"“Kəpəz Group” mənim oğlum Ramala məxsus mebel mağazasıdır" - deputat
23-05-2015, 10:39
Bu günlərdə KİV-də 96 saylı Goranboy və Naftalan seçki dairəsindən deputat seçilən Milli Məclisin üzvü Mahir Aslanovun “sahibkarlıq” fəaliyyəti barədə məqalə dərc olunmuşdu.
Müəllifin bildirdiyinə görə, “Kəpəz Group” şirkətinin sahibi olan deputat mebel və tikinti biznesi ilə məşğul olur.
Yazılardan bəlli olur ki, Mahir Aslanov Naftalan rayonu ərazisində böyük ticarət obyektlərinə və mülklərə sahibdir.
Məqalədə Bakı şəhəri, Abbas Səhhət küçəsində yerləşən “Happy İnn” otelinin deputata məxsus olduğu qeyd olunur.
Məqalədən bəlli olur ki, deputatın oğlu Məhəmmədəli Aslanov “Bank of Azerbaijan”ın İH-nin sədridir. Deputatın özünün isə “Milyarderlər İttifaqı”nın Rusiyada yaşayan üzvləri ilə sıx əlaqədə olduğu və Abbas Abbasovla biznes ortaqlığı qeyd olunur.
Məqalədə Milli Məclis üzvlərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasının qadağan olunduğu da xatırladılır.
Mahir Aslanov Qafqaz Xəbər Agentliyinə (qafqaznews.org) açıqlamasında yazılanları təkzib edib: “Kəpəz Group” adlı şirkət mövcud deyil. “Kəpəz Group” mənim oğlum Ramala məxsus mebel mağazasıdır. “Happy İnn” oteli isə 2013-cü ildə bağlanıb. Həm də oğlum bankın İH sədrinin müavinliyindən istefa verib”.
Deputat onu da bildirib ki, Naftalanda heç bir ticarət obyektinə, böyük mülkə sahib deyil: “Abbas Abbasovla isə mənim hətta tanışlığım yoxdur”.