Nizami rayon polis rəisinin gözü qarşısında qumarxanalar fəaliyyətdədir

22-05-2015, 17:27           
Nizami rayon polis rəisinin gözü qarşısında qumarxanalar fəaliyyətdədir
Bakının müxtəlif rayonlarında kafe və çayxana adı altında qanunsuz fəaliyyət göstərən totalizator və digər qumarxanalar barədə materiallar dərc etmişik. Məlum olduğu kimi bu tip obyektlərdə futbol və digər idman oyunları ərəfəsində vətəndaşlar tərəfindən proqnoz verilərək pul qoyuluşları həyata keçirilir. Bəzi hallarda isə obyekt sahibləri bununla da kifayətlənməyərək müxtəlif kompüter proqramları vasitəsilə əsil qumar oyunlarını da təşkil edirlər. Dərc olunan materiallarda biz xüsusilə belə bir məqamı vurğulamışdıq ki, əvvələr aşkar olunmuş bir sıra qanunsuz totalizatorların sahiblərinə qarşı cinayət işləri başlansa da onların yerini tez bir zamanda yeniləri tuturlar. Belə təəssürat yaranır ki, aşkar olunan qumarxanaların sahibi kimi məsuliyyətə cəlb edilən şəxslər əslində heç də bu işin başında duran adamlar deyillər. Digər tərəfdən də Bakıda və Sumqayıtda fəaliyyət göstərən bu totalizatorların əslində bir şəbəkə təşkil etdiklərinə dair də əsaslı ehtimallar var. Aparılan araşdırmalar göstərir ki, bu totalizatorların əksəriyyəti eyni fəaliyyət sxeminə riayət edirlər. Belə ki, bu obyektlərdə müştərilərə təqdim olunan oyunlar, futbol yarışlarının nəticələrinə dair təklif edilən mərc əmsalları, hətta obyektlərin yerləşdiyi otaqların təmir üslubu da eyni olur. Bundan başqa isə bu obyektlərin bir çoxunda eyni internet broker saytlarına qeydiyyat, eləcə də balansa pul qoyuluşu və uduşların verilməsi həyata keçirilir. Məhz bütün bu eyniliklər sözügedən totalizatorların bir mərkəzdən idarə olunmasına dair şübhələr yaradır. Redaksiyamıza yeni daxil olmuş məlumatlarda isə belə obyektlərdən daha ikisinin paytaxtın Nizami rayonu ərazisində fəaliyyət göstərdiyi bildirilir. Mənbə bildirir ki, bu obyektlərdən biri Q.Qarayev prospekti 27 ünvanında (metronun “Q.Qarayev” stansiyasının yaxınlığında), aptekin altında olan zirzəmidə yerləşmişdir. Bu obyekt rəsmi sənədlərə görə “çay evi” kimi qeydiyyatdan keçsə də, onun əsas fəaliyyət sahəsi məhz futbol totalizatoru və qumar oyunlarının təşkilidir. Digər totalizator isə rayonun R.Rüstəmov küçəsi 13 ünvanında, “Xəzər” universitetinin yaxınlığında yerləşir. Birinci obyekti işlədən şəxsin kimliyinə dair hələlik daha ətraflı məlumat əldə edə bilməsək də, mənbə Rüstəmov küçəsindəki totalizatorun Pərviz adlı bir nəfər tərəfindən idarə olunduğunu xəbər verib. Maraqlıdır ki, xüsusən Q.Qarayev prospektində yerləşən “çay evi”nin fəaliyyəti bu binanın sakinlərini də son dərəcə narahat edir. Bu səbəbdən sakinlər dəfələrlə müvafiq instansiyalara, o cümlədən Nizami Rayon Polis İdarəsinə “çay evi”nin fəaliyyəti ilə bağlı şikayətlər də ediblər. Lakin polis idarəsindən sakinlərə bildirilib ki, onların bu obyektin sahiblərinə “gücləri yetmir”. Başa düşmək olmur, yəni Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov bu qədər zəif bir səlahiyyət sahibidir ki, onun əməkdaşları hansısa bir “çay evi”ndə törədilən qanunsuzluqların qarşısını ala bilmirlər? Bəs onda görəsən asayişin qorunması və qanunçuluğun təmin olunması yönümündə belə acizlik nümayiş etdirən bu polis idarəsinin əməkdaşlarına dövlət büdcəsindən ayrılan məvacib nə ilə əsaslandırılır? Etiraf etmək lazımdır ki, bu gün Azərbaycanda qanunsuz totalizator və qumarxanalara qarşı həqiqətən də dövlət tərəfindən real mübarizə tədbirləri həyata keçirilir. Bununla belə bəzən bu təzahürlərin arxasında duran qüvvələrin hətta dövlət təpgisinə qarşı belə duruş gətirə bildiklərinin də şahidi oluruq. Ötən materiallarda biz belə bir fikri də dəfələrlə xüsusi vurğulamışıq ki, istənilən ictimai-iaşə obyekti yerləşdiyi rayonun müvafiq polis orqanlarının tam nəzarətində fəaliyyət göstərir. Deməli, əksər hallarda qeyri-qanuni totalizator və qumarxanalara da məhz həmin rayonun vəzifəli polis məmurlarının himayədarlıq etdiklərini düşünmək məntiqə uyğundur.
Tumar












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.