"Google"a qarşı kiberhücum - Müştəri məlumatları oğurlandı
Bu gün, 10:24
“Google”un kiçik və orta bizneslərlə bağlı əlaqə məlumatlarını saxladığı "Salesforce" bazalarından biri "ShinyHunters" (UNC6040) adlı haker qrupu tərəfindən sındırılıb.
Valyuta.az xəbər verir ki, "Google" bəzi müştərilərinin məlumatlarının oğurlandığını təsdiqləyib.
"Google"un Təhlükə Kəşfiyyatı Qrupu bildirib ki, oğurlanan məlumatlar əsasən ictimaiyyətə açıq biznes adları və əlaqə vasitələrindən ibarətdir. Hücum nəticəsində neçə nəfərin təsirləndiyi açıqlanmayıb.
Hakerlər bu məlumatları yaymaq üçün xüsusi sızdırma saytı hazırlayır. Qrupun "The Com" adlı daha geniş kiberkriminal şəbəkə ilə əlaqəli olduğu ehtimal edilir. Son dövrlərdə "Cisco", "Qantas" və "Pandora" kimi şirkətlər də "Salesforce" platforması üzərindən oxşar hücumlara məruz qalıb.