçə gündür çalışırıq, həmin şəxs və ya şəxslərə, onların nümayəndələrinə səsli və elektron mesajlar da göndərmişik. Həmin suallara cavabları dərc etməyə hazırıq.
Tezadlar.az