"Bizim marketlər" şəbəkəsinin sahibinın köhnə maşın bazarına nə dəxli
20-05-2015, 11:29
"Bizim marketlər" şəbəkəsinin sahibi, iş adamı Rasim Salmanovla bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Qeyd edək ki, adıçəkilən biznesmen həm də paytaxtın Babək prospektində yerləşən "8-ci kilometr köhnə maşın bazarı"nın sahibidir. Mətləbə keçməmişdən əvvəl xatırladaq ki, bu günlərdə mətbuat vasitələrində "Bizim market"lər şəbəkəsinin 3 mağazasının bağlandığı haqda məlumat yayılmışdı.
Bildirilirdi ki, mağazadan tədarükçülərə zəng edərək deyiblər ki, gəlib mallarınızı götürün. Məlumatda fəaliyyətini dayandıran mağazaların ünvanı da göstərilib. Bunlar Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal rayonu, Kənar dairəvi yolu və Nəsimi rayonu, Rəşid Behbudov küçəsində yerləşən "Bizim market"lərdir. Sahibkar özü isə cəmi bir ilə yaxın fəaliyyət göstərdikdən sonra mağazaların bağlanmasını devalvasiya və bazar dalğalanmasına tab gətirməməsi ilə izah edib. Bəzi mənbələr isə supermarketlərin bağlanmasını şəbəkənin sahibi olan Salmanov qardaşlarının arasında yaranan mübahisə ilə əlaqələndirib. Digər qaynaqlar "Bizim market"lər şəbəkəsinə aid mağazaların bağlanmasının səbəbini vergi problemləri ilə bağlayırlar. Yayılan məlumatlara görə, Vergilər Nazirliyinin əməkdaşları tərəfindən şəbəkəyə aid olan supermarketlərdə aparılan yoxlama zamanı külli miqdarda vergidən yayınma halı aşkarlanıb. Hətta bu rəqəmin 20 milyon manata yaxın olduğu bildirilir. Bunlar öz yerində. Redaksiyamıza daxil olan məlumatlarda Rasim Salmanova məxsus "maşın bazarı" kimi tanınan "Bakı Avtonəqliyyat-2" ASC ilə bağlı maraqlı məqamlar yer alır: "Cəmiyyətin səhmlərinin 98.7 faizi onun adınadır. İş adamı gözlənilmədən mayın 7-də "Bakı Avtonəqliyyat-2" ASC-nin səhmdarlarının ümumi iclasını keçirib. 2014-cü ilin maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatını təqdim edib, ardınca isə müəssisənin fəaliyyətini dayandıracağını bəyan edib. Bildirib, ki, "Bakı "Avtonəqliyyat-2"? ASC-nin (maşın bazarının yerləşdiyi-red) 4.5 ha torpaq sahəsi dövlət tərəfindən hərracda başqa bir şəxsə satılıb. "Torpaq başqa bir şəxsindir, nə mən sahibiyəm, nə də siz. "Bakı Avtonəqliyyat-2" ASC-nin 4.5 ha torpağı başqa bir şəxsə məxsusdur. Amma siz də, mən də burdakı əmlakın sahibiyik. Mən 98.7 faizin sahibiyəm, siz də 1.3 faizin. Bu söz-söhbətləri qurtarmaq üçün belə qərara gəldik ki, sizə ayrıca bir yolu olan, Babək prospektindən gəlib çıxa biləcəyiniz bir əmlak verək. Biz Əmlak Komitəsinə müraciət edəcəyik. Onlar gəlib ayırıb sizə verəcəklər. Sonra "Bakı Avtonəqliyyat-2" fəaliyyətini dayandıracaq, iclaslarımız da olmayacaq. Onda siz biləcəksiniz ki, əmlakınız nədir və nəyin yiyəsisiniz. İndi oturmusunuz qızılın üstündə, deyirsiniz ki, buranın hamısı mənimdir. Elə deyil", deyə Rasim müəllim iclas zamanı vurğulayıb. O, 2001-ci ildən özəlləşən ASC-ni niyə indi bölmək və ardınca da fəaliyyətini dayandırmaq qərarı aldığını isə açıqlamayıb". Məlumatda o da deyilir ki, iclas zamanı ASC-nin mühasibi tərəfindən minoritarlara təqdim olunan sənəddə ötən il maşın bazarının gəlirinin 21 920 manat, xərcinin isə 38992 manat olduğu, təsərrüfatın ili 17072 manat zərərlə başa vurduğu göstərilib: "Əvvəlki illərdə də oxşar hesabatlar təqdim olunub. Səhmdarların dediklərinə görə, 2001-ci ildən özəlləşən müəssisədən 14 il ərzində 1 qəpik də dividend götürməyiblər. Maşın bazarının ərazisindəki mağazaların neçəyə icarəyə verildiyini, burdan yığılan gündəlik və aylıq haqları nəzərə aldıqda, büdcədən və səhmdarlardan milyonların gizlədildiyi ortaya çıxır. Dükan sahiblərindən 30-40 kv.m. yer üçün ayda 3 min manat icarə haqqı alınır. Burada il ərzində milyonlarla pul qazanılır və mənimsənilir. Dövlətə, səhmdarlara ziyan vurulur". Bizə çatan informasiyaya görə, "Bakı Avtonəqliyyat-2" ASC-yə məxsus torpaq sahəsinin satılması zamanı böyük nöqsanlara yol verilib. Belə ki, torpaq sahəsi səhmdarlardan xəbərsiz satılıb: "Səhmdarlara deyiblər ki, artıq torpaq bizim deyil, cəmiyyət burada yerləşdiyinə görə icarə haqqı verməliyik, yoxsa bizi çıxardırlar. Cəmiyyətin 2 hektar torpağını guya hərraca çıxarıb satıblar. Əslində saxta oyunlar qurublar, səhmdarların xəbəri olmadan torpağı mənimsəyiblər. Soruşan lazımdır, ay Rasim müəllim, sizin xəbəriniz olmadan 98.7 faizinə sahib olduğunuz müəssisənizin torpağını kim və necə sata bilər? Səhmdarlardan qurtulmaq üçün onlara deyirlər ki, bizim burada mülkiyyətimiz və hüququmuz yoxdur, havada qalmışıq. Cəmiyyətin təkcə torpağı vardı, onu da səhmdarların əlindən çıxarıblar. Müəssisənin mülkiyyətçisi səhmdarlardır, torpaq ilk onlara təklif olunmalı idi. Lakin adətən torpağı səhmdar olmayan kənar bir adama satırlar. Mülki Məcəlləyə görə səhmdar cəmiyyətin mülkiyyəti səhmdarların ümumi mülkiyyətidir. Adicə bir evi satanda orada qeydiyyatda olanların hamısının razılığı notariusda imzası ilə təsdiqlənir. Bu boyda cəmiyyətin torpağını hərraca çıxarıb satırlar, qanuni mülkiyyətçilərdən bir soruşan yoxdur ki, razısınız, ya yox?". Göründüyü kimi, ASC-yə məxsus torpaq sahəsinin hərraca çıxarılması əvvəlcədən düşünülən oyunun ssenarisi olub. Yəni əslində torpaq sahəsi formal şəkildə hərraca çıxarılıb. "Köhnə maşın bazarı"nın yerləşdiyi ərazi həmin "hərracla" bütövlükdə iş adamı Rasim Salmanovun nəzarətinə keçib. Qeyd edək ki, bu şəxsin biznes şəbəkəsinə "Bizim market" mağazalar şəbəkəsi ilə yanaşı, "Zövq İnşaat" tikinti şirkəti, "Zövq İnşaat" plastik qapı-pəncərə sexi, "Bakı", "San Remo" və "Nilufər" şadlıq sarayları, Babək prospektində yerləşən "Audi Bakı Mərkəzi"nin, "Cadillac Bakı Mərkəzi"nin binaları və "Kilim mebel" salonu daxildir. \\ gundelik-baku.com \\
Qarşı tərəfi də dinləyə bilərik.