"Parabank" ASC müştərilərin başına nə oyunlar açır - Şikayət
22-05-2015, 16:50
Heç kimə sirr deyil ki, bu gün ölkədə fəaliyyət göstərən bankların bir qismi müxtəlif yollarla müştərilərinə kələk gəlir, onların əlavə xərcə düşmələrinə şərait yaradırlar. Bu cür banklardan biri də "Parabank" ASC-dir. Əldə etdiyimiz bilgilərə görə, adıçəkilən bankın S.Vurğun küçəsi 60 ünvanında yerləşən baş ofisində bu cür hallara tez-tez rast gəlinir. Bu işlərə isə filialın Nicat Baxşəliyev adlı əməkdaşı rəhbərlik edir.
Bu arada, son günlər "Parabank" ASC-də hesabdan pul götürməyin müşkülə çevrildiyini iddia edən məlumatlı şəxsin sözlərinə görə, pul çıxarmaq üçün ən azı 1 həftə öncə sifariş verilməlidir: "Halbuki digər banklarda hesabdan pul çıxarmaq üçün sifarişə ehtiyac yoxdur. Yəni müştəri istirahət və bayram günlərindən başqa istənilən vaxt heç bir problemlə üzləşmədən pulunu götürə bilər. Deyilənlərə görə, "Parabank"ın fəaliyyətində nəzərə çarpan digər bir neqativ hal isə vətəndaşların girovlarının su qiymətinə əldən çıxması üçün qurulan mexanizmdir. Ki, bu proses zamanı vətəndaşlara külli miqdarda ziyan dəyir, bank isə asan yolla əlavə qazanc əldə edir. Müvafiq qaydalara görə, bankda girov qoyulan əmlakın hərracda satılan qiyməti müştəriyə məktubla göndərilməlidir. Bu isə edilmədiyindən bank öz işini asan şəkildə həyata keçirir. Çünki reallıqda heç bir avtomobil və ya mülk hərracda satılmır. Avtomobillər bazarda satılır, hərracdan isə filan əmlakın, filan qiymətə satılması haqqında sənəd verilməsi xahiş edilir. Onu da qeyd edim ki, hansısa müştəri əldən çıxan əmlakının neçəyə satıldığını bilib buna etiraz etdikdə bankın operativliyi dərhal işə düşür və həmin şəxsə borclarının tam bağlanması barədə arayış verilir".
Bütün bunların "Parabank" ASC-də baş verən neqativ halların yalnız üzdə olan hissəsi olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, adıçəkilən bankın İdarə Heyətinin sədri Vəli Quliyevi müştəriləri və işçiləri çıraqla axtarır: "Belə ki, manatın devalvasiyasından sonra müştərilər "Parabank"la aralarında yaranmış problemi rəhbərliklə həll etməyə çalışsalar da, günlərlə qapılarda qalıblar. Bankın mərkəzi ofisinə yaxınlaşan müştərilər İdarə Heyətinin sədrini yerində tapa bilmirlər. Onlara bildirirlər ki, Vəli Quliyev işə gəlmir. Deyilənlərə görə, "Parabank" ASC-nin rəhbərliyi kef məclislərini, istirahəti çox sevir. Onun sosial şəbəkələrdəki profilində yerləşdirdiyi şəkillərindən görünür ki, Vəli Quliyev istirahətə meyilli birisidir. Belə qənaətə gəlmək olar ki, bankın İdarə Heyətinin sədrinin müştərilərə, həmçinin tabeçiliyində çalışan şəxslərə laqeyd münasibət göstərməsi tamam başqa mətləblərdən xəbər verir. Müştərilərin ödədiyi yüksək faizli kreditlərin hesabına Vəli Quliyev kef çəkir, hələ bu azmış kimi insanlara sayğısız yanaşır". Vəli Quliyevin "Parabank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə atası Eldar Quliyev tərəfindən təyin olunduğunu deyən mənbənin iddiasına görə, Eldar Quliyev adıçəkilən bankın Müşahidə Şurasının üzvüdür: "Qeyd edim ki, Vəli Quliyev 2001-2005-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. Əmək fəaliyyətinə 2001-ci ildə "Parabank"da mühasib vəzifəsində başlayıb. 2005-ci ildə "Parabank"da departament müdiri vəzifəsində çalışıb. 24.09.2007-ci il tarixdən etibarən "Parabank" ASC-nin İdarə Heyətinin sədridir. Gördüyünüz kimi, bu şəxs cəmi 6 il ərzində sadə mühasib postundan bankın İdarə Heyətinin sədri vəzifəsinə yüksəldilib. Bu işdə ona atası Eldar Quliyevin misilsiz yardımı toxunub. Deyilənlərə görə, bu gün Vəli Quliyevin fəaliyyətindən nə müştərilər, nə də bankın əməkdaşları razıdır. Çünki o, hələ də böyük bir kollektivə rəhbərlik etdiyinin, minlərlə müştərilərlə işləməsinin fərqində deyil. Əgər belə olmasaydı, o zaman o, işinə daha məsuliyyətlə yanaşardı".
Məlumatlı şəxsin verdiyi informasiyada o da qeyd olunur ki, "Parabank" ASC tərəfindən kreditlərin verilməsi zamanı müştərilərdən tələb edilən "şapka" kreditin onsuz da az olmayan faizinin daha da yüksəlməsinə səbəb olur: "Məsələn, müştəri "Parabank"dan illik 26 faizlə 10 min manat kredit götürür. Kredit verilərkən vəsaitin ən azı 1000-1500 manatı ondan "şapka" şəklində alınır. Bu isə bank faizinin faktiki olaraq 35-40 faizə yüksəlməsinə səbəb olur. Sadə hesablama apardıqda aydın olur ki, 10 min manat 1 il müddətinə 26 faizlə götürülübsə, müştəri əsas borcla banka 12600 manat qaytarmalıdır. Lakin kredit ödənişləri hər ay həyata keçirildiyindən faiz borcu 18-20 faizə enir. Çünki hər ay ödəniş etdikcə əsas borcun məbləği azalır, bu da faiz borclarının azalmasına səbəb olur. Ona görə də illik faiz borcu 18-20 faiz arasında olur. Bank əməkdaşları buna işlək faiz dərəcəsi deyirlər. Ancaq bu müştəri son nəticədə "Parabank"a 13500 manat, yəni əsas borc 10000 + faiz borcu 2000 + "şapka" 1500) ödəyirlər. Beləliklə, illik faiz 35-ə çatır. Bu isə öz növbəsində müştərinin krediti ödəməsində ciddi çətinlik yaradır. Lakin bu, "Parabank"ın İdarə Heyətinin sədrini zərrə qədər də maraqlandırmır. Çünki Vəli Quliyevin məqsədi daha çox gəlir əldə etməkdir. Bu səbəbdən də bankın Nicat Baxşəliyev kimi əməkdaşları bir sıra "təşəbbüs"lərə baş vururlar…"