SMS ləğv edilir: "Gmail" təhlükəsizlik üçün inqilabi yeniliyə gedir

26-02-2025, 11:29           
SMS ləğv edilir: "Gmail" təhlükəsizlik üçün inqilabi yeniliyə gedir
"Google" şirkəti "Gmail"də iki faktorlu autentifikasiya üçün SMS kodlarından istifadəni dayandıracaq.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Engadget" məlumat yayıb.

Bildirilir ki, bunun əvəzinə "Google" istifadəçilərinin təhlükəsizliyini artırmaq məqsədilə QR kodlara keçid edir.

Qeyd edək ki, telefon nömrəsinə SMS vasitəsilə təsdiq kodunun göndərilməsi "Gmail"də uzun müddət standart seçim olub. Lakin "Google"un ekspertlərinin qeyd etdiyinə görə, bu sistem SMS-lərdən geniş yayılmış sui-istifadə ilə əlaqədar çox zəifləyib.

Yeni sistem istifadəçinin smartfonu ilə skan etməli olduğu QR kodun yaradılmasını nəzərdə tutur. Bu, fırıldaqçıların SMS mesajlarını ələ keçirməsi, istifadəçinin telefon nömrəsinə giriş əldə etməsi və ya "trafik-pampinq" üsulları ilə qazanc əldə etməsi ilə bağlı risklərin qarşısını alacaq.

QR kodların istifadəsi də smartfon tələb etməyinə baxmayaraq, bu texnologiya SMS autentifikasiyası ilə müqayisədə təhlükəsizliyi xeyli artırır.

"Google" vurğulayır ki, istifadəçilərin yoxlanılması və spamın qarşısının alınması üçün göndərilən SMS mesajlarının həcmi bu sistemi sui-istifadələrə qarşı həssas edir.

Uzunmüddətli perspektivdə "Google" parollardan tamamilə imtina edərək "passkeys" sisteminə keçməyi planlaşdırır, lakin onların tətbiqi hələlik yavaş gedir. QR kodlara keçid avtorizasiya prosesinin təhlükəsizliyini artırmaq üçün nəzərdə tutulan aralıq mərhələdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru