Mahir Aslanovdan faciəyə biganəlik: Deputatın başı başçı qohumu ilə biznesə qarışıb
20-05-2015, 22:20
Deputat Mahir Aslanov parlamentdə daha çox passivliyi ilə seçilir.
Bu səbəbdən həm seçiciləri, həm də həmkarları onun fəaliyyətindən razı deyil. Məlumata görə, deputatın başı biznesə qarışıb. Hətta 15 insanın tələfatına səbəb olan yanğınla bağlı bir mövqeyi də olmadı. Digər deputatlar, nazir və müavinləri hadisə yerinə gəlib, açıqlama verib. M.Aslanov isə kommersiya işlərinə görə xalqın faciəsini unudub. Onun qohum-əqrəbasının da vəzifələrdə yerləşməsi göstərir ki, deputatlıqdan daha çox, biznes imperiyasını genişləndirmək fikrindədir. Təsadüfi deyil ki, əmisi oğlu Natiq Aslanov Naftalanın icra başçısıdır. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda sayı-hesabı bilinməyən işlərə imza atıb. Onun rayonun ərazisində bir neçə iri ticarət obyekti və mülkü var.
O, “Kəpəz Group”un sahibi kimi tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəyə nüfuz etməyi bacarıb. “Kəpəz Group” 1992-ci ildə fəaliyyətə başlayıb. “Kəpəz” tikinti, mebel (istehsalı və daşınması), daşıma, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, BƏƏ, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Digər tərəfdən, “Kəpəz” otel, “Happy İnn” otellər şəbəkəsinin də ona məxsus olması barədə məlumatlar yer almaqdadır.
tia.az