Yevlax postunda "nəzir" yığımı və “sizin də vaxtınıza az qalıb” eyhamı
26-05-2015, 10:13
Redaksiyamıza müraciət edən sürücü Abbas İsgəndərov Dövlət Yol Polisinin Yevlax postunda üzləşdiyi özbaşınalıqdan şikayətçidir. Narazı vətəndaş DİA.AZ-a yazısında maraqlı iddialarda bulunub. Onun məktubunu olduğu kimi təqdim edirik:
“21.05.2015-ci il tarixdə mən və bir neçə yük avtomobili idarə etdiyimiz “Kamaz” markalı yük avtomaşınları ilə Bakı şəhərinə yük aparırdıq. Həmin vaxt Yevlax rayonu ərazisində yerləşən DYR- postunda bizi polis serjantı Rafiq Yaqubov saxladı. Həmişəki kimi biz onun “nəzir”-ıni yəni hər yük maşını üçün nəzərdə tutulmuş 10 AZN pulumuzu verib keçdik.
23.05.2015-ci il tarixdə Qaradağdan yüklədiyimiz mişar daşı ilə Tovuz istiqamətində hərəkətdə olarkən yenə də həmin Yevlax postunda növbədə olan polis serjantı Rafiq Yaqubov bizi saxladı.
Həmişə olduğu kimi biz 3 avtomaşın olaraq haqqımızı ona verərkən o mənimlə yol yoldaşları olan 2 avtomaşının hərəsindən 10 manat aldı, mənim pulumu isə qəbul etmədi. Mən səbəbini soruşduqda o əsəbiləşərək kefim belə istəyir, yaxşı edirəm. Mən isə ona dedim ki, mən 10 ildir bu yollarda yük daşıyıram, indiyədək mənimlə belə rəftar edən olmayıb, 2 gün əvvəl yəni 21.05.2015-ci il tarixdə mən bu avtomaşınla Bakı şəhərinə yük apararkən şəxsən sənə 10 manat vermişəm, sən isə məni buraxmısan. Yenə də o əsəbiləşərək üstümə qışqıraraq söylədi ki, həmin vaxt almışam indi isə almıram, kefim belə istəyir, yaxşı edirəm, lazım gəlsə səni bu dəqiqə dama da basdıraram. Mən burada işlədiyim müddətdə səni qoymayacağam buradan keçəsən. Mən sənədlərimi ona təqdim etdim, o mənim Tovuz rayonunun Qovlar şəhərindən olduğumu bildikdə daha da əsəbiləşərək mənə 150 manat cərimə yazaraq, eyhamla “sizin də vaxtınıza az qalıb” yaxın vaxtlarda sizlərdən qurtaracağıq. Onun nə demək istədiyini biz başa düşmədik, bilmədik ki, o nə demək istəyir. Orada saxlanılmış “mersedes” markalı avtomobilin sürücüsü ağsaqqal kişı bizə bildirdi ki, o DYP-idarəsinin rəisi general cənab R.Zeynalovun yaxın vaxtlarda vəzifədən gedəcəyinə işarə vururdu.
Onu da qeyd edim ki, biz 15 ildir ki bu avtomaşınlarla yük daşıyırıq və Yevlax DYP-postundan keçirik. Bu müddət ərzində sürücülərlə belə kobud rəftar edən məmura rast gəlməmişik. Elə bir gün olmaz ki, o kiminləsə dalaşmasın. Bunu həmin yoldan istifadə edən bütün sürücülər təsdiq edə bilər”.
Qarşı tərəfi də dinləməyə hazırıq...